“Roma Papasından obyektiv mövqe gözləyirik”

“Heç olmasa, torpaqlarımızın işğalı məsələsini gündəmə gətirsin və girovlarımızın azad edilməsi ilə bağlı insani çağırış etsin”




Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbəri, millət vəkili Elxan Süleymanov Roma Papası Fransiskə Ermənistan səfəri öncəsi məktubla müraciət edib. Deputat məktubunda vurğulayıb ki, Azərbaycan ictimaiyyətində Papanın səfəri zamanı Dağlıq Qarabağın işğalına bəraət qazandırmaq məqsədilə Ermənistan hakimiyyətinin göstərəcəyi çaşdırıcı səylərlə bağlı dərin narahatlıq var.

Elxan Süleymanov əmin olduğunu bildirib ki, Roma Papası Azərbaycan xalqının əsrlər boyu sadiq qaldığı və dərin köklərə malik dini və etnik tolerantlıq ənənəsi barədə məlumatlıdır. AVCİYA rəhbəri Roma Papasının diqqətinə çatdırıb ki, Ermənistan 20 ildən artıqdır Azərbaycan ərazisinin 20 faizini qanunsuz olaraq işğal altında saxlayır. Bu ədalətsizliyin davam etməsinə baxmayaraq, Azərbaycan xalqı tolerantlıq ənənəsinə sadiqdir. Ermənistan isə ölkələr və xalqlar arasında düşmənçilik, nifrət yaradır. Bütün bunları nəzərə alaraq, zati-müqəddəslərini öz ilahi və mənəvi öhdəliyinə sadiq qalmağa və İrəvanda Dağlıq Qarabağda baş vermiş faciələrdən bəhs etməyə, o cümlədən Ermənistan hakimiyyətinə BMT qətnamələrinə müvafiq olaraq işğal edilmiş bütün Azərbaycan torpaqlarını geri qaytarması üçün çağırış etməyə səsləyirik”. Xatırladaq ki, bir müddət əvvəl jurnalist Eldəniz Elgün də Roma Papasına müraciət edərək ermənilər tərəfindən girov götürülmüş kəlbəcərli Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması məsələsini gündəmə gətirib. Papa Fransisə edilən müraciətlərlə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Papanın Azərbaycanla bağlı çox müsbət fikirdə olduğunu deyib. Ekspertin fikrincə, ötən zaman ərzində Heydər Əliyev Fondu bütün Qərb aləminin edə bilməyəcəyi qədər xristian toplumlara, kilsələrin təmirinə köməklik göstərib: "Azərbaycan multikultural dövlət kimi özünü təsdiq edib və islam dininə uyğun olaraq xristianlara daim hörmət göstərib. Ancaq ermənilərin islam və türk dünyasına münasibəti bəllidir. Ən acınacaqlısı odur ki, bütün erməni vəhşiliklərinin arxasında birbaşa düşmən ölkənin kilsəsi və dini liderləri durur. Çox güman ki, ermənilər bu dəfə də Roma Papasına Azərbaycan haqqında mənfi məlumatlar verməyə çalışacaqlar. Ancaq hər halda biz Fransisdən daha obyektiv mövqe gözləyirik. Düzdür, indiki Papa millətçidir və xristianlığa meyli yüksəkdir. Amma o da Allaha xidmət edən bir adamdır. Əgər vicdanı, əxlaqı və imanı yerindədirsə, yəqin ki, düşmən ölkədə həqiqətləri dilə gətirəcək. Əlbəttə, biz demirik ki, Papa konkret Azərbaycanı müdafiə etsin. Amma heç olmasa, torpaqlarımızın işğalı məsələsini gündəmə gətirsin və girovlarımızın azad edilməsi ilə bağlı insani çağırış etsin. Düzdür, bu məsələdə Dağlıq Qarabağ adlı "respublika” özünü yuyulmamış çömçə kimi ortaya atır. Amma şübhəsiz ki, Roma Papası münaqişənin və girov məsələsinin birbaşa Ermənistanla bağlı olduğunu bilir. Gözləyək görək, Papa səfər əsnasında hansı açıqlamaları verəcək”.

İsmayıl