"Rusiya Paşinyanı baş nazir postuna buraxmayacaq !" - Öz adamını gətirəcək





"Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Rusiya xarici işlər naziri Sergey Lavrov ilə gizlin görüşü Rusiyanın bu prosesdə vəziyyəti hansı istiqamətə yönəldəcəyi üçündür”.

Bunu "Sherg.az”a Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü barədə danışarkən politoloq Məhəmməd Əsədullazadə bildirib.

O söyləyib ki, Ermənistanda baş verən bu etirazlar Serj Sarkisyanın baş nazir olmasına qarşı idi:

"Narazılıqlar geniş vüsət aldıqdan sonra müxalif deputat Nikol Paşinyan bu etirazları idarə etməyə başladı. Göründüyü kimi, Serj Sarkisyan etirazlara davam gətirə bilmədi. Beləliklə də istefa verdi. Bəziləri düşünürdü ki, məlum narazılıqlar S.Sarkisyanın istefasından sonra sakitləşəcək. Amma bu, belə olmadı. Çünki nümayişçilər S.Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyasının birdəfəlik hakimiyyətdən getməsini istəyir. Nümayişçilər və N.Paşinyan hazırda baş nazir vəzifəsini icra edən Karen Karapetyana öz etirazlarını bildirdilər.

 Onlar hakim partiyanın getməsini tələb edirlər. Aprel 25-i üçün görüş təyin etmişdilər. Hesab edirəm ki, Rusiyanın təsiri nəticəsində K.Karapetyan N.Paşinyanla görüşdən imtina etdi. Hazırda Rusiya proseslərə fəal müdaxilə etməyə başlayıb. Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Armen Sarkisyana telefon açdı. Həmçinin Rusiyanın İrəvandakı səfiri N.Paşinyanla müzakirələr aparır. Onlar N.Paşinyanı K.Karapetyan ilə birgə danşıqlara getməyə dəvət edirlər. Rusiya çalışır ki, hazırki baş nazir vəzifəsini müvəqqəti icra edən K.Karapetyanla Respublikaçılar partiyasını hakimiyyətdə saxlasın. Onlar Respublikaçılar partiyasının ofisini mühasirəyə alıblar ki, etirazçı kütlə onlara hücum etməsin".

Ekspert onu da əlavə edib ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya gizli şəkildə səfər edib. Moskva istəyir ki, Ermənistandakı etirazçılar kütləsini minumuma endirib, indiki hakimiyyəti qorusun:

"İki rəsmi şəxsin Moskva görüşünün məqsədi Ermənistandakı vəziyyəti müzakirə etmək, həmçinin gələcək prosesləri nəzarətə götürməkdir. N.Paşinyan növbəti parlament seçkilərinə getmək istəyir. Ancaq Şimal qonşumuz son anda siyasi mübarizəni öz nəzarəti altına alacaq. N.Paşinyanın açıqlamalarından görürük ki, bu şəxs də Rusiyaya qarşı mövqey tutmur. Moskva əleyhinə etiraz nümayişlərində bir şüarını görmürük. Bu, Moskvanın bütün bu prosesləri öz əlində saxladığını göstərir.Rusiya çalışacaq ki, müxalifətlə indiki hakimiyyət kompromisə gəlsin və ya koalisyon hökuməti qorulsun. 

Düşünürəm ki, Ermənistanda baş nazir yenə də Rusiyanın adamı olacaq. Amma N.Paşinyanın baş nazir olmasına istefa edirəm. Çünki N.Paşinyanın "Məxməri inqilab”a rəhbərlik etdiyinə görə, Rusiya onu birmənalı şəkildə baş nazir postuna buraxmayacaq. Halbuki, N. Paşiyan özünü iddialı şəxs kimi göstərir.Rusiya son 10 gün ərzində prosesləri daha da öz nəzarəti altına alacaq. Seçkilərə getsələr də, hakimiyyətə Rusiyanın adamları gələcək. Bura da hər hansı bir inqilabın həyata keşməsinə yol verməyəcək. Çünki inqilab olsa, hadisələr Ukraynadakı kimi Qərbin xeyrinə dəyişə bilər”.

Kənan Eynuroğlu