Rusiyalı ekspertin proqnozları real deyil

Nə bu il, nə də gələn il Qarabağda müharibənin alovlanması gözlənilir



Cəbhə xəttində vəziyyət günü-gündən gərginləşir. Dünən düşmənin daha 5 nəfər hərbi qulluqçusu məhv edilib və 8 nəfəri yaralanıb. Bütün bunlar da Azərbaycan-Ermənistan arasında Dağlıq Qarabağ müharibəsinin yenidən alovlanma ehtimalını artırır. Bir çox ekspertlər hər an cəbhə xəttində vəziyyətin nəzarətdən çıxacağını və tərəflər arasındakı atışmaların genişmiqyaslı hərbi əməliyyatlarla əvəzlənəcəyini ehtimal edir.

Cənubi Qafqaz məsələləri üzrə rusiyalı ekspert Andrey Yepifantsev isə bu il üçün müharibə proqnozunu absurd hesab edir. Nəzəri cəhətdən Qarabağ münaqişəsi zonasında yeni müharibənin başlanmasını mümkün hesab edən ekspertə görə, hər halda bu situasiya bu il üçün aktual deyil, ancaq növbəti ildə tamamilə mümkündür. Onun sözlərinə görə, Azərbaycan nə qədər çox silahlansa və tərəflər arasında razılığa gəlmək mümkün olmasa, bir o qədər müharibə ehtimalı da yüksək olacaq.

Politoloqun fikrincə, bu payız Azərbaycanda parlament seçkiləri gözlənildiyindən, seçkilər başa çatmamış hərbi əməliyyatların bərpası ehtimalı sıfra bərabərdir.

Politoloq dünya oyunçuları arasında da yeni Qarabağ müharibəsində maraqlı olan ölkənin olmadığını düşünür. Onun sözlərinə görə, ölkədə müharibə müəyyən dərəcədə Türkiyəyə sərf edərdi, əgər Ankara əmin olsaydı ki, Azərbaycan bu müharibədən qalib çıxacaq. Belə əminlik isə yoxdur.

Rusiyalı ekspertin gələn il Qarabağda müharibə ocağının yenidən alovlanacağı ilə bağlı proqnozunu real hesab etmədiyini vurğulayan Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyib ki, bu istiqamətdə Rusiyanın mövqeyi hələ də dəyişməz olaraq qalıb: "Müəyyən mənada Rusiya-Azərbaycan yaxınlaşmasının Qarabağ müharibəsinin həllində lehimizə olacağı iddia olunsa da, Kremlin dəyişməsi ilə bağlı əlimizdə heç bir ciddi sübut yoxdur. Digər tərəfdən də Azərbaycan heç bir dövləti ciddi müttəfiq olaraq öz tərəfinə çəkmir”.

Müharibələr tarixinə nəzər salan politoloq qeyd edib ki, heç bir ölkə beynəlxalq arenada özünə münbit şərait yaradıb, razılaşmadan müharibəyə başlamır. Əks halda, uğurlu nəticə əldə etməyəcəklərini bilirlər. Azərbaycan Qarabağda genişmiqyaslı əməliyyatlara başlamazdan əvvəl öz tərəfdaşını seçməli və "hə”sini almalıdır: "Amma bu tərəfdaş kim ola bilər? Dağlıq Qarabağ məsələsində Azərbaycanın Rusiya ilə razılaşıb, Ermənistan üzərinə hücuma keçməsi birmənalı olaraq mümkün olan məsələ deyil. Çünki Rusiyanın Cənubi Qafqazda apardığı güclü siyasət heç bir halda buna getməyə imkan yaratmır. Rusiya bu problemdən təzyiq vasitəsi kimi istifadə edir və bu səbəbdən də Qarabağda "status-kvo”nun saxlanmasında maraqlıdır. Qardaş Türkiyənin isə başı öz problemlərinə qarışdığı üçün bu razılaşma yaxın illər üçün real deyil. Azərbaycan müharibəyə başlamaq üçün İrandan dəstək ala bilərdi, amma nə yazıq ki, Dağlıq Qarabağ problemi ilə bağlı İranın da yeritdiyi siyasət Rusiya ilə paralel gedir. Çox əfsuslar olsun ki, Azərbaycan qərbdən də dəstək ala bilmədi. Çünki Qarabağ problemi ilə bağlı Qərbi Azərbaycanın mövqeyini lazımi səviyyədə müzakirəyə çıxarmır. Qərb ancaq sözdə ölkəmizin ərazi bütövlüyünü tanıyır, məsələ real addım səviyyəsinə qalxanda onlar irəli durub, kömək etmirlər. Bütün bu münasibətlər fonunda deyə bilirəm ki, nə bu il, nə də gələn il Dağlıq Qarabağ cəbhəsində müharibə ehtimalı görünür. Hətta bəlkə daha uzun müddət real deyil”.

Rusiyalı ekspertin Azərbaycanın müharibə təşəbbüskarı olduğu ilə bağlı iddiasına gəldikdə isə F.Mehdiyev bu məsələdə Andrey Yepifantsevin haqlı olduğunu deyib: "Ermənistan müharibənin başlamasında niyə təşəbbüskar olsun ki? Hazırda ölkədə iqtisadi vəziyyət onsuz da kifayət qədər ağırdır. Xalq cəbhədəki itkilərdən çox narahatdır və əsgər ölümlərinə qarşı etiraz aksiyaları keçirirlər. İkinci bir tərəfdən də müharibə Ermənistana sərf eləmir, onlar zatən istədiklərini alıblar. Dağlıq Qarabağ və 7 ətraf rayon ermənilərin işğalı altındadır. Yenidən müharibə onlara nə qazandıracaq ki? Amma işğal altında qalan torpaqlarını azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün müharibə Azərbaycana lazımdır”.

Politoloq rusiyalı ekspertin Azərbaycanın bu müharibədə qalib çıxması fonunda Qarabağ müharibəsinin Türkiyəyə də sərf etməsi fikri ilə razılaşır: "Əgər Türkiyə əmin olsaydı ki, Azərbaycan bu müharibədə qalib olacaq, o zaman istənilən sahədə bizə dəstək verərdi. Dəstək deyəndə ki, bu ən az bizim qədər Türkiyə hökumətinin də işinə yarayar, onlar üçün müsbət bir hal olardı. "Biz Azərbaycana dəstək verdik və bunun sayəsində Dağlıq Qarabağ problemi həll olundu” kimi şüarlar fonunda Ərdoğan buna gedərdi. Amma Türkiyənin belə bir əminliyi olmadığı üçün müharibəyə başlamaq üçün Azərbaycana dəstək olsa, beynəlxalq güclərin hansı reaksiya verəcəyini bilmir”.

Şəymən