“Qul əməyi”ndən bəhrələnənlər cəzalandırılır

Sahib Məmmədov: “Son illər Azərbaycana ucuz işçi qüvvəsi çox cəlb olunur”



Bakıda insanları zorla öz təsərrüfatında işlədən şəxslər müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən əldə etdiyimiz xəbərə görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə "Şərq”ə açıqlamasında Azərbaycanda bu cür hadisələrin o qədər də kütləvi hal almadığını vurğulayıb. Azadlığın məhdudlaşdırılmasının birbaşa insan alveri elementi olduğunu vurğulayan hüquq müdafiəçisi deyib ki, insanların qul kimi işlədilməsi halları iki cür xarakterizə olunur: "Əgər söhbət azadlığın məhdudlaşdırılmasından gedirsə, baş verən məcburi əmək artıq cinayət əməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2. maddəsi ilə bununla bağlı cinayət işi başlanmalıdır, əgər bunun əlamətləri varsa, insan alverinin də formaları var. Seksual istismar, orqan transplantasiyası. Bir növü də əməyin istismarı, məcburi əməkdir. Həm də azadlığın məhdudlaşdırılması ilə baş verirsə, burada insan alverinin elementləri iştirak edir”.

S.Məmmədovun sözlərinə görə, işçi ilə müqavilənin bağlanmaması isə əməyin istismarı, yəni məcburi əmək hesab edilir: "Adətən belə hallar xarici ölkələrə iş ardınca gedən azərbaycanlıların da başına gəlir. Seksual istismara da məruz qalırlar, məcburi əməyə cəlbetmə də olur. Buna görə isə həmin şəxslər inzibati məsuliyyət daşıyır. Əgər məcburi əmək varsa və cinayət tərkibi yoxdursa, Dövlət Əmək Müfəttişliyi araşdırma aparır. İnzibati cərimə tətbiq oluna bilər, həmin şəxslərə isə kompensasiya ödənə bilər və s. Ümumiyyətlə, son illər Azərbaycana ucuz işçi qüvvəsi çox cəlb olunur. Vaxtilə hətta dövlət investisiya proqramlarında iştirak edən şirkətlər də bu metodlardan istifadə ediblər. Azadlığın məhdudlaşdırılması ilə müqayisədə bu cür xoşagəlməz hallar geniş yayılıb”.

"Qul əməyi”ndən bu cür istifadənin xarici ölkələrdə də geniş yayıldığını vurğulayan hüquq müdafiəçisi deyib ki, narkomaniya, silah və insan alveri üçlüyü bəşəriyyətin ciddi bəlalarından sayılır. Məqsəd isə başqalarının əməyini istismar etməklə gəlir əldə etməkdir: "Hansı ki bu insanların bəzən əməyi istismar olunur. Bəzən seksual istismar edir, orqanlarını transplantasiya edir, ya da "surroqat ana” kimi istifadə edirlər”.

Şəymən