Qurban Məmmədov Qüdrət Həsənquliyevi müdafiə etdi

“Hakimlərin əsas cəzası vəzifədən kənarlaşdırma olmalıdır. Rüşvət almaqdan məhrum edilmək bir hakim üçün az qala ölüm cəzasıdır”
“Bu, artıq bir aksiomdur ki, cəzaların sərtləşdirilməsi cinayətkarlığın azalmasına qətiyyən səbəb olmur”


Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklə bağlı aparılan müzakirələrdə cəzaların sərtləşdirilməsi üzərində dayanılsa da, millət vəkillərindən buna etiraz edənlər də olub. Konkret olaraq, deputat Qüdrət Həsənquliyev bildirib ki, cəzaların sərtləşdirilməsi cinayətkarlıqla mübarizədə yalnız kiçik bir zamanda effektli olur.

Sonradan isə insanlar buna alışır. Deputat qeyd edib ki, vacib olan cəzanın labüdlüyünün təmin edilməsidir. Q.Həsənquliyev CM-nin 295-ci maddəsinə edilən dəyişiklik üzərində dayanıb: "Bu maddədə deyilir ki, bilə-bilə ədalətsiz hökm, qətnamə və ya qərar çıxaran hakimlərə 5 min manatdan 8 min manatadək cərimə, yaxud 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Hakimlər bilərəkdən ədalətsiz qətnamə və ya qərar qəbul edirsə, bu, dövlətin əsaslarına birbaşa zərbədir”. Ona görə də millət vəkili hesab edir ki, belə hakimlərin cəzaları sərtləşdirilib 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir. Cəzanın cərimə forması isə ümumiyyətlə, ləğv edilməlidir. Çünki xüsusilə mülki işlərə çıxan hakimlər məhkəmə prosesini hərraca çevirir, külli miqdarda pul alırlar. 5-8 min manat cərimə belə hakimlər üçün təsirli vasitə ola bilməz.

Hüquqşünas Qurban Məmmədov "Şərq”ə açıqlamasında Qüdrət Həsənquliyevin mahiyyət etibarilə doğru mülahizə irəli sürdüyünü bildirdi:

- Bu, artıq bir aksiomdur ki, cəzaların sərtləşdirilməsi, ağırlaşdırılması cinayətkarlığın azalmasına qətiyyən səbəb olmur. Müvəqqəti təsir edir, az müddət sonra isə əvvəlki vəziyyət yenidən yaranır. Kim deyə bilər ki, göstərilən maddə ilə indiyədək bir hakim cəzalanıbmı? Qoy cərimə lap aşağı olsun, 200, 300 manat olsun, amma qanun tətbiq edilsin. Bizim əsas problemimiz qanunun icra edilməməsidir. Bugünədək məhkəmələrdə nə qədər insanımızın hüquqları pozulub. Buna görə kim cəzalanıb, ya işdən çıxarılıb? Hakimlərin əsas cəzası vəzifədən kənarlaşdırma olmalıdır. Rüşvət almaqdan məhrum edilmək bir hakim üçün az qala ölüm cəzasıdır. Qanunlarımız çox gözəldir. Cəzalar da kifayət qədər sərtdir. Sadəcə, qanunlar icra edilməlidir.

Hakimlərin cəzalandırılmasına gəlincə, qeyd edək ki, Məhkəmə Hüquq Şurası tərəfindən zaman-zaman bununla bağlı açıqlamalar verilir.

Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdi ki, Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib.

Qanunvericiliyin pozulması hallarına yol verdiklərinə görə 5 hakimin səlahiyyətlərinə xitam verilib, hakimlikdən kənarlaşdırılıb, 10 nəfərinin iş yeri dəyişdirilib, 2 nəfərinin vəzifəsi aşağı salınıb, 22 nəfərə töhmət verilib, 12 nəfərə isə irad tutulub.

Bu il yanvarın 9-da da Azərbaycan Məhkəmə-Hüquq Şurasının geniş iclası keçirilmişdi. Və bildirilmişdi ki, ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə 6 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 12 hakim intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 2 nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib.

Qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib, məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədova, İmişli Rayon Məhkəməsinin hakimi Ülvi Qənbərova irad tutulub.

Məlahət Rzayeva