Rusiya-Ukrayna gərginliyi artır

Hər an Krımda böyük müharibə başlaya bilər




Son 2 həftə ərzində Moskva və Kiyev arasındakı gərginlik yenidən şiddətlənib. Bunun nəticəsi olaraq Ukraynanın Baş prokuroru Yuri Lukaşenku Rusiyanın 18 rəsmisi, o cümlədən müdafiə naziri Sergey Şoyqu barəsində cinayət işi açıb.

Baş prokuror S.Şoyqu və Rusiyanın daha 17 rəsmisini Ukraynanın milli təhlükəsizliyi əleyhinə hərəkətlərə və ağır cinayətlərə yol verməkdə qınayıb. Məlumata görə, S.Şoyqu ilə yanaşı, Vladimir Putinin müşaviri Sergey Qlazovun və Rusiya ordusunun 10 generalının adı da barəsində cinayət işi açılanlar sırasındadır. Qeyd edək ki, bir müddət öncə Rusiyanın Krım yarımadasına daxil olmaq istəyən Ukrayna qüvvələri ilə olan atışmada 2 rus hərbçisinin öldüyünü elan etməsinin ardınca Kiyev və Moskva arasındakı gərginlik yenidən intensivləşib. Gərginliyi şərh dən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə söyləyib ki, atəşkəsin mövcud olmasına baxmayaraq Ukraynanın Şərq bölgələrində separatçılarla Ukrayna silahlı qüvvələri arasında toqquşmalar yenə də davam edir: "Bu toqquşmaların hər an genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı var. İkinci istiqamət də Krımdır. Son zamanlar Krım istiqaməti arxa plana keçmişdi. Amma Rusiyanın "Ukrayna kəşfiyyatı partlayışlar həyata keçirmək istəyir və iki rus hərbçisi həlak olub” iddiası Krım mövzusunu yenidən aktuallaşdırdı. Hazırda Krım istiqamətində də vəziyyət gərginləşib. Ukrayna prokurorluq orqanları Krımla bağlı müxtəlif cinayət işləri açıblar. Bir sözlə, gərginlik iki istiqamətdə inkişaf edir. Əvvəl ancaq Şərq istiqamətində gərginlik vardı. İndi Krımda da eyni vəziyyətdir. Bu iki istiqamətdə Ukrayna Rusiya münasibətləri getdikcə, gərginləşir. Hətta Ukrayna hakimiyyəti çox maraqlı addım atıb. Krım üzrə bir prokuror da təyin edib”. "Bu gərginlikdən necə çıxmaq olar” sualına gəlincə, ekspert söyləyib ki, hazırda vasitəçi dövlətlər hərəkətə keçməlidirlər. Amma onlardan səs çıxmır: "Çində böyük 20-lərin görüşü çərçivəsində əslində 4-lü formatın görüşü planlaşdırılmışdı. Lakin Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bəyan etdi ki, Krımda baş verən son toqquşmadan sonra belə bir görüşə ehtiyac yoxdu. Bu isə o deməkdir ki, Krım və Şərq istiqamətindəki vəziyyət gərgiləşməkdə davam edəcək”.

Ayyət Əhməd