Rövşən Lənkəranski ölməyib, reanimasiyadadır! - XƏSTƏXANADAN AÇIQLADILAR





Ötən gecə İstanbulda silahlı hücuma məruz qalan azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski dünyasını dəyişməyib, o, hazırda İstanbul Şişli Etfal Xəstəxanasında reanimasiya şöbəsindədir. Bu açıqlamanı Lent.az-a Şişli Etfal Xəstəxanasından veriblər. Telefonumuza cavab verən xəstəxana əməkdaşı bildirib ki, ötən gecə xəstəxanaya gətirilən azərbaycanlı yaralı ölməyib və hazırda reanimasiyadadır: "Mən xəstəni az öncə görmüşəm, o, ölməyib, reanimasiyadadır".
Xəstəxanadakı polislərdən də hadisə ilə bağlı məkumnat almağa çalışsaq da, polis əməkdaşları istintaq sirri olduğu üçün heç bir açıqlama vermədilər.

**
12:38
Türkiyədə baş vermiş silahlı hücum zamanı yaralanan, daha sonra yerləşdirildiyi xəstəxanada dünyasını dəyişən azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) doğulduğu Lənkəran şəhərində dəfn olunacaq.
Lent.az-ın "Report”a istinadən xəbərinə görə, bu barədə onun yaxınları məlumat verib.
Məlumata görə, Lənkəranskinin qardaşı Namiq Canıyev hazırda Türkiyədədir. O, qardaşının cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri ilə məşğuldur.
Hazırda Lənkəran şəhərində hüzr məclisinə hazırlıq işləri gedir. Yas məclisi Canıyevlərin Kiçik Bazar məhəlləsində yerləşən evində keçiriləcək. Lənkəranski həmin məhəllənin Sardaxlı qəbiristanlığında torpağa tapşırılacaq.
**
12:01
İstanbulda silahlı hücuma məruz qalan azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin öldüyü dəqiqləşib. Lent.az "Bizim Yol"a istinadən xəbər verir ki, bu barədə xəbəri avtoritetin qohumu, deputat Fəzail Ağamalı təsdiqləyib: "Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi”.
**
11:41
Kriminal avtoritet Rövşən Lənkəranskinin güllələnməsi xəbəri təsdiqlənir. Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, İstanbulda güllələnən azərbaycanlı həqiqətən Rövşən Lənkəranskidir. Kriminal avtoritetin yaxın çevrəsindəki mənbə bildirib ki, avtomobildə öldürülən şəxs Rövşən Lənkəranskinin sürücüsü yox, yaxın tərəfdaşıdır. Mənbə təsdiq edib ki, kriminal avtoritetin vəziyyəti ağırdır, o, bir neçə güllə yarası alıb.
Ehtimal olunur ki, "Rövşən Lənkəranski” hadisə baş verən yerin yaxınlığındakı oteldə hansısa "sxodka”da iştirak edirmiş.