"Rəsulzadə tarixçi-alimin əmisini belə xilas edib" - ÖZ DİLİNDƏN




Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.


Qeyd edək ki, M.Ə. Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. Rəsulzadə ömrünün son günlərində Türkiyəyə gəlib və ömrünün sonunadək Ankarada yaşayıb. 1955-ci il martın 6-da orada vəfat edib.

 Məhəmməd Əmin Rəsulzadənin həyatı, Azərbaycan xalqı üçün gördüyü işlər haqqında "Sherg.az”a danışan tarixçi-alim Dilavər Əzimlinin sözlərinə görə, Rəsulzadə XX əsr dünya tarixində ilk sıraları bölüşən ictimai siyasi xadimlərdən biridir:


 "Rəsulzadə irsini hələ də tam öyrənə bilməmişik. Rəsulzadə Azərbaycan gəncliyinə böyük örnəkdir. Yorulmaz insan, daim ön cəbhədə döyüşən, sona qədər mübarizə aparan, xalqı üçün çalışan şəxsiyyətdir. Rəsulzadə ailə üzvlərini bir-bir itirir, qohumları, yaxınları sürgün həyatı yaşayır, amma o mübarizəsini dayandırmır. Maraqlıdır ki, onun ətrafındakı insanlar, əzizləri, qohumları onunla fəxr edir. Rəsulzadənin Cümhuriyyəti qurana qədər də böyük işlər görüb. Azərbaycanda ilk siyasi təşkilatı 17 yaşında məhz gənc Məhəmməd Əmin Rəsulzadə yaradır. O bir kapitan kimi daim mübarizənin önündə gedir, ətrafına isə savadlı, təcrübəli ziyalıları yığıb. Onun mübarizə yoldaşları da Azərbaycan üçün böyük işlərin memarı olan şəxsiyyətlərdir. Cümhuriyyətin süqutundan sonra Rəsulzadə Moskvaya, oradan da Sankt-Peterburqa aparılır. Rəsulzadənin Sankt-Peterburqdan çıxarılmasına Müsavat partiyasının gizli təşkilatı kömək edir. Təşkilatın üzvlərindən biri Rəsulzadənin həmin şəhərdə işlədiyi yerə gələrək, fars dilindən tərcüməçi lazım olduğunu deyir. Tərcümə ediləcək materialları təqdim etmək üçün Rəsulzadəni həmin idarədən kənara çıxara bilirlər. Nəticədə, onu Sankt-Peterburqdan xilas edərək, Finlandiyaya aparırlar. Mühacirət həyatı başlayan Rəsulzadə Avropa ölkələrində də bir gün dayanmır, daima mübarizə aparır. Polşada olduğu müddətdə böyük təşkilat yaradır. Bu təşkilat Azərbaycana nəzarət edir. Ramiz Abutalıbovun Fransa arxivlərindən gətirdiyi materiallar əsasında, Rəsulzadənin Polşa fəaliyyətindən bəhs edən kitab nəşr edilib. Həmin təşkilatın gördüyü işlərin qayəsi Azərbaycanın SSRİ-nin tərkibindən ayrılıb, müstəqil olmasıdır. İkinci Dünya Müharibəsi dövründə də Rəsulzadənin Almaniyada saxlanan azərbaycanlı əsirləri xilas etmək üçün çalışıb. Mənim əmim Rəsulzadəni görmüşdü, deyirdi ki, bir əfəndi gəlib bizi xilas etdi. Görünür, həmin əfəndi Məhəmməd Əmin Rəsulzadə olub. O, almanların Azərbaycanı müstəqil görmək istəyinin olmadığını anlayır və bundan təəssüf hissi keçirir. 

Avropadakı fəaliyyətindən sonra Rəsulzadənin Türkiyədə davam edən mühacirət həyatı başladı. Burada da Rəsulzadə yorulmadan mübarizəsini davam etdirir. O, sona qədər inanıb ki, bir kərə yüksələn bayraq bir daha enməz. Bu fikirlə yaşadığına görə də, məhz ölümünə qədər üzərində Azərbaycan bayrağını gəzdirib. Həmin bayraq keçmiş prezident Əbülfəz Elçibəy Türkiyəyə səfər edərkən, Azərbaycan milli istiqlal mübarizəsinin və mühacirət mətbuatının önəmli simalarından biri olan Məhəmməd Kəngərli tərəfindən ona təqdim edildi. İndi isə bayraq muzeyində saxlanılır. Qeyd edək ki, M. Ə. Rəsulzadənin Türkiyə həyatı çox çətin keçib. 30-cu illərdə onu SSRİ-nin tələbi ilə Türkiyə ərazisindən çıxarırlar. Amma Rəsulzadə buna görə Türkiyədən incimədi. 

O anlayırdı ki, Türkiyənin yaşaması Azərbaycanın və Türk-Turan dünyasının yaşaması deməkdir. Bundan sonra maddi cəhətdən sıxıntılar çəkən Rəsulzadə bütün çətinliklərə baxmayaraq, mübarizəsindən dönmədi. Ona görə də bu şəxsiyyətin həyatı peyğəmbərlərin, övliyaların həyatına bənzər həyatdır”. Rəsulzadəni "Azərbaycanın bayrağı”, "Azərbaycan Cümhuriyyəti” adlandıran D. Əzimli deyib ki, üçrəngli bayrağı da siyasi doktrina şəklinə salan məhz Rəsulzadə olub: "Bu ideya Mirzə Fətəli Axundovdan başlayaraq, Əli bəy Hüseynzadə tərəfindən ortaya atılıb və doktrina kimi Məhəmməd Əmin Rəsulzadə tərəfindən işlənib. Rəsulzadənin "bir kərə yüksələn bayraq, bir daha enməz” fikirləri hər kəsin dilindədir. Biz təfəkkürümüzü dəyişməli, onların təfəkkürünə yaxın olmalıyıq. 

Biz Azərbaycan Cümhuriyyətinin, Rəsulzadə kimi ziyalıların irsinin davamçısıyıqsa, bu irsi tamamilə bərpa etməliyik. Bu bərpa onların təfəkkürü ilə, ancaq Azərbaycan dövlətçiliyinə, bu millətə xidmət etmək deməkdir”. 

Dilavər Əzimli bu ilin "Cümhuriyyət ili” elan olunduğunu xatırladıb və 100 illiyin qeyd olunması ilə bağlı təkliflərini səsləndirib: 

"Cümhuriyyətin 100 illiyi ilə bağlı ölkə başçısının sərəncamını dəstəkləyirəm. Amma əlaqədar təşkilatlar bu sərəncamı həyata keçirməli, ciddi işlər görməlidirlər. Hesab edirəm ki, Rəsulzadənin bugünkü doğum günü təntənəli qeyd olunmalıdır. Televiziyalarda, radioda verilişlər hazırlanmalı, müzakirələr açılmalıdır. Tək Rəsulzadənin şəxsiyyətinin təqdimi ilə bağlı deyil, onun ideologiyası, yazdığı əsərlər Azərbaycan xalqı üçün qoyduğu irsi təhlil edilməli, cəmiyyətə təqdim edilməlidir. O Azərbaycanın, Turan dünyasının milli ideologiyasını ortaya qoyub. Rəsulzadə tək Azərbaycandan deyil, Türküstandan Rusiya Dövlət Dumasına deputat seçilib. Güney Azərbaycanı, xüsusilə Səttərxanın qəhrəmanlığını yüksək qiymətləndirən şəxsiyyətin bu haqda önəmli məqalələri var. Rəsulzadə Kəngər körfəzinə çıxışı olan Böyük Azərbaycanın milli ideologiyasını hazırlayıb. Rəsulzadəyə olan sevgi Azərbaycanla məhdudlaşmayıb. Bütün region xalqları Rəsulzadəni sevib, dünya onun şəxsiyyətinə hörmət edib. Türk-müsəlman dünyasının 7-8 liderindən biri olan Rəsulzadəni təəssüf ki, təqdim edə bilmirik. Dünyada tayı-bərabəri olmayan bir siyasətçini Azərbaycan yetişdirib. Siyasi xadim, İranda Məşrutə inqilabının iştirakçısı olan ziyalı Seyid Həsən Tağızadə Rəsulzadə haqqında deyirdi: "Mahatma Qandi Hindistan üçün nə edibsə, Rəsulzadə də Azərbaycan üçün o cür böyük işlər görüb”. Mahatma Qandi Hindistanı işğaldan azad etdi, amma Məhəmməd Əmin dövlətçiliyini itirən ölkədə, yoxdan dövlət yaradaraq, demokratik dövlətçiliyi, müasir sistemi ortaya qoydu. Ona görə biz Azərbaycan Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə keçirməli və Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətini layiqincə işıqlandırmalıyıq. Bakı şəhərində Cümhuriyyət bağının salınması təklif edilir. Bu çox gözəl təşəbbüsdür.

 Fikrimcə, Rəsulzadə muzeyi də yaradılmalıdır. Məsələn, Gürcüstanda gürcülərin cümhuriyyətinin banisi olan Jordaniyanın adına muzey hələ Sovetlər zamanında yaradılıb. Biz isə 27 ildir ki, müstəqilik. 

Açça M.Ə.Rəsulzadənin adına muzey yoxdur. Bütün bunlar həm də tarixi məsələlərdir. Biz Babək, Şah İsmayıl Xətai və s. tarixi şəxsiyyətlərin Azərbaycanın tarixi simaları olduğunu təsdiq etmək üçün indi də döyüşürük. Bu gün Rəsulzadə kimi şəxsiyyətlərə yüksək qiymət verilməsə, onlar azərbaycanlı kimi dünyaya lazımi səviyyədə tanıdılmasa, 100-200 il sonra yenə həmin problemlər ortaya çıxacaq. Bunun qarşısını indidən almalıyıq”. 

M. Ə. Rəsulzadənin əsərlərinin yenidən çap olunmasına da toxunan tarixçi-alim buna böyük ehtiyac olduğunu diqqətə çatdırıb: 

"Rəsulzadə niyə Azərbaycan adının üzərində dayandı? Bunu gənclik bilməlidir. Şimali Azərbaycan böyük Azərbaycanın kiçik hissəsidir. Amma dövlətə bu adı seçməklə Rəsulzadə böyük coğrafiyanı millətə yenidən tanıtdı. Onun əsərlərinin yenidən çap olunması, öyrənilməsi bu kimi vacib məsələləri bir daha vurğulayacaq. Ali və orta məktəblərdə Azərbaycan Cümhuriyyəti irsi xüsusi öyrənilməlidir. Çünki bu bizim dövlətçilik tariximizdir. Biz Azərbaycan Cümhuriyyətinin varisi olan dövlət kimi Rəsulzadənin abidəsinin üzərində böyük türbə yaratmalıyıq. Onun məzarının Azərbaycana gətirilməsinin tərəfdarı deyiləm. Çünki o, bütün Türk dünyasına məxsus şəxsiyyətdir. Hesab edirəm ki, Azərbaycan bütövləşədən sonra gələcəkdə gələcəkdə Türkiyə ilə eyni dövlətdə birləşməlidir. Bu zamanın tələbidir. Bu həm də mənim fikrimdir”.


Aysel Aslan