Rusiya Paşinyana etibar etmir
ABŞ isə yeni hökumətlə dialoqa hazırdır
Ermənistanda baş nazir uğrundakı mübarizə davam edir. İlk baxışda "rəngsiz” inqilabın şəriksiz lideri Nikol Paşinyanın mayın 8-də ikinci cəhddə baş nazir olmaq şansı real görünsə də, analitiklər tələsməməyi tövsiyə edirlər. Çünki gizli qərbpərəst sayılan Nikol Paşinyanın bir siyasətçi olaraq, nəyə qulluq etməsi hələlik tam məlum deyil. Müxalifət liderinin öz mövqeyini dəfələrlə dəyişməsi Rusiyada ona olan inamı azaldıb.
Bunu həm Rusiya KİV-lərində gedən analitik materiallardan, həm də rus politoloqların şərhindən görmək mümkündür. Belə təxminlər də var ki, Nikol Paşinyan ölkənin birinci şəxsi olandan sonra Mixail Saakaşvili kimi Rusiya ilə bağlı verdiyi vədləri tutmaya bilər. "Rosbalt.ru nəşri Paşinyanın heç də siyasi baxımdan tarazlı biri olmadığına diqqət yönəldib: "Paşinyan etibarlı adam deyil. Əgər o, baş nazir olsa, hər halda, Azərbaycan və Türkiyə faktorlarını nəzərə alıb təhlükəsizlik və maliyyə donoru çətiri kimi Rusiyanın maraqları ilə hesablaşmaq zorunda qalacaq. Ancaq Qərbə mütləq can atacaq və Moskvaya daima başağrısı olacaq. Bu isə o anlama gəlir ki, Paşinyan baş nazir postunu tutsa, Rusiya çalışacaq ki, maksimum tez onu aktiv siyasətdən kənarlaşdırsın. Ermənistanda "sistem” çətin ki, dəyişsin. Bu sistemin yalnız fiqurantları əvəzlənə bilər”.
İrəvanı ağır nəticələr gözləyir - Jirinovski
Ermənistandakı hakimiyyət dəyişikliyi ağır nəticələrə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yayıb. "Heç kim zəmanət vermir ki, erməni xalqının həyatı yeni hakimiyyətin dönəmində daha yaxşı olacaq. Ermənistan hakimiyyətindəki adamlar da sadə vətəndaşdırlar və onların da çatışmazlığı mövcuddur. Bu gün Ermənistanda baş verənlər dövlət çevrilişidir. Ermənilər indiki hakimiyyəti devirməklə daha pis hökumət əldə edəcəklər”, - o bildirib.
Generallar və Həsənov Paşinyanın tərəfinə keçdi
Respublika Partiyasının siyasi qanadı 8 mayda Nikol Paşinyanın əleyhinə səs verəcək. Bu barədə informasiyanı "Joxovurd” qəzeti yayıb. Qəzetin məlumatına görə, Paşinyanın xeyrinə isə əsasən milli azlıqların nümayəndələri Arsen Mixaylov və Knyaz Həsənov, respublikaçıların üzvü olan generallar səs verəcək: "Bunlar sırasında Seyran Saroyan da olacaq. Paşinyana biznesmenlərin də səs verəcəyi gözlənilir”.
Sarkisyanın partiyasından açıqlama: "Müxalifətə keçirik”
Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib ki, onların partiyası parlamentdə çoxluğa malik olsa da, RP özünü müxalifət hesab edəcək: "Fikrimcə, yeni siyasi qüvvələrlə əməkdaşlıq etməyin heç bir yolu yoxdur. Biz bu hökumətin tərkib hissəsi olmayacağıq”.
Paşinyana Qarabağın bu yolla həllini təklif edirik - Manukyan
Erməni Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan vurğulayıb ki, yeni baş nazirin seçilməsi ilə heç bir dəyişiklik olmayacaq. Çünki bütün xalq, Paşinyanı küçələrdə dəstəkləyən hər kəs Rusiya ilə yaxşı münasibətlərə malikdir: "Ölkənin xarici siyasət kursunda bu və ya digər istiqamətdə böyük dəyişikliklər olmasını heç kim istəmir. Nikol özü də son günlərdə dövlətin ənənəvi xarici siyasətinin qorunacağını təsdiqləyib. Xarici siyasətin dəyişməsi tələb olunmur. Məsələ daha ciddidir, Paşinyanın lazımı kadrları yoxdur. Bəli, onda yüksək səviyyədə legitimlik var, bütün xalq onu dəstəkləyir. Ancaq onun strateji əhəmiyyətli dövlət məsələləri sahəsində təcrübəli siyasi komandası yoxdur. Adamları dövlət strukturlarında təmsil olunmayıb. Buna görə də Paşinyan ilk növbədə böyük və çətin kadr problemini həll etməli olacaq və yalnız bundan sonra onun yeni formalaşdırılmış komandasının Qarabağ probleminin həll ilə necə məşğul olacağını anlamaq mümkünləşəcək”.
ABŞ-dan Paşinyanla bağlı açıqlama: "Hazırıq”
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib ki, Vaşinqton Ermənistanın yeni hökuməti ilə əməkdaşlığa hazırdır. Onun sözlərinə görə, Ermənistandakı siyasi proseslər bu ölkənin daxili işidir: "Biz əminik ki, situasiya Ermənistan konstitusiyasına uyğun olaraq, sülh yolu ilə həll ediləcək. Biz Ermənistana dost ölkə kimi, siyasi dalandan çıxış üçün konstruktiv dialoqun tərəfdarıyıq”.
"Rusiya artıq bu işə qol qoyub”
Politoloq Qabil Hüseynli deyib ki, Ermənistanda baş verən hazırkı hadisələr Rusiyanın ssenarisi əsasında gedir. Ekspert vurğulayıb ki, Ermənistan parlamentinin nizamnaməsinə görə, bir dəfə seçilməyən adamın namizədliyi ikinci dəfə verilə bilməz: "Lakin erməni mətbuatında Paşinyanın ikinci dəfə namizədliyini verəcəyi yazılır. Burada əsas məsələ səs yığmaqdır. Mən inanmıram ki, Paşinyan özünə lazım olan səsi toplasın. Ən əsası odur ki, Rusiya artıq bu işə qol qoyub. Moskva, eləcə də Qarabağ klanı Ermənistanda situasiyanı qoruyacaq və vəziyyətə nəzarəti ələ alacaq. Çünki Paşinyan indiki şəraitdə ona ümid edənlərin, həmçinin, xaricdəki erməni diasporasının ümidlərini doğrulda bilməz. Müxalif lider etirazçı kütlədən başqa heç bir şeyə malik deyil. Ermənistanda çox çətin və spesifik vəziyyət hökm sürür, dövlətçilik tamamilə dağılıb. Belə şəraitdə yalnız Rusiya proseslərə nəzərət edə, hadisələrə yön verə bilər”.
İsmayıl