Qulğuna həyatı və ya... yaxşı ki, Əvəz olmadım

Ayyət Əhməd
Ötən gün 96 saylı sərnişin avtobusundan yenə istifadə etməli oldum. Yenicə ayaq üstə özümə yer eləmişdim ki, iki ağbirçək qadın arasında xoşagəlməz dialoq yaşandı. Bu söz deyişməsi bir az keçməmiş əsl savaşa çevirildi. Ömürlərinin ahıl çağında bir azyaşlı uşağın üstündə az qala saçyolduya çıxacaqdılar. Yaxşı ki, sərnişinlər buna imkan vermədi. Deməli, «ASAN xidmət»in Yasamal filialının qabağında marşruta bir ağbirçək xanım və azyaşlı nəvəsi mindi. Nənə, çöhrəsindən nuranilik yağan başqa ağbirçəyin yanında özünə yer eləsə də, nəvəsi üçün yer tapılmadı...Balacanı  dizlərinin üstündə oturtmaq istəyəndə, uşaq səndirlədi.. Uşağın büdrəməsi nənəni yamanca aqressivləşdirdi və o, dərhal sərt reaksiya verdi...
- Ay arvad, imkan versən uşaq burda otura, ... nə bərk-bərk yapışmısan? - uşağın nənəsi yanındakı üz-gözündən nur yağan ağbirçəyin üstünə qışqırdı.
- Bacı, bilmədim, düşündüm ki, uşaqdı, yəqin dizlərinin üstündə otuzdurarsan - qarşı tərəf alçaq səslə cavab verdi.
- Görmürsən, az qalsın uşaq yıxılıb üz-gözü çapılacaqdu? - uşağın nənəsi səs tonunu bir az da yüksəltdi.
- Şükür edək ki, nə uşaq yıxıldı, nə də üz-gözü çapıldı - nurani nənə əlini Allaha açıb dua etdi...
- Özlərini 4-cü, 5-ci mərtəbədən atan uşaqlar elə sənin kimilərin nəvələridir də. Uşaqlara nəzarət edə bilmirsiz - nənə qəzəbdən bərəlmiş gözlərini qarşı tərəfin gözlərinə dikir...
- Ay bacı, sən əməlli-başlı dava axtarırsan, məndə isə o hal yoxdur - nurani nənə ən böyük günah işlətmiş kimi başını aşağı dikib, sakitcə dilləndi.
- Buna bax hələ, cavab da verür mənə. Utanmır hərəkətindən - əsəbindən yanaqları pörtmüş nənə həmyaşıdını təhqir edir.
- Gəlsin nəvən otursun burda. Biz qələt elədik. 68 yaşında ağbirçəyi yerindən qaldırıb, 5 yaşlı uşağı otuzdurursan. Amma bu uşağı belə böyütmə. Sabah böyüyüb, başına oyun açacaq. Səni heç saymayacaq da - mülayim nənə digər sakinlərin xahişi ilə durub, başqa yerdə əyləşdi. 
Bundan sonra əsəbi nənə açıq-aşkar təhqirə keçsə də, qarşı tərəfin dilindən inkar da çıxmadı. Yəni "danışmaq gümüşdürsə, susmaq qızıldır" kəlamını xatırladıb, həmyaşıdının cavabını susmaqla verdi. Mənsə, mübahisə zamanı tərəflərin cavablarına, yanaşmalarına diqqətlə qulaq asıb, müşahidələr aparırdım. Dialoqu beynimdə canlandırıb, ətrafında var-gəl edib, haqq axtarışına çıxmışdım. Çöhrəsindən nur tökülən ağbirçəyin "bu uşağı belə böyütmə, sabah başına oyun açacaq. Səni heç saymayacaq da" fikirləri məni silkələdi. Daha doğrusu, uşaqlığımda yaşadığım qəribə bir əhvalatı yadıma saldı. Və həmin əhvalatın indiki nəticələrinə nəzərə salıb, beynimdə var-gəl elədiyim sualın cavabını tapdım...
Mənim uşaqlığım belə keçmişdi:
Haradasa, 6-7-ci sinifdə oxuyardım. Yay tətili idi. Məhəlləmizdəki həmyaşıdlarımın demək olar ki, hamısının velosipedi vardı. Mən də valideynlərimə aldırmaq istəyirdim. Hətta velosiped almadığına görə, atamı da bir neçə gün danışdırmadım. Küsmüşdüm. Atam isə hər dəfə soyuqqanlı şəkildə "a bala alaram, gedib kiminsə maşınının altına düşərsən, qoy oturduğumuz yerdə oturaq" bəhanəsini dilə gətirərək, get idmanını elə, kitabını oxu" deyirdi. Mənsə hər dəfə mızıldanaraq "sən velosipedi al, narahat olma, düşmərəm" cavabını verirdim. Qısası, atam hər dəfə bir bəhanə ilə velosipedi almırdı. Amma hər küçəyə çıxanda uşaqların yanımdan velosipedlə keçməsini gördükcə, sanki özümü qatarından geri qalmış yaralı bala durna kimi hiss edirdim. Düşündüm ki, qoy velosiped sürməyi öyrənim və atama deyim ki, daha öyrənmişəm. Bəlkə onda alar. Elə ona görə də, məhəllə uşaqlarımdan Əvəz (ona Qulğuna - söz aparıb-söz gətirən deyirdilər) adlı bir uşaqdan velosipedini istədim.
- Velosipedini verərsənmi, mən də sürüb öyrənim? - soruşdum.
- Verərəm, amma şərtim var - Əvəz cavab verdi.
- Nədir şərtin? - sual verdim...
- Velosipedi verəcəm və bax, o təpədən (Civaroğlu Məhəmmədin evinin qabağından Şirəli kişinin döngəsinə qədər) bura qədər sürəcəksən, velosipedi neçə dəfə döndərsən, kürəyinin arasına bir o qədər təpik vuracam - dedi.
- Yaxşı - istəyimə "təp" deyə bilməyib, şərti ilə razılaşdım. Və velosipedi götürüb ikimiz də dikə qalxdıq. Elə velosipedə yenicə minmişdim ki, yıxıldım. Axı birinci dəfədir velosipedə minirəm. Qulğuna isə öz işindədir… İçin-için gülüb, yıxılmağımı sayır. Sonra da bir neçə dəfə cəhd elədim və heç birində də istəyimə nail olmadım. Əlqərəz, azı 10 dəfə yıxıldım.
- Gəl bura, 10 dəfə kürəyinə təpik vuracam - Əvəz bığ yerinin tərini silib, mırışa-mırışa üstümə gəldi...
- Gəl vur - əsəbi halda dilləndim.
Bir şey olsa, mənlik deyil - Qulğuna rişxənd edə-edə nazik səsi ilə qəhqəhə çəkdi.
Mən isə Əvəzin qarşısında əlləri qandallı əsir yəhudilərin Hitlerin qabağında çarəsiz və boynubükük şəkildə dayandığı kimi durdum. Əvəz də elə Hitler kimi çox amansız idi. Onun nazik, qara qılçalarından açılan zərbələr kürəyimi iynə kimi deşirdi. Az qalsın nəfəsim kəsilirdi. Elə 4-5 təpik yemişdim ki, dizlərim sözümə baxmayıb yerə çökdü. Əvəz isə hələ də qara qırışmal sifətini turşudaraq təpikləməyə davam edirdi. Açığı, bilirdim onu rahat yıxıb əzişdirə bilərəm. Amma şərti poza bilmirdim. Axı ondan sabah da velosiped istəmək fikrim vardı. Nəysə, aldığım zərbələr səbir kasamı daşdırdı və ayağa qalxıb, Qulğunanın çatma qaşlarının üstündən bir yumruq zərbəsi endirib, üz-gözünü qana boyadım. Sonra yıxıb üst-başını abırdan saldım. Uzun müddət küsülü qaldıq. Artıq böyümüşdük. Yenə də danışmırdıq. Son zəngimiz yaxınlaşırdı. Küçənin tinində uşaqlarla söhbətləşirdik. Qulğuna mənə acıq vermək məqsədilə barmaqlarını biri-birinə çatıb, başının arxasına apardı və təkəbbürlü halda "atam maşın alacaq və Mahsun Kırmızıgülün mahnılarını da qoyub Son zəng günü kəndin arasında gəzəcəm" dedi. Açığı, onun sözü mənə çox gülməli, bəsit və məntiqsiz gəlirdi. Yaşı artsa da, ağlı topuğundan yuxarı qalxmamışdı. Nəysə, Son zəngdən bir neçə gün qabaq atası ona maşın da aldı. Qulğuna da dediyini elədi. Mən də sağ olsun, dost-tanış, onların maşınında Son zəngi yola verdim. Hə, yola verdim. Çünki universitetə hazırlaşırdım. Beynimə nə Son zəng batırdı, nə maşın, nə də Qulğunanın dəbdəbəli həyatı. İnanın, hər an valideynlərimin etimadını doğruldub-doğrultmayacağımı düşünürdüm. Hər gün özümə sual verirdim ki, görəsən atamın və qardaşımın minbir əzab-əziyyətlə, sözün həqiqi mənasında daşdan çıxardığı o pulları müəllimlərə havayımı verirəm? Bu kimi suallar məni həmişə narahat edirdi. Heç fikrimdən çıxmırdı. Anamın dediyinə görə, hətta yuxumda da onu sayıqlayırmışam. Axı ailədə 6 nəfər (4 uşaq, 2 valideyn) olmuşuq. Hazırlığıma xərclənən pullar yalnız mənim deyil, ata, ana, qardaş və bacılarımın boğazından, əyin-başından kəsilib verilirdi. Buna görə də, bəzən özümü çox günahkar sayırdım. Amma şükürlər olsun ki, göstərilən bütün etimadı doğrultdum. Qulğuna isə özünün dediyinə görə, hələ də həyatda, cəmiyyətdə özünə yer tapa bilməyib. Onunla bu yaxınlarda toy məclisində görüşdük. Dəmiydi.
- Müəllim, necəsən, heç görünmürsən? Kəndə gələndə xəbərimiz də olmur, oturub çaydan-çörəkdən nuş edək - Əvəz oğrun baxışlarla gözümün içinə boylanaraq bildirdi.
- Sabah görüşərik, inşallah - deyib, uzaqlaşdım.
- Əvəz, hardasan, gəl görüşək, çay içək" - toyun sabahı zəng edib çağırdım.
Təbii ki, bütün uşaqlıqda yaşananlar orda da müzakirə olundu.
- Tükəzban arvad (heç nənə də demədi) məni o cür-dəymədüşər böyütməsəydi, zamanında mənə velosiped və maşın deyil, kitab-dəftər alsaydı, indi mən də üstü-başı təmiz, intelligent bir oğlan olardım. İndi mənim rəngimə, ruhuma bax. Günün altında işləməkdən zənciyə dönmüşəm. Palçıq vedrəsi daşımaqdan bir tərəfim əyilib - Əvəz hər şeyi etiraf elədi.
İndi qayıdaq yenə də avtobusdakı ağbirçəklərin dialoquna. Məncə, yıxıla-yıxıla, əzilə-əzilə böyümək, uşağı həyata daha yaxşı hazırlayır. İnsan uşaqlıqda yıxılmağın çəkdirdiyi acılardan nəticələr çıxarır və həmişə ayaqda qalmağa çalışır. Bu istək də onun gələcəkdə özünə cəmiyyətdə layiqli yer tutmasına, ziyalı kimi böyüməsinə, həyatın amansız üzü ilə rastlaşıb, təklənəndə büdrəməməsinə səbəb olur. Əksi isə uşaqlarımızı Əvəzin gününə salır. Elə  nənənin ərköyün nəvəsini də ən yaxşı halda Əvəzin aqibəti gözləyir.