Saakaşvili asanlıqla təslim olmayacaq

Elə siyasətçilər var ki, onları aktiv siyasətdən uzaqlaşdırmağın yeganə yolu yox etməkdir


Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinə etiraz edən ukraynalılar Müstəqillik meydanına toplaşıblar.

 Aksiya iştirakçıları əllərində heç bir partiya bayrağı tutmayıblar. Fəallar deyiblər ki, konkret hansısa siyasətçiyə görə yox, sadəcə "hakimiyyətin özbaşınalığına qarşı” çıxış edirlər.

Onlara görə, bundan sonra hakimiyyət daha irəli gedə, digər müxalif siyasətçilərin də vətəndaşlığını ləğv edə bilər. 

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinə münasibət bildirib.

 O deyib ki, Saakaşvili Gürcüstanı tərk etməməli idi:

"Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edəndə, mən çox təəssüfləndim. Çünki iki dəfə Prezident seçilmiş şəxsin vətəndaşlığı olmalı idi. Baş komandan olmuş şəxs ölkəni tərk etməməliydi”. Xatırladaq ki, Ukrayna Prezidenti Petro Poroşenkonun fərmanı ilə M.Saakaşvilinin Ukrayna vətəndaşlığı ləğv olunub. Hazırda ABŞ-da olan Saakaşvili qərara sərt etiraz edərək Ukraynaya geri dönəcəyini bildirib. Məsələni "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, bu qərar Ukraynanın imicinə zərər vuracaq. Ekspertin sözlərinə görə, Poroşenko bu addımı ilə əslində siyasi karyerasını təhlükə altına atır: "Çox güman ki, Poroşenkonun rəqibləri bundan prezidentin əleyhinə istifadə edəcəklər. Saakaşvili Ukrayna üçün faydalı şəxs olub və sağlam tənqidlər irəli sürüb. Saakaşvili Ukrayqadakı islahatların ləngiməsini vurğulayır, ölkədə korrupsiyaya qarşı mübarizənin zəif olduğunu deyir, rüşvətxor məmurların vəzifədən uzaqlaşdırılmasını tələb edir. Poroşenko Gürcüstana səfər edəndən sonra İvanaşvilinin adamları prezidenti inandırıblar ki, guya, Saakaşvili "təhlükəli” adamdır və ondan xilas olmaq lazımdır. Poroşenko da gələcək rəqibini aradan çıxarmaq üçün bu cür addım atmağa qərar verib”. 

Ekspert bildirib ki, əsas gətirilən iddialar əsassızdır: 

"Saakaşvili Ukraynaya vətəndaşlıqla bağlı müraciət edəndə Gürcüstanda onun barəsində cinayət işinin olması Poroşenkoya məlum idi. Poroşenko belə davranışı ilə Qərb dünyası, xüsusən ABŞ-la əlaqələri korlaya bilər. Hamı bilir ki, Saakaşvili Amerikanın yetişdirdiyi siyasətçidir. Artıq Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzi meydanında mitinq keçirirlər. Bölgələrdən insanların paytaxta axışması haqqında da xəbərlər dolaşmaqdadır. Bunlar onu göstərir ki, Saakaşvili asanlıqla təslim olmayacaq. Elə siyasətçilər var ki, onları aktiv siyasətdən uzaqlaşdırmağın yeganə yolu yox etməkdir. Hökumət hesab edir ki, əgər Saakaşvili yaşayırsa və sərbəst gəzib-dolaşırsa, deməli, istənilən an aktiv siyasətə başlaya bilər. Onun Ukraynaya geri dönəcəyini deməsi də siyasi iradəsindən irəli gəlir”.

İsmayıl