Riskli addımdır...

Torpaq sahələrinin təyinatının dəyişdirilməsi hələ məhsuldarlığın yüksək olacağına zəmanət vermir


2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib. Bundan 81 min 739 hektar torpaq sahəsində 19 Aqroparkın yaradılması və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, həyata keçirilən belə tədbirlər aqrar sektorun inkişafına imkan verir. Bu isə istehsal olunan məhsulun artmasına, tələbatın ödənilməsinə, Ümumi Daxili Məhsulun həcmində qeyri-neft sektorunun payının artmasına şərait yaradır. Eyni zamanda, bol məhsulun əldə edilməsi xarici bazarlara çıxış imkanlarını genişləndirir. Bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 2017-ci ilin 6 ayı üzrə 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib. Həmin torpaqlar geri qaytarılaraq yenidən səmərəli şəkildə istifadə istiqamətində işlər həyata keçirilir, iri taxılçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür.

95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilməsi məsələsini "Şərq”ə şərh edən Natiq Cəfərli xatırladıb ki, ötən ilin sentyabr ayında Konstitusiyaya olunan son dəyişikliklərdən sonra dövlət orqanlarına torpaq mülkiyyətinin dəyişdirilməsi ilə bağlı qərar vermək üçün müstəsna səlahiyyət verildi. Bu, bir tərəfdən başadüşülən idi ki, ölkədə kifayət qədər istifadə olunmayan torpaq sahələri var ki, ayrı-ayrı məmurlar və onlara yaxın şəxslər tərəfindən zəbt olunub. Ancaq digər tərəfdən də mülkiyyət toxunulmazlığı pozulan ölkələrdə investisiya mühiti qaneedici olmur.
Torpaq sahələrindən səmərəli istifadənin vacib hal olduğunu vurğulayan N.Cəfərlinin sözlərinə görə, Azərbaycanın əraziləri o qədər böyük olmadığı üçün istifadəyə yararlı torpaqlardan maksimum istifadə etmək lazımdır: 

"Bu yolla həm ölkə əhalisinin ehtiyaclarını ödəmək mümkündür, həm də ixracat potensialını artırmaq olar. Ancaq əsas məsələ atılan addımların nə dərəcədə effektiv olacağı ilə bağlıdır. Bu isə gələcəkdə həmin torpaq sahələrindən necə istifadə olunacağından asılı olacaq. Təəssüflər olsun ki, hələ də Azərbaycanın dövlət və hökumət orqanları iqtisadiyyatda əsas oyunçu olmağa və həlledici qərar sahibi olmağa çalışırlar. Yəni hansı sahələr inkişaf etdirilməlidir, hansı torpaqda nə əkilməlidirsə, bütün bunlara dövlət qərar verir. Halbuki bu cür inzibati qərarlar olmamalı, dövlət sadəcə stimullaşdırıcı addımlar atmalıdır. Sovetdən qalma yanaşmanın yenidən həyata keçirilməsi heç bir səmərə verməyəcək. Təyinatı dəyişdirilən torpaqlardan alınacaq məhsuldarlığın səviyyəsi də bunu sübut edəcək. 5 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin sahəsi yaradıla bilər, amma bu, məhsuldarlığın yüksək olacağına heç bir zəmanət vermir. Qoyulan məhsulun belə yığılmama riski var. Hesab edirəm ki, vətəndaşların maraqlarını müdafiə etməklə aqrar sektorun inkişafına təkan vermək daha məqsədəuyğun olar”.

Şəymən