Ramil Səfərovun atası:"Axı Zəhra kimi körpələrin nə günahı var...? "

Sahib Səfərov: "Xalq ayaq üstədir, qana qan deyib hücuma keçməliyik ! "

"Çox acınacaqlıdır, ermənilər o qədər azğınlaşıb ki, dinc əhalini öldürürlər”.

Bu sözləri Sherg.az-a ötən gecə cəbhə xəttində baş verən hadisələrə münasibət  bildirərkən ordumuzun mayoru, qəhrəmanımız Ramil Səfərovun atası Sahib Səfərov deyib. 

O qeyd edib ki, ermənilər öz addımları ilə dünyaya vəhşiliklərini göstərsələr də dünya buna göz yumur:

"Hər dəfə ölkə başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın sülh tərəfdarı olduğunu, qan tökülməsini, müharibə olmasını istəmədiyini deyir. Buna baxmayaraq, ermənilər o qədər harınlaşıb ki, heç kimə fikir vermirlər. Aprel hadisələri onlara yaxşı dərs olmadı. Ötən ilin aprelində hücuma keçib, işğal etdikləri əraziləri genişləndirməyə çalışdılar, lakin heç nəyə nail ola bilmədilər. Yenə də prezident humanistlik göstərdi və danışıqlara getdi.

Aprel döyüşləri zamanı da xalq ayağa qalxdı ki, səbr kasamız daşıb. Nə vaxta qədər danışıqlar olar axı !
Beynəlxalq aləmdə də ermənilərin hərəkətlərini hər kəs bilir. Torpaqlarımızın işğal olunmasını, günahsız insanlarımızın qətlə yetirilməsini hamı görür. Dinc əhali niyə həlak olmalıdır ? Axı Zəhra kimi körpələrin nə günahı var ? Bunları dünya ictimaiyyətinə çatdıracaq siyasətçilərimiz, beynəlxalq təşkilatlarda nümayəndəliklərimiz, xarici ölkələrdə səfirliklərimiz var.

Bakıda ermənilər yaşayır. Görün onların xətrinə dəyən varmı? Yaxşı yerlərdə işləyirlər, Azərbaycan vətəndaşları ilə bərabər hüquqlarda yaşayırlar”.

Son günlərdə Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri, bütün diqqətin ora yönəlməsinin ermənilərdə qıcıq yaratdığını diqqətə çatdıran S.Səfərov vurğulayıb ki, düşmən bu təxribatlarla heç nəyə nail ola bilməz:

"Əslində qana qan deyib, hücuma keçməliyik. Ölkə başçısı İlham Əliyev bu məsələyə səbrlə yanaşır. Dünya ictimaiyyətinə bu haqda məlumatlar verir. Amma səbr kasasının da daşan vaxtı olacaq. Düşmənin bu hərəkətlərinə heç cür haqq qazandırmaq mümkün deyil. Bütün xalq ayaq üstədir. Cənab prezidentin tək bir əmrini gözləyirik.  Ali baş komandanın bir əmri ilə erməniləri hətta İrəvandan da çıxara bilərik. Gec-tez torpaqlarımızı azad edəcəyik”.

Qeyd edək ki, ermənilərin Füzuli rayonu Alxanlı kəndini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Aysel Aslan 
Ayyət Əhməd