Rusiya pomidorlarımızı geri qaytarır

Moskva ticari əlaqələri siyasi alver predmetinə çevirib və ondan xarici siyasətdə təzyiq vasitəsi kimi istifadə edirNatiq Cəfərli: “Necə olur ki, münasibətlərin pisləşməsindən 10 gün əvvəl belə bir problem yaşanmırdı, amma indi Azərbaycan məhsulları yararsız oldu?”
Son dövrlərdə Azərbaycan fermer və sahibkarları tərəfindən Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif səbəblərdən geri qaytarılması hallarının sayı artıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyasına göndərilən xeyli miqdarda pomidor məhsulu geri qaytarılıb, ölkəyə buraxılmayan məhsulun bir hissəsi isə tamamilə xarab olub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün Azərbaycan fermerlərinə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirib. Guya ki, məhsulların geri qaytarılmasının yeganə səbəbi onların Türkiyə, Gürcüstan və ya Ermənistan mənşəli olması ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına göndərilən kənd təsərrüfatı məhsulları və digər mallar qanunvericilikdə nəzərdə tutulan bütün müvafiq sənədlərlə təmin olunduqdan sonra ixracına icazə verilir. Buna görə də geri qaytarılan pomidor məhsullarının mənşə sertifikatının düzgün olmaması, yəni dolayısı ilə məhsulun Azərbaycanda istehsal edilməməsi barədə irəli sürülən arqumentlər əsla həqiqətə uyğun deyil.
Məsələ ilə bağlı "Şərq”ə danşan iqtisadçı-ekspert Natiq Cəfərli isə təəssüflə deyib ki, Rusiya ticari əlaqələri siyasi alver predmetinə çevirib və ondan xarici siyasətdə təzyiq vasitəsi kimi istifadə edir: "Biz dəfələrlə şahidi olmuşuq ki, Rusiya hər hansı bir ölkə ilə münasibətlərini korlayan kimi həmin ölkədən daxil olan məhsulları keyfiyyətsiz elan edir. O zaman sual meydana çıxır ki, necə olur ki, münasibətlərin pisləşməsindən 10 gün əvvəl belə bir problem yaşanmırdı, amma indi Azərbaycan məhsulları yararsız oldu? Əslində bu cür addımlar Rusiya siyasətinin tərkib hissəsi olduğu üçün bizi təəccübləndirmir. Çox güman ki, bu "silah”ından Azərbaycana qarşı istifadə etməkdə Rusiyanın hansısa planları var. Əgər Rusiya doğrudan da Türkiyə mənşəli məhsulların bazara Azərbaycan məhsulları adı ilə daxil olmasına bu cür prinsipial yanaşırsa, o zaman eyni prinsipiallığı Belarusiyaya qarşı niyə sərgiləmir? Avropa ilə Rusiyanın əlaqələri korlanandan sonra Belarusiya Avropa mallarını Belarus malı adı altında Rusiyaya ixrac edən ölkəyə çevrilib. Hətta çox gülməli bir situasiya da yaranıb ki, Rusiyaya ən çox kivi ixrac edən Belarusiyanın özündə bir dənə də olsun kivi ağacı yoxdur. Həmçinin də dəniz məhsullarının ixracatına görə, Rusiya bazarında ilk sıralarda olan Belarusun dənizə çıxışı yoxdur. Bu cür absurd situasiyalar fonunda Rusiya bazarında belaruslara heç bir məhdudiyyət qoyulmur və onların bu addımına göz yumulur. Çünki Belarusiya ilə Rusiya arasında strateji əməkdaşlıq var. Gömrük İttifaqı və Avrasiya Birliyi çərçivəsində çox sıx münasibətləri formalaşıb. Amma Azərbaycanla bağlı bir niyyətləri olan kimi həmin an ticari sanksiyalardan "rıçaq” kimi istifadə edir. Rusiya ancaq istədiyini aldıqdan sonra Türkiyə məhsullarının Azərbaycanın əli ilə Rusiya bazarına ixrac olunmasına razılıq verəcək. Bunun isə adı siyasi təzyiqin iqtisadi "rıçaq”lar vasitəsilə həyata keçirilməsidir.
- Rusiya Türkiyə ilə münasibətləri korlayıb, Azərbaycan məhsullarının da öz bazarlarına çıxış imkanlarını məhdudlaşdırır. Bəs, Rusiya iqtisadiyyatı bazardakı bu boşluğu necə dolduracaq?
- Son zamanlar Rusiyanın daha çox Asiya bazarlarına doğru yön almasını görürük. Latın Amerikası, Çin, Hindistan və digər uzaq şərq ölkələrindən Rusiya bazarlarına daxil olan məhsulların həcmində kifayət qədər artım müşahidə olunur. Əslində Rusiya elə hesab edir ki, bazarın Avropa, Türkiyə kimi ənənəvi iştirakçılarını sıxışdırmaqla yaranmış boşluğu doldura bilər. Amma burada anlamadıqları bir şey var ki, məhsul ölkəyə nə qədər uzaq məsafədən gətirilirsə, maya dəyəri və loyistic xərcləri də bir o qədər artıq olur. Bu isə nəticə etibarı ilə ölkə vətəndaşlarının cibinə ziyan vuracaq. Türkiyə Rusiyanın pomidor bazarında çox önəmli paya malik idi. Demək olar ki, bazarda satılan pomidorların 30-35 faizi Türkiyənin payına düşürdü. Təsadüfi deyil ki, Türkiyə ilə Rusiya arasındakı münasibətər korlanandan sonra bazarda pomidorun qiyməti iki dəfə bahalaşaraq bir kilosu 100-120 rubldan 200-250 rubla qədər qalxıb.
- Rusiyaya ixrac edilən məhsulların geri qaytarılması Azərbaycan iqtisadiyyatı üçün nə vəd edir?
- Təbii ki, bu proses Azərbaycan iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Rusiya Azərbaycan üçün çox önəmli bazardır. 145 milyonluq əhalisi olan Rusiya Azərbaycanın fermerləri və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlarının yaxşı tanıdığı bir bazardır. Azərbaycanın belə bir bazardan məhrum olması və ya müəyyən məhdudiyyətlərlə qarşılaşması ölkənin kənd təsərrüfatı ixracatında ciddi problemlərin yaşanacağı anlamına gəlir.
- Bu situasiyadan itkisiz çıxmaq üçün Azərbaycan hökumətinin müdaxiləsi zəruridirmi?
- Yuxarıda da qeyd etdiyim kimi, Azərbaycanda yetişdirilən məhsulların Rusiyaya ixrac edilməsinə qoyulan məhdudiyyət sırf hökumətlərarası münasibətlərdən qaynaqlanır. Münasibətlər qaydaya düşəcəyi halda bu problem də avtomatik olaraq aradan qalxacaq. Çox güman ki, bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə Rusiya hökuməti arasında müəyyən danışıqlar olacaq. Hətta deyərdim ki, artıq bu razılaşmanın ilkin işartıları da var. Rusiyadan 10 yeni təyyarə alınması ilə bağlı AZAL-ın müqavilə bağlanmasına dair xəbərlər yayılıb. Görünür, Rusiyanın təzyiqlərlə yanaşı, iqtisadi dividendlər qazanmaq barədə də planları var.
Şəymən