Amma heç bir fəaliyyəti olmayan saytlara maddi yardım ayrılmamalıdır
Reklam bazarı zəifdir
Bu hal onlayn mediaya dövlətdən dəstəyi zəruri edir
Amma heç bir fəaliyyəti olmayan saytlara maddi yardım ayrılmamalıdır
Amma heç bir fəaliyyəti olmayan saytlara maddi yardım ayrılmamalıdır
(Əvvəli ötən sayda)
Son vaxtlar mətbuatla bağlı yenidən gündəmə gələn məsələlərdən biri də onlayn medianın dövlət tərəfindən dəstəklənməsidir. Mövzu daha öncədən dəfələrlə müzakirəyə çıxarılsa da, bir sıra səbəblərdən prosesin reallaşması mümkün olmayıb. Məlumdur ki, hazırda dünya bazarında neftin qiyməti büdcədə nəzərdə tutulduğundan ən azı 30 dollar yüksəkdir. Belə olan halda, iyun ayının 29-da Milli Məclisdə yeni büdcə müzakirələrinin keçirilməsi nəzərdə tutulur.
Bu zaman mediaya ayrılan dövlət yardımının tərkib hissəsi kimi, onlayn mediaya da yardım edilməsi səslənən təkliflər sırasındadır. Xüsusən də ölkə mediasının tanınmış simaları onlayn medianın dəstəklənməsini vacib sayır. Mövzu ilə bağlı açıqlama verən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da büdcə müzakirələri zamanı məsələni gündəmə gətirəcəyini bildirib. Deputat bildirib ki, yeni büdcənin müzakirə olunmasının səbəbi dünya bazarında neftin kəskin bahalaşmasıdır: "2018-ci ilin büdcəsində neftin qiyməti 45 dollardan götürülmüşdü, bu gün isə artıq Azərbaycan nefti 75 dollardan da baha satılır. Büdcə müzakirə edilərkən çox güman ki, mediaya dövlət yardımının məbləği də artırılacaq. Məni daha çox narahat edən onlayn mediaya yardım ayrılmasıdır. Çünki hazırda bütün dünyada, o cümlədən Azərbaycanda ictimai fikrin formalaşması, informasiyanın operativ yayılması daha çox onlayn media vasitəsilə həyata keçirilir. Azərbaycanda 300-ə yaxın onlayn media orqanı mövcuddur. İndiki şəraitdə ölkəmizdə medianın iqtisadi vəziyyətində müəyyən problemlər var”.
Ə.Amaşovun sözlərinə görə, reklam bazarı çox zəif olduğundan onlayn mediaya dövlət yardımının ayrılmasına zərurət yaranır:
"KİVDF vasitəsilə çap mətbuatına yardım edilir. Lakin onlayn media bundan kənarda qalır. Hesab edirəm ki, eyni dərəcədə internet mediaya da dəstək olunmalıdır. Çünki onlayn medianın izləyiciləri daha çoxdur. Nə qədər ki, biz medianın reklam bazarını formalaşdıra bilməmişik, onların iqtisadi problemləri qalmaqdadır, o vaxta qədər dövlətin yardım ayırmasına ehtiyac var. Biz bu yolla həm də informasiya məkanımızın təhlükəsizliyini təmin etməliyik. Onlayn jurnalistika elədir ki, istənilən daxili və ya xarici qüvvə onları maliyyələşdirə bilər. Belə olan halda həmin internet resursu obyektivliyini itirə bilər. Belə halların qarşısını almaq üçün internet jurnalistika da dövlət yardımı almalıdır. Bununla bağlı mən Milli Məclisdə müzakirələr zamanı da fikirlərimi səsləndirəcəyəm”.
Ümumən, internet özü həyatımıza daha çox daxil olduğu üçün müvafiq olaraq onlayn media da sürətlə inkişaf etməkdədir. Hazırda ənənəvi mediadan onlayn mediaya keçid prosesi gedir. İctimai rəyin formalaşmasında internet üzərindən yayımlanan xəbər saytlarının mövqeyi artmaqdadır. Mövcud durumda ictimai missiya yerinə yetirməsi nəzərə alınaraq internet informasiya resurslarının da dövlət tərəfindən maliyyələşməsi məsələsi aktuallaşır. Prezident İlham Əliyev milli mətbuatın 140 illik yubileyi münasibəti ilə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul edəndə də bu məsələ gündəmə gəlib. Həmin vaxt dövlət başçısı müsbət mövqeyini bildirib. Mətbuat Şurası isə internet medianın maliyyələşmə qaydalarının layihəsini hazırlayıb.
Lakin ekspertlərə görə, ilk növbədə internet medianın statusu müəyyənləşməlidir. Söhbət hüquqi statusun müəyyənləşməsindən gedir. Bunun üçün qanunvericilikdə dəyişikliklər və əlavələr olmalıdır. Bütün qanunvericilik sənədlərində KİV qismində internet üzərindən yayımlanan informasiya daşıyıcıları da nəzərə alınmalıdır. Onların cəmiyyəti məlumatlandırma, ictimai rəyə təsir imkanlarına həssas yanaşılmalıdır. Yəni KİV dedikdə ənənəvi media vasitələri ilə yanaşı internet media resurslarının - xəbər saytlarının, internet TV-lərin, internet radioların və bloqların fəaliyyəti də əsas götürülməlidir. Yəni qarşıda müzakirə olunası xeyli məsələlər var.
Mövzunu "Şərq”ə dəyərləndirən "Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı deyib ki, ən gözəl variant media qurumunun özünün iqtisadi durumunun yüksək səviyyədə olmasıdır. Çünki o halda ümumiyyətlə, heç bir KİV-ə dövlət tərəfindən vəsait ayrılmasına ehtiyac qalmaz:
"Nə yazıq ki, Azərbaycanda reklam bazarı istədiyimiz formada deyil. Saytlara abunə olmaq məsələsi isə demək olar ki, yox səviyyəsindədir. Vəziyyət bu cürdürsə və dövlət çap mediasına vəsait ayırırsa, onlayn mediaya niyə kənarda qalmalıdır? Bəzi məqamlarda onlayn medianın çap mediasından öndə olması artıq müzakirə belə edilmir. Düşünürəm ki, onlayn mediaya ögey münasibət olmamalıdır. Belə bir zərurətin olmasını mən də hiss edirəm”.
S.Əvəzqızı bildirib ki, ortada adı olub əslində heç bir fəaliyyəti olmayan saytlara maddi yardım ayrılmamalıdır:
"Zənn edirəm ki, Mətbuat Şurası üçün kimlərin dələduzluqla, kimlərinsə əsl media işi ilə məşğul olmasını müəyyənləşdirmək heç də çətin olmayacaq. Çox təəssüf ki, hazırda təkcə Bakıda 3-4 "media rəhbərinin” məhkəmə prosesi gedir. Jurnalistlərimiz o proseslərdən reportajlar hazırlayırlar. Təsəvvür edin, müxbirin reportajlarını redaktə edərkən, onların hansı oyunlardan çıxdığını oxuyub əməlli-başlı xəcalət çəkirəm. Axı necə olub ki, bu qədər müddətə bu insanları fərq edən olmayıb? Axı bu şəxslərin nə ixtiyarı var ki, bizim canımızı qoyduğumuz Azərbaycan mətbuatının üzərinə bu qədər asanlıqla kölgə salırlar. Çox iyrənc bir vəziyyətdir. Bu dələduzlarla yanaşı Azərbaycanda arxasında xüsusi maraqlı güclərin dayandığı bir çox internet qəzetlər, portallar var. Məncə, elə ən təhlükəliləri də bunlardır. Onların vasitəsilə Azərbaycanda insanları tələyə salıb dini ekstremistlər və casuslar da hazırlaya bilərlər. Prosesə nəzarət etməyə çalışırlar. Hesab edirəm ki, medianın içərisində olan peşəkarlar hansı saytın hansı məqsəd üçün yarandığını çox asanlıqla müəyyən edə bilərlər. Bunun üçün Mətbuat Şurasının bir Komissiya yaratması kifayət edər. Yetər ki, bütün proseslər ədalətlə həyata keçirilsin”.
"Hafta.az” saytının əməkdaşı Naibə Qurbanova da bəyan edib ki, təxminən 10 il əvvəl qəzetlərə maliyyə yardımı ayrılması ilə bağlı məsələ tez-tez gündəmə gəlirdi və nəticə olaraq Kütləvi İnfomasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı:
"İndi isə onlayn mediaya dövlət tərəfindən yardım edilməsi məsələsi gündəmə gəlib. Əslində illərdir müzakirə olunsa da, reallıq odur ki, bu sahə reklam hesabına özünü maliyyələşdirə bilmir. Belə olan halda dövlət dəstəyi qaçılmaz olur. Məsələnin ən vacib tərəfi internet media portallarının konsepsiyasını müəyyən etmək, heyətini yoxlamaq, fəaliyyətini araşdırmaqdır. Ondan sonra maliyyə ayrılmasını gündəmə gətirmək lazımdır. Çünki indi o qədər sayt, portal, agentlik var ki, onlara maliyyə ayırmaq faktiki mümkün deyil”.
"Azxeber.com” saytının baş redaktoru Əfsələddin Ağalarov diqqətə çatdırıb ki, bu məsələ bir neçə il öncə də müzakirəyə çıxarılmışdı və Mətbuat Şurası geniş tədbirlər hazırlamışdı. Lakin daha sonra məsələ gündəmdən çıxdı:
"Düşünürəm ki, KİVDF-nin mövcud olması və Azərbaycanda ənənəvi jurnalistikaya maddi yardım etməsi paralel olaraq internet media üzərində də tətbiq edilməlidir. Hazırda gündəmi müəyyənləşdirən, ölkədə ictimai rəyə təsir etmək imkanına sahib olan məhz bir sıra internet xəbər saytları, agentliklərdir. Bu baxımdan sözügedən qərarın verilməsi lazımlı və labüddür. Azərbaycanda təxminən 3000-ə yaxın onlayn media resursları fəaliyyət göstərir. Lakin bunların bir çox biri-birini təkrarlayır və əksəriyyəti kopi-past siyasəti ilə məşğul olur. Təbii ki, internet mediaya yardımların ayrılması o demək deyil ki, bütün saytlara pul ayrılacaq. Şübhəsiz, burada müəyyən kriteriyalar olmalıdır. Düşünürəm ki, kriteriyaların ən önəmlisi ictimai rəyə təsir edən portalların nəzərə alınmasıdır”.
Baş redaktorun sözlərinə görə, Mətbuat Şurasının tərkibində İnternet Media Komissiyası fəaliyyət göstərir:
"Bu komissiya öz işini elə qurmalıdır ki, Azərbaycan cəmiyyətində ictimai rəyə təsir edən media orqanlarının siyahısını dərc etməlidir. Siyahıda olan saytların ümumi fəaliyyətinə nəzər yetirilərək, onlara maddi yardım ayrılmalıdır. Ən əsası isə "reket jurnalistika” ilə məşğul olan saytlar ciddi araşdırılmalıdır. Süzgəcdən keçirilsə görərik ki, hazırda maliyyə yardımı almağa layiq çox az sayda xəbər portalı var. Onların gələcək fəaliyyətini genişləndirmək üçün mütləq maddi vəsait ayrılmalıdır. Hazırda reklam bazarının zəif olması onlayn medianın maddi imkanlarına mənfi təsir edir. Cüzi reklamlar az sayda agentliklər arasında paylaşdırılıb. Təbii ki, belə məqamda hansısa inkişafdan və genişmiqyaslı fəaliyyətdən söhbət gedə bilməz. Bu baxımdan maddi dəstəyin olması internet medianın vəziyyətini nisbətən yaxşılaşdıracaq”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb