"Regionlarda bağçaların sayı artırılmalıdır" - UŞAQ ÖLÜMÜNƏ SON !

Kəmalə Ağazadə : "Çox hallarda buna regionlarda rast gəlirik. Valideynlər müəyyən təsərrüfatla məşğul olur, uşaq nəzarətdən kənar qalır. Bu mənada regionlarda bağçaların artırılmasına diqqət ayrılmalıdır"



"10 gün ərzində 7-8 uşaq nəzarətsizlik səbəbindən bədbəxt hadisələrlə üzləşib”.

Bunu Sherg.az-a valideyn nəzarətsizliyi səbəbindən 3 yaşlı körpənin evlərinin həyətindəki gölməçəyə düşərək boğulması məsələsinə münasibət bildirərkən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib. 

O bildirib ki, məsuliyyətsizlik nəticəsində uşaq ölümünün baş verməsi valideynləri ömrü boyu həmin suçla yaşamağa məhkum edir:

"Valideyn məsuliyyətsizliyinin qarşısının alınmasının bir yolu var: valideyn uşağına daim nəzarət etməlidir. Nəzarətsiz qalması səbəbindən faciə baş verməsə belə uşağın davranışlarında problem yarana bilər. Valideyn nə qədər məsuliyyətli o qədər yaxşıdır. Maariflənmə aparmaq, uşağını gözündən kənara qoyma demək, əlavə addımdır. Ananın bir instinkti olmalıdır. Anaya evdə kömək edənlər, nənə, xala, ata, qardaş, bacı və s. daima nəzarəti gücləndirməlidirlər. Uşağı diqqətdən kənar qoymaq olmaz. Uşaq istər 1 yaşında körpə, istərsə də 14-15 yaşında yeniyetmə”.

K.Ağazadənin sözlərinə görə, uşaq böyüdükcə onun məsuliyyəti, öhdəliyi, vəzifəsi özünə izah olunmalıdır:

"Uşaq kiçik yaşlarında nəzarətdə qaldıqda hər zaman biləcək ki, edəcəyi hərəkətə valideyn tərəfindən nəzarət, diqqət var. Ona görə, valideyn nəzarətinin artırılması ilə bağlı valideynin, onun böyüklərinin eyni zamanda nəzarəti olmalıdır.

Çox hallarda buna regionlarda rast gəlirik. Valideynlər müəyyən təsərrüfatla məşğul olur, uşaq nəzarətdən kənar qalır. Körpələrin bağçaya getməsi məsələsi gündəmdə olmalıdır. Əgər ev şəraitində uşağa baxa bilmirsənsə, bağçaya qoymalısan. Regionlarda bağçaların artırılmasına diqqət ayrılmalıdır. Amma valideyn nəzarəti ilk növbədə onun özünün məsuliyyətindən irəli gəlir”.

Aysel Aslan