Rəqabət qızışır...

Tramp prezident seçilsə, Rusiya üçün hədiyyə olacaq
“Çünki Klinton dövlət katibi olan zaman Rusiya-ABŞ münasibətləri müəyyən dərəcədə gərginləşmişdi”



"Donald Trampın prezident seçkisində qələbəsi Vladimir Putin üçün hədiyyə olacaq”. Bu barədə sabiq dövlət katibi Madlen Olbrayt verdiyi bəyanatda bildirib. O qeyd edib ki, bu, bütün Amerika vətəndaşları üçün narahatlıq doğuracaq əsas olmalıdır: "Həqiqət budur ki, Trampın qələbəsi Putin üçün əsl hədiyyə olacaq.

Rusiyanın hərəkətlərini nəzərə alsaq deyə bilərik ki, Kreml Trampın qalib olmasını həddən artıq arzulayır. Bu, hər bir amerikalını narahat etməlidir”. Olbrayt onu da əlavə edib ki, Tramp öz mövqeyi ilə ABŞ-ın milli maraqlarına artıq zərbə vurub. Onun xarici siyasətlə bağlı mövqeyi isə fəlakətdir. Bu arada qeyd edək ki, D.Tramp seçki kampaniyasında Krımın Rusiya ərazisi kimi tanınmasından danışıb. Tramp bəyan edib ki, prezident seçkilərində qələbə çaldığı halda Krımı Rusiyanın ərazisi kimi tanıyacaq. Bundan əlavə, o, sanksiyaların ləğv olunmasına qarşı çıxacaq.

D.Trampın Rusiya "sevda”sını şərh edən politoloq Fikrət Sadıqov vurğulayıb ki, ABŞ-da indiki seçki kampaniyası dövründə müxtəlif bəyanatlar səsləndirilir. Siyasi opponentlər biri-birini ittiham edir. Partiyalar mübarizə aparır. Rəqabət güclənir: "Təbii ki, bu açıqlama da rəqabətin nəticəsidir. Amma əslində həqiqətən Tramp Rusiya üçün daha əlverişli bir namizəddir, nəinki Klinton. Çünki Klinton dövlət katibi olan zaman Rusiya-ABŞ münasibətləri müəyyən dərəcədə gərginləşmişdi. Hətta Klinton Moskvanın ünvanına çox kəskin ifadələr işlətmişdi. Tramp isə əksini düşünür. Hesab edir ki, Moskva ilə münasibətlər bərpa olunmalıdır. Sanksiyalar aradan götürülməlidir. Rusiya-ABŞ münasibətləri inkişaf etməlidir. Trampın səsləndirdiyi ifadələr bu məqamlarla bağlıdır. Amma bu heç də o demək deyil ki, Tramp hakimiyyətə gəlsə, Rusiya ilə münasibətləri tam mənada bərpa olunacaq. Biri var seçkiqabağı kampaniya dövründə bəyanat verəsən, bir də var hakimiyyətə gəlib və dövlətin siyasətinə məsuliyyət daşıyasan. Bunlar tamamilə fərqli məsələlərdir. Bütün hallarda respublikaçıların namizədi Trampın Putinin ünvanına müsbət ifadələr səsləndirməsi reallıqdır”.

Ayyət Əhməd