
Rioda tarix yazdıq
Bu vaxta kimi olimpiada tariximizdə rekord sayda - 18 medal qazanıldıAzərbaycan dünya üzrə medal əyarına görə 39-cu, medal sayına görə 14-ci yerdədir

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sayca 31-ci Yay Olimpiya Oyunları başa çatdı. Avqustun 5-dən 21-dək keçirilən 17 günlük idman festivalında Azərbaycanı 56 atlet təmsil etdi və bu vaxta kimi olimpiada tariximizdə rekord sayda - 18 medal qazanıldı. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürüncdür. Rio Olimpiadasındakı qızıl medalın sahibi taekvandoçumuz Radik İsayevdir.
80 kq çəki dərəcəsində dünya və Avropa çempionu R.İsayev yarışlarda uğurlu nəticələr əldə edərək finala vəsiqə qazanıb. O, finalda nigerli Abdurazak İssufu 6:2 hesabı ilə məğlub edərək kolleksiyasına Olimpiya "qızıl”ını əlavə edib. Qazanılan ümumi medalların əyarına görə, Azərbaycan 207 ölkə arasında 39-cu, sayına görə isə 14-cü yeri tutub. Bu nəticə, Azərbaycan idmanında tarixi uğur sayıla bilər. Təbii ki, bütün bunlar çox fərəhləndiricidir və hər bir azərbaycanlı ölkəmizin adına qazanılmış bu uğura hədsiz sevinir. Onu da nəzərə almaq lazımdır ki, idmançılarımızdan 4-ü Olimpiadada növbəti medallarını qazanıb. Artıq Azərbaycanın Namiq Abdullayevdən başqa, 2 ikiqat - Toğrul Əsgərov və Şərif Şərifov, eləcə də 2 üçqat - Mariya Stadnik və Xetaq Qazyumov Olimpiya medalçısı var. Eyni zamanda, Rio Olimpiadasında Azərbaycan ilk dəfə olaraq güləş, taekvondo, cüdo, avarçəkmə və boks idman növündə medallar qazanıb. Xüsusilə Azərbaycan üçün xarakterik olmayan avarçəkmədə medalların qazanılması diqqət çəkən məqamlardandır. Amma həmişə olduğu kimi ölkəmiz ənənəvi olaraq döyüş idman növlərində daha güclüdür. Bunun üçün ölkəmizdə təbii, irsi, genetik mühit var. Bununla yanaşı, ənənəvi olmayan, digər idman növlərinin də inkişafı vacibdir və bu sahədə görülən işlər təqdirəlayiqdir.
Lakin ən maraqlı məqam odur ki, Azərbaycanda Rio Olimpiadasında idmançıların sayına nisbətdə ən çox medal qazanan ölkələr arasında birinci yeri tutdu. Yəni respublikamızı təmsil edən 56 idmançıdan 18-i medal qazana bildi. Bu çox sevindiricidir və fantastik rəqəm hesab edilə bilər. Statistikaya görə, ABŞ kimi ölkə bu siyahıda 3-cü yeri tutur. Yəni demək olar ki, yığmamızın təxminən 32 faizi, başqa sözlə, hər 3 atletimizdən biri Braziliyadan medalla qayıdıb. Bu məqam Azərbaycanı idman ölkəsi adlandırmağa əsas verir. Olimpiadada medal qazanmış hər bir idmançımızla fəxr edir, onlardan, eyni zamanda ölkəmizi təmsil edən digər legioner atletlərdən yeni-yeni uğurlar gözləyirik. Ümid edirik ki, bizim də ikiqat və üçqat Olimpiya çempionlarımız olacaq.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, dünya 19 gün ərzində maraqlı bir idman festivalı yaşadı, güclüləri müəyyən etdi, mədəniyyətləri biri-birinə tanıtdı. Deputatın sözlərinə görə, maraqlı gücün və estetikanın tərənnüm olunduğu idman oyunları hər zaman yadda qalacaq: "Həmişəki kimi, Azərbaycan bu möhtəşəm tədbirdə də fəal iştirak etdi. Həm kəmiyyət, həm də keyfiyyət göstəricilərimiz yüksək oldu. İlk dəfə olaraq daha çox idman növündə 18 medal qazandıq. Ötən "London - 2012” Olimpiadasında medallarımızın sayını 7-dən 10 qaldırmağımıza sevinirdik. Dörd ildən sonra isə medal göstəricilərimizi iki dəfə yüksəltdik. Bəli, biz nəyinsə daha yaxşı olmağını gözləyirdik. Ancaq 18 medalın özü yüksək göstəricidir. Dörd ildə Azərbaycan idmanının inkişafı, olimpiya hərəkatının genişlənməsi üçün çox iş görüldü, dünya Azərbaycan təcrübəsindən danışmağa başladı”. Millət vəkili bildirib ki, Azərbaycanın göndərdiyi hər üç idmançısından biri medala sahib oldu: "Azərbaycan dünya üzrə medal əyarına görə 39-cu, medal sayına görə 14-ci yerdədir. Avropa ölkələri içərisində isə medal əyarına görə 20-ci, medal sayına görə isə 6-cıyıq. Nəticələrimiz gözlədiyimizdən də yaxşıdır, idmançılarımız var gücü ilə yarışdılar. 18 medal kəmiyyətinin medal keyfiyyətinə keçməsi isə elə təbiət qanunlarına görə mütləq baş verəcək. Müstəqilliyimizi bərpa edəndən sonra iştirak etdiyimiz ilk dəfə Barselona-1992 olimpiadasına 2, sonrakı Atlanta-1996 olimpiadasında isə 1 medal qazanmışdıq”.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da deyib ki, qalibiyyətlər bizi yeni zirvələrə doğru aparır: "Azərbaycan xalqını olimpiyaçılarımızın böyük zəfəri münasibəti ilə təbrik edirəm. Yığmamız tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 5 idman növündə 18 medal qazandı. Bu nəticə Londonda keçirilən Olimpiya Oyunlarındakı 10 medal rekordumuzu yenilədi. Olimpiadada 56 idmançımızdan 18-nin medal qazanması, təqribən hər 3 idmançıdan birinin Vətənə medalla dönməsi deməkdir. Medal sayına görə MDB-də 2-ci, müsəlman dövlətləri arasında 1-ci, Avropa qitəsində 7-ci yeri tutmağımız bir daha göstərir ki, Azərbaycan idman ölkəsinə çevrilib. Yığma komandamızda artıq 2 və 3-cü dəfə olimpiya mükafatı qazanmış idmançılarımız var”. Toğrul Əsgərov Namiq Abdullayevin rekordunu təkrarlayıb. N.Abdullayev 1996-cı ildə Olimpiya Oyunlarında gümüş, 2000-ci ildə qızıl medal qazanıb. Toğrul da Londonda qızıl, Rioda isə gümüş medal qazandı. Bütün bu uğurlar dövlət başçımız cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının təzahürüdür”.
İsmayıl