Rəşid Mahmudov deputatın qızına əsəbləşdi: "...Çox ayıb hərəkətdir"




"Milləti kəndə, şəhərə bölmək çox ayıb hərəkətdir”.

Bunu Sherg.az-a millət vəkili Ziyad Səmədzadənin qızı, bəstəkar Aygün Səmədzadənin bölgələrdən Bakıya gələn sakinlər haqqında statusuna münasibət bildirərkən tibb elmləri namizədi Rəşid Mahmudov deyib. 

O bildirib ki, dünyanın hər yerində milləti kəndçiyə, şəhərliyə bölüb, yerlibazlıq etmək ayıb sayılır:

"İkinci tərəfdən əslinə qalsa, elə həmin rayon camaatı gəlib, burada yaşam forması öyrətdi. Milləti kəndçiliyə, şəhərliyə bölmək ayıbdır. Çox xaiş edirəm ki, bunu heç yerdə qeyd etməsinlər. Belə insanları qəbul etmirəm. Belələri ziyalı deyil. Həmin bəstəkarı tanımıram, bəlkə də çox qabiliyyətli insandır. Amma mən bu fikirləri qəbul etmirəm. Millətimiz nə qədərdir ki, şəhərliyə, kəndliyə bölək?”.

Qeyd edək ki, millət vəkili Ziyad Səmədzadənin qızı bəstəkar Aygün Səmədzadənin fikrincə, təhsil müəssisələrində rüşvət də məhz rayon adamları tərəfindən yaradılıb. Həmçinin yerlipərəst və qohumbaz olmadığını bildirən bəstəkar yerlibazlıq söhbətlərini Bakıya sonradan gələnlərin dəbə gətirdiyini vurğulayıb. A. Səmədzadənin sosial şəbəkədə yazdığı bu statusu uzun müzakirələrə səbəb olub.

Aysel Aslan