"Bilgiləri beyinlərinə deyil, ovuclarındakı telefona yığırlar"
Rəşad Məcid:"Ağıllılar susduqlarına görə, nadanlar meydan sulayır" - Müsahibə
"Elə addımlar atmalıyıq ki, bu cür sərsəm fikirlər səsləndirənlər, şəxsiyyətlərimizi, ədiblərimizi təhqir edənlər bunu təkrarlamağa cürət etməsin"
"Bilgiləri beyinlərinə deyil, ovuclarındakı telefona yığırlar"
"Bilgiləri beyinlərinə deyil, ovuclarındakı telefona yığırlar"
"Allah bu bəlanı götürməz”
"Kim ağlına nə gəlir, yazır, çap etdirir, roman, kitab adı ilə təqdimatını keçirir"
"Xeyli yazanlar var, amma dəyərli yazılar azdır"
"Köklü ənənələrə sahib deyilsənsə, dəyərlərini diqqətə almırsansa, yaxşı ədəbiyyat nümunələri yaratmağın şübhə altındadır"
"525-ci qəzet”in baş redaktoru , Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin "Sherg.az”a müsahibəsini təqdim edirik:
- Bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi qeyd olunacaq. 2018 -ci il "AXC ili" qeyd olundu. 100 illiklə əlaqədar nə kimi təklifləriniz var?
- Bununla bağlı təkliflərimi bir müddət əvvəl səsləndirdim və mediada işıqlandırıldı. Təklif etdim ki, hazırkı Sahil bağı Cümhuriyyət bağı adlandırılsın. Cümhuriyyətin 100 illiyində belə məkanları əbədiləşdirmək üçün addımlar atılmalıdır. Cümhuriyyət nümayəndələrinin nəşini xaricdən gətirib, həmin bağda dəfn etmək olar. Yaxud təklif edirəm ki, ayrıca kompozisiya qurulub, "Cümhuriyyət bağı” cümhuriyyətin tarixini əks etdirən məkana çevrilsin.
Bundan əlavə, cümhuriyyətin 100 illiyi ilə əlaqədar uzun müddətdir "525-ci qəzet”də tədqiqatçı, professor Şirməmməd Hüseynovun iştirakı ilə rubrikalara başlamışıq və o dövrə aid məlumatları çap edirik. Professor Vilayət Quliyevin dəyərli yazıları qəzetdə dərc olunur. "Cümhuriyyət ili” çərçivəsində Azərbaycanın dövlət qurumları, ictimai təşkilatları, Türkiyənin Azərbaycandakı Kültür və Mədəniyyət Müşavirliyi, Yunis İmrə institutu birgə layihələr hazırlayırlar. Mədəniyyət və Turizm Nazirliyinin də 100 illiklə əlaqədar böyük tədbirləri var. Fikrimcə, hər kəs "Cümhuriyyət ili”nə öz töhfəsini verməlidir. Cümhuriyyət dönəmini özündə əks etdirən parkların, komplekslərin yaradılması müsbət addım olar. Xalqımızın azadlıq ideyalarının əbədiliyinə bu cür tədbirlərlə kömək edə bilərik.
-İddialar var ki, gənclərin əksəriyyəti, əsasən regionlarda yaşayanlar Cümhuriyyətlə bağlı az məlumatlıdırlar. Gənc nəslin maarifləndirilməsi üçün xüsusi tədbirlərə ehtiyac varmı?
-Gənclərin maariflənməsi, savadsızlığı tək cümhuriyyətlə bağlı mövzularda aktual deyil. Ölkə başçısı regionlarda səfərində də dəfələrlə qeyd edib ki, harada təhsil zəif olursa, orada xurafat ayaq tutub yeriyir. Buna görə, təhsilin, oxunun, savadın vacibliyini dönə-dönə gündəmə gətirməliyik. Hər bir uşaq, valideyn, fərd bilməlidir ki, cəmiyyətdə irəli getmək üçün bilik, savad ən mühüm amildir.
Gəncləri ən çox bədii ədəbiyyat oxumamaqda qınayıram. Onlar Azərbaycan ədəbiyyatından uzaqdırlar. Halbuki mütaliə insanın həm mənəviyyatına təsir edir, həm də həyatda ana dilində təmiz nitq qazanmaq üçün vacibdir. Mütləq şəkildə gənc nəslin mütaliəyə marağı olmalıdır.
Lap ibtidai təhsildən başlayaraq uşaqların, gənclərin Azərbaycan tarixi ilə bağlı bütövlükdə maarifləndirilməsi başlanmalıdır. Son vaxtlar Mədəniyyət və Turizm Nazirliyi uşaq ədəbiyyatına aid kütləvi nəşrlər edib. Bu, çox təqdirəlayiq haldır. Amma yenə deyirəm, hər zaman gənclərin az oxumasını, savadsız olmasını nöqsan tutmuşam. İnternetin verdiyi imkanlardan sui-istifadə edirlər. Bilgiləri beyinlərində deyil, ovuclarında tutduqları telefona yığırlar. Bu da böyük fəsadları yaradır.
-Yaxşı vurğuladınız. İnternetin imkanlarında biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrdən kimi mənfi, kimi müsbət məqsədlər üçün istifadə edir. Sosial şəbəkələrdə intihar mesajlarından tutmuş, tarixi, ədəbi şəxsiyyətlərimizin təhqirinə qədər – hər cür məlumat yayılır. İnsanların sosial şəbəkələrdən istifadə tərzinə münasibətiniz necədir?
- Hər dövrdə nadan, psixologiyasında problem olan, ağıldan küt insanlar olub. İstər gənc olsun, istər yaşlı nəsil. Onlar öz evlərində, çayxanalarda, həmsöhbətləri ilə qeybət də ediblər, başqasının arxasınca da danışıblar, hirslərini çıxarıblar. İndi elə dövrdür ki, eşitmədiyimiz, duymadığımız məqamlar, belə insanların kini, küdurəti, nadanlıq, xurafat, cəhalət zəhərlənmiş beyinlərin vasitəsilə ictimailəşdirilir. Məhdud düşüncəli insanların fikirləri yayılır. Təəssüf edirəm ki, hətta bu yazılanlara ciddi reaksiyalar da olur. Ciddi medianın belə məsələləri gündəmə gətirməsi təəssüf doğurur. Məsələn, son müzakirə olunan - xalq yazıçısı Anarın kitablarının yandırılması haqqında bir neçə gəncin yetişməmiş fikirləri gündəm oldu. Buna medianın, ziyalıların çoxunun münasibətini qəbul etmirəm. Düşünürəm ki, belə fikirləri daha da ictimailəşdirib, diqqəti buna cəlb etmək yersizdir. Ağıllı insanların daha üstün, təsir imkanlarının daha geniş olduğunu bilirəm. Ağıl, savad olan yerdə isə çəkingənlik, utancaqlıq, yüksək əxlaq dəyərləri olur. Ağıllı insanlar susduqlarına görə, nadanlar meydan sulayır.
İnternetin, sosial şəbəkələrin üstünlükləri, xüsusilə kommunikasiya baxımından faydaları çoxdur. Amma internetin qeyd etdiyimiz sərsəm, nadan fikirlərin cəmiyyətdə müzakirəsinə yol açması təhlükəlidir. Bundan qorunmaq üçün dövlət siyasəti, ictimai qınaq olmalıdır. Elə addımlar atmalıyıq ki, bu cür sərsəm fikirlər səsləndirənlər, şəxsiyyətlərimizi, ədiblərimizi təhqir edənlər bunu təkrarlamağa cürət etməsin.
- Gənc yazarların yaradıcılığını necə qiymətləndirirsiniz?
-Gənclərlə bağlı həm narazılıqlarımı, həm də müsbət fikirlərimi bildirmişəm. İstedadlı, Azərbaycan ədəbiyyatını gələcəkdə layiqincə təmsil edəcək gənclər çoxdur. Lakin, gəncliyə xas, tez tanınmaq, diqqəti cəlb etmək məqamları var. Soyuqqanlı davrana bilməyən yazarlar düşünürlər ki, klassiklərə söz atmaqla, dəyərlərimizi dağıtmaqla maraq dairəsi qazana biləcəklər. Ədəbiyyatda isə situasiya fərqlidir. Köklü ənənələrə sahib deyilsənsə, dəyərlərini diqqətə almırsansa, yaxşı ədəbiyyat nümunələri yaratmağın şübhə altındadır.
İstedadlı gənclər arasında da dəyərlərimizi sancmaqla nəyisə dəyişməyə çalışanlar var. Bu xüsusiyyət keçmiş klassiklərimizdə də olub. Onlar xalqı bir az sancmaqla qüsurları, yaraları aradan qaldırmağa çalışıblar. Lakin heç bir halda şəxsiyyətlərimizi təhqirə yol verməyiblər. İndi isə əksər gənclərin keçmiş irsimizdən, ədəbiyyatımızdan xəbəri yoxdur. Nadanların əsassız iddiaları, keçmişimizi, şəxsiyyətlərimizi təhqir etməsi dözülməzdir. Bunun cavabı mütləq verilməlidir.
- Gənclərin mütaliəyə marağının azlığını söylədiniz. Kitaba maraq məsələsində ən çox tənqid edilən hal rayonlarda kitab mağazalarının olmamasıdır. Bu problemi necə aradan qaldırmaq olar?
-Kitab çapı, klassik ədəbiyyatın latın qrafikası ilə çap edilməsi, kitabların sayının artırılması üçün addımlar atılıb və atılır. Amma təəssüf ki, mütaliə, oxu "dəbdən düşüb”. Rayonlarda kitab mağazalarının az olması ilə əlaqədar fikirlərimi zaman-zaman bildirmişəm. Doğrudan da bu problemi aradan qaldırmaq vacibdir.
Xaos dövrüdür, indi kitab çap etdirmək asandır. Kim ağlına nə gəlir, yazır, çap etdirir, roman, kitab adı ilə təqdimatını keçirir. Dəyərli kitabları, sanballı əsərləri oxumaq vacib məsələdir. İndi xeyli yazanlar var, amma dəyərli yazılar azdır.
-Fevralın 26-sı Xocalı faciəsinin 26-cı ildönümüdür. Bir müddət öncə, paytaxtda gənclər arasında sorğu keçirilmişdi. Məlum oldu ki, gənclərin çoxu Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, digər faciələrimiz haqqında az məlumatlıdırlar...
-Bəli, təəssüf ki, ictimai proseslərdən, tariximizdən uzaq gənclər var. Bu, bizim ümumi bəlamızdır. Amma Xocalı soyqırımının dünyada tanıdılması, xalqımızın başına gətirilən müsibətlərin dünyaya çatdırılması istiqamətində xeyli işlər görülüb. Həm dövlət səviyyəsində, həm də ictimai təşkilatlar, QHT-lər vasitəsilə ölkədə təbliğat da aparılır. Dünyanın bir sıra parlamentləri Xocalını soyqırımı kimi tanıyır, bu, böyük hadisədir.
Bu günlərdə erməni əsirliyində olmuş, Qarabağda törədilən faciələrin şahidi qaçqın və məcburi köçkünlərlə keçirilən görüşdə iştirak etdim. Xocalı faciəsi baş verən ərəfələrdə mən Ağdamda idim. İnsanlar demək olar, həmin dönəmdə əllərini hər şeydən üzmüşdülər. Sadəcə bunu deyirdilər: "Allah bu bəlanı götürməz”. Mən də inanıram ki, günahsız insanlara qarşı bu cür soyqırım törədənlərin layiqli cəzası mütləq veriləcək. Allahın bəndələri edə bilməsə də, allah o günahsızların ahını yerdə qoymaz. Vaqif Səmədoğlunun misrası ilə desək, Xocalı ilə bağlı görülən tədbirlərin hamısı ilahi ədalətin bərpa olunmasında Allaha köməkdir.
Söhbətləşdi: Aysel ASLAN