“Reket molla”lar hələ çox meydan sulayacaq

Çünki elə məsələlər var ki, onların qanuna tabe edilməsi mümkün deyil



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyri-qanuni fəaliyyət göstərən mollalardan danışıb. Komitə sədri bildirib ki, mətbuatda reket jurnalistlər olduğu kimi, dini sahədə də "reket molla”lar var:

"Araşdırsanız görərsiniz ki, məzarlıqda dalaşanların mollalıq etməyə icazəsi yoxdur. Özünü molla kimi təqdim edir. Bunlar reket mollalardır. Necə ki, mətbuatı reket jurnalistlər gözdən salır, həqiqi din xadimlərini də belə mollalar hörmətdən salır. M.Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin belə mollalara fəaliyyət üçün icazə vermədiyini də vurğulayıb.

Həqiqətən də, məzarlıqlarda dindar şəxslərə məxsus geyimlərdə dolaşan mollalar var ki, daim iş başındadırlar. Bəzilərinin konkret "fəaliyyət arealı” da məlumdur. Hər biri özü üçün müəyyən əhatə dairəsi seçir və orada dayanıb müştəri gözləyir. Məzarlıqda uyuyan rəhmətliklərin doğmaları, yaxınları ziyarətə gəldikdə, hazır vəziyyətdə dayanmış mollalar "Yasin” oxumaq təklif edirlər. Əlbəttə, müəyyən məbləğ müqabilində. Onsuz da əksər camaat qəbiristanlığa gələndə bir gözü molla axtarır; atama-anama "Yasin” oxutdurum. Əslində, "reket molla”ların fəaliyyətinə biz özümüz rəvac veririk. "Qurani-Kərim”i bilmədiyimizdən, "Yasin” hələ bir yana qalsın, adi bir dua etməyi, "Fatihə” oxumağı bacarmadığımızdan mollaya möhtac qalırıq. Heç o mollanın Quranı düzgün oxuyub-oxumadığını da bilmirik. "Babalı oxuyanın boynuna” deyib öz günahımızı da mollaya yükləmək istəyirik. Bəs necə olur ki, əlində "Çərəkə” tutub müştəri gözləyən mollalar sərbəst fəaliyyət göstərə bilir. Bir halda ki, vətəndaş qapısına 5-6 daş tökən kimi "uçastkovıy” gəlib başının üstünü kəsdirir, adam ayaqyolu tikmək fikrinə düşdüyünə də peşman olur, bu "reket molla”lara fəaliyyət göstərmələrinə nə əcəb imkan verilir? Paytaxtdakı hər bir məzarlıq konkret inzibati ərazi vahidinə daxildir. Məzarlığın yerləşdiyi ərazi konkret hansısa rayonun ərazisindədir və hansısa icra hakimiyyətinin balansındadır. Ərazinin polisi də var, vergisi də, müfəttişi də, lap sahə müvəkkili də. Bəs necə olur ki, bu mollalara qazanc əldə etmək üçün sərbəst imkan yaradılır? Belədə, adamı qara fikirlər çulğayır; bəlkə mollalar onlara haqq ödəyir? Faiz verir? Ona görə mollaların xətrinə dəymirlər?

Məsələyə münasibət bildirən ilahiyyatçı Hacı Atif İsmayılov bunun dini inancla bağlı olduğunu dedi:

- İnanc məsələlərini qanun çərçivəsinə salmaq həmişə mümkün olmur. Dini məsələlərlə bağlı qaydalar formalaşdıqda da bəzi istisnalar yenə qalır. Dövlətin nəzarətində olan konkret sahələr vardır. Məsələn, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaları qeydiyyata alır, icmaların fəaliyyətinin Konstitusiya çərçivəsində olmasına nəzarət edir. Məscidlər, başqa ibadət yerləri dövlət səviyyəsində qorunur, inanclı insanların təhlükəsizliyi təmin edilir. Bunlar dövlət səviyyəsində, rəsmi qaydada həyata keçirilən işlərdir. Amma bir də var, məsələnin mənəvi tərəfi. Bir insan doğmasının, yaxınının, qohumunun yas mərasiminə kimisə "Qurani-Kərim” oxumağa dəvət edirsə, dövlət artıq bu məsələyə müdaxilə etmir. Vətəndaşa necə qadağa qoymaq olar ki, sən yas mərasiminə kimisə dəvət etmə, yaxud, məzarlıqda tanıdığın bir adama "Yasin” oxutdurma. Bunlar birbaşa insanların inancı, şəxsi istəkləri ilə bağlı məsələlərdir. Məncə, bu məsələləri qanun çərçivəsinə salmaq doğru deyil. Buna hədd qoymağın da bir mənası yoxdur. Bunu qanun şəklinə salsaq da, nəticəsi istənilən kimi olmayacaq. Çünki elə məsələlər var ki, onların qanuna tabe edilməsi mümkün deyil. Sadəcə, əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Özünü müsəlman sayan, müsəlman elan etmiş bir insan "Qurani-Kərim” oxumağı da bacarmalıdır. Axı niyə kimsə ata-anasına, hansısa doğmasına, əzizinə "Yasin” oxutdurmaq, dua etdirmək üçün yad birisinə müraciət etməlidir? Bu hikməti anlasaq, saxta din xadimlərindən də qurtula bilərik. Saxtakarlıq edənlər, vətəndaşın dini savadsızlığından sui-istifadə edənlərləsə, əlbəttə, qanunun tələblərinə müvafiq davranılmalıdır.

Məlahət Rzayeva