“Milyonlarla insan bölgədən qaçacaq və Moskvanın əlində əhəmiyyətli təsir mexanizmi olacaqdı”
“Suriya ilə bağlı ən mühüm anlaşmanın mərkəzində dayanan ölkə Türkiyədir”
Suriyadakı vəziyyətin nizamlanması üzrə Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin sammiti oktyabr ayının ikinci yarısında İstanbulda keçirilə bilər. Bu barədə jurnalistlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfərinin yekununda bildirib. Ərdoğanın dediyinə görə, qeyri-adi bir şey olmasa, dördtərəfli İstanbul sammiti baş tutacaq: "Fransa rəhbəri Emmanuel Makronla danışmışam, o, bu fikrə müsbət yanaşıb. Almaniya kansleri Angela Merkel də razılaşıb”. Hazırda sammitin dəqiq tarixi müəyyən olmasa da, görüşün təşkilinə böyük diqqətlə yanaşılır.
Çünki sammitin Suriya məsələsinin həlli yolunda ciddi addım olacağı düşünülür. Bu arada Suriyanın şimalında yerləşən İdlib əyalətindəki silahlı müxalifət qruplarından biri bölgəni tərk etməyə başlayıb. Ötən gün Rusiya ilə Türkiyə arasında əldə edilmiş razılaşmaya əsasən bölgədə silahsız zona yaradılmalı və bütün silahlı qruplaşmalar oradan çıxmalı idi. Suriya insan haqları monitorinq mərkəzinin məlumatına görə, "Faylak aş Şam” qrupu Türkiyənin xahişi ilə bölgəni tərk edib. Məlumdur ki, Suriya böhranının həllində rol oynayan tərəflərdən biri də İrandır. Rəsmi Tehran ilk günlər İdlib prosesinə qatılmayacağını söyləsə də, ötən gün Suriyanı raket zərbələri ilə vurmağa başlayıb.
Yaxın Şərqdə yenidən aktivləşən prosesləri "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, Rusiya və Türkiyə arasında Soçidə baş tutan İdlib anlaşması Moskvanın təşəbbüsü ilə əldə edilməyib. Bu prosesdə Türkiyə tərəfi çox ciddi diplomatik səy ortaya qoyub:
"Paralel olaraq Rusiya, İran və digər dünya gücləri ilə mütəmadi danışıqlar aparan Türkiyə Kremli İdlib anlaşmasına razı saldı.
Rusiya İdlibə hücum etsəydi, milyonlarla insan bölgədən qaçacaq və Moskvanın əlində əhəmiyyətli təsir mexanizmi olacaqdı. Lakin bu əməliyyatdan sonra Rusiya Qərb ölkələri tərəfindən yenidən təklənə bilərdi. Bu baxımdan? Türkiyə balanslı siyasətə üstünlük verərək Moskvanı hücum fikrindən daşındırdı. Suriya ilə bağlı ən mühüm anlaşmanın mərkəzində dayanan ölkə Türkiyədir. Oktyabr ayında İstanbulda baş tutması gözlənilən önəmli görüş də rəsmi Ankaranın nailiyyətidir. Türkiyə dövləti bu prosesi uğurla yönəltdiyini hamıya sübut etdi.
"Silahsız bölgə” adlandırılan ərazidə yerləşən silahlı qruplaşmaların, məhz Ankara hökumətinin tələbi ilə bölgəni tərk etməsi Türkiyə ordusunun gücünü ortaya qoydu. Qardaş ölkə bugünə qədər ABŞ-ın, Rusiyanın və İranın edə bilmədiyini tək başına reallaşdırdı”.
İsmayıl