Rusiyadan daha bir Qarabağ açıqlaması

“Növbəti dəfə vəziyyətin gərginləşməsinə imkan vermək olmaz”



"Hazırda Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət tərəflərdən dözümlülük tələb edir, əsas vəzifə ondan ibarətdir ki, növbəti dəfə vəziyyətin gərginləşməsinə imkan verilməsin”.

ANS PRESS-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. "Hazırda Qarabağda baş verənlər bizim daha öncəki brifinqlərdə səsləndirdiyimiz tezisin təsdiqidir. Daha öncə də qeyd etdiyimiz kimi, indi həmişəkindən daha çox dözümlülük nümayiş etdirmək və stabilliyin bərpasına çalışmaq yönündə iş aparmaq lazımdır”. XİN rəsmisi münaqişənin sülh yolu ilə həlli üçün tərəflərin danışıqlar prosesini bərpa etmələrinin qəti tərəfdarı olduqlarını deyib. "Tərəflərin uzunmüddətli sülhün əldə olunmasına töhfə verəcək danışıqlar prosesini bərpa etməli olduğuna tam əminik. Mövcud sazişlər əsasında müharibə riskini azaltmaq üçün səyləri artırmağı olduqca əhəmiyyətli hesab edirik. Hazırda əsas vəzifə, sözsüz ki, vəziyyətin sakitləşməsi, zorakılığa, qan tökülməsinə yol verməmək, vəziyyətin sakitləşməsi və danışıqlar prosesinin başlanması üçün atmosfer yaradılmasıdır”.