"Rembo” özünə gəlir

Tankçı hərbçimiz Razi Cavadovun vəziyyətində irəliləyiş hiss olunur
Aprelin 6-da Goranboy rayonunun Tapqaraqoyunlu kəndində döyüş zamanı düşmən snayperinin açdığı atəş nəticəsində başından ağır yaralanan, sol gözünü itirən "Rembo” ləqəbli tankçı hərbçimiz  Razi Cavadovun vəziyyəti stabil olaraq qalır.
Yaralı əsgərimizin həkimi ilə mütəmadi əlaqədə olduğunu vurğulayan həmkarımız, "Ekspress” qəzetinin əməkdaşı Aqil Aslanın "Şərq"ə verdiyi məlumata görə, Razi Cavadovun vəziyyətində pisləşmə yoxdur, ümidvericidir: "Həkimlə danışdım. Dedi ki, vəziyyəti hazırda stabildir, pis deyil. Hətta deyərdim ki, ümidvericidir. Komadan tam ayılmasa da, müəyyən qədər ayılmış hesab olunur. Yəni, huşunda aydınlaşma, dərk eləmə elementləri var. Tibbi əmrləri müəyyən qədər yerinə yetirir. Bütün bunların fonunda vəziyyətinə hələ ki, yaxşıdır demək olar. Ən azından həkimlərin istədiyi kimidir. Sadəcə dedi ki, patalogiyanın özünün ağırlığını nəzərə alaraq tələsməli bir şey yoxdur.
Qeyd edək ki, "Rembo” Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının Reanimasiya şöbəsində müalicə alır.
Şəymən