“Rəqiblərimi heç kim tanımır”

Rəyasət Bağırov: “Mənim seçilmək şansım daha çoxdur”




Parlament seçkisi ilə bağlı "Azadlıq-2015” blokunun irəli sürdüyü namizədlərdən 12 nəfəri qeydiyyata alınıb. Namizədliyi təsdiq olunanlar arasında KXCP üzvü Rəyasət Bağırov da var. R.Bağırov 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizəd olub.

Bu barədə "Şərq”ə danışan Rəyasət Bağırov namizədliyinin qeydə alınması ilə bağlı hər hansı problemlə üzləşmədiyini deyib: "Namizədliyim "Azadlıq 2015” seçki bloku tərəfindən irəli sürülüb və qeydiyyatla bağlı heç bir problemlə üzləşməmişəm. Seçki vərəqələrini vaxtında götürmüşəm, qısa zaman ərzində 550 imzanın hamısını toplamışam. Vaxtında da sənədlərimi təhvil vermişəm”.

KXCP üzvü rəqibləri ilə müqayisədə öz şansını yüksək qiymətləndirib: "44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi də var. Eyni zamanda bitərəf namizədlər də mənimlə yarışacaq. Onlardan biri keçmiş deputat Hacı Salayevdir. Ancaq bunların heç biri Sumqayıtda yaxşı tanınmır. Ona görə də rəqiblərim məndən şanslı ola bilməz. Hesab edirəm ki, Sumqayıtda fəaliyyət göstərən bütün siyasi partiyalar mənim namizədliyimi dəstəkləyəcək. Çünki yenə deyirəm, həmin dairədə məndən başqa tanınan ikinci bir şəxs yoxdur. Sumqayıt üzrə namizəd olanların sadəcə bir nəfəri əslən oralıdır. Digərləri isə Bakıdan gedənlərdir. Onları isə heç kim tanımır. Mənim şansım daha çoxdur. Sona qədər mübarizə aparacam və sözsüz ki, bu mübarizədə qalib gələcəm”.

R.Bağırov namizəd olduğu dairəni özü seçmədiyini bildirib: "44 saylı Sumqayıt-Xızı seçki dairəsini təmsil olunduğumuz blok müəyyən edib. Mən öz istəyimlə seçməmişəm”.

İsmayıl