Rusiya xəbər tutmasın...

Avropa Birliyi Cənubi Qafqaz münaqişələrinə diqqət ayırmağa başlayıb



İyunun 8-10 tarixlərində İstanbulda Cənubi Qafqaz münaqişələri mövzusuna həsr olunmuş toplantı keçirilib. Toplantı qapalı baş tutduğundan, iştirakçılardan müzakirələr barədə məlumat yaymamaq haqda söz alınıb. İddialara görə, qapalı toplantının əsas mövzusu Cənubi Qafqazın həll olunmayan münaqişələri - Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadakı vəziyyətdir.

Avropa Birliyi, Norveç XİN və Norveç Helsinki Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda hər üç Cənubi Qafqaz respublikasından ekspertlər, QHT rəhbərləri iştirak edib. Toplantı barədə mətbuatda və sosial şəbəkələrdə hər hansı açıqlama yoxdur, ancaq ehtimallara görə, toplantıda münaqişələrin hazırkı vəziyyəti, həll imkanları, "xalq diplomatiyasının” durumu kimi məsələlər müzakirə olunub, ekspert rəy və tövsiyələri dinlənilib.

Politoloq Qabil Hüseynli isə bildirib ki, Avropa Birliyi müstəqil şəkildə Cənubi Qafqaz münaqişələrinə diqqət ayırmağa, prosesləri araşdırmağa başlayıb. Politoloqun sözlərinə görə, Avropa Birliyinin təşəbbüsü olan bu toplantının illeqal keçirilməsində məqsəd orada müzakirə olunan məsələlərdən Rusiyanın xəbər tutmamasıdır: "İstanbulda Cənubi Qafqaz münaqişələrini müzakirə edən qüvvələr Rusiyadan ehtiyatlandığı üçün toplantı iştirakçılarından gizliliklə bağlı söz alıblar. İndiki situasiyada Rusiyanı qəzəbləndirmək Avropa Birliyi üçün sərfəli deyil”.

Yerli ekspertlərin, QHT nümayəndələrinin AB-nin təşəbbüsü ilə keçirilən gizli toplantıda iştirakına gəldikdə isə Q.Hüseynli qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Azərbaycan arasındakı münasibətlər anormal bir vəziyyətdədir. "Digər beynəlxalq təşkilatlarla olan münasibətlər də qaydasında deyil. Çünki həmin təşkilatların Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə qarşı hər zaman ikili standartlardan çıxış etdikləri dəfələrlə öz təsdiqini tapıb. Bu səbəbdən də Azərbaycan onlara üz çevirmək məcburiyyətində qalıb. Gizliliyin arxasında isə dediyim kimi, Rusiya faktoru dayanıb. Çünki son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın Rusiya ilə anlaşmasına dair məlumatlar mətbuatın əsas müzakirə predmetlərindən biridir”.

Q.Hüseynlinin sözlərinə görə, təkcə Cənubi Qafqazdakı münaqişəli məsələlərin həlli yox, ümumilikdə Rusiyanın Cənubi Qafqazdan tamamilə yox edilməsi istiqamətində bir strategiya işlənib hazırlanmaqdadır. Artıq bu strategiyanın bəlli konturlarını mətbuata da sızdırıblar. Təbii ki, burada söhbət Cənubi Qafqazın həll olunmayan münaqişələri - Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya problemlərinin beynəlxalq təşkilatların səyi ilə həll olunması və burada Rusiyaya yer verilməməsindən gedir.

Şəymən