Saakaşvili hakimiyyətə qayıda bilər

Elxan Şahinoğlu: “İvanişvili Saakaşvili ilə təkbaşına mübarizəyə hazır deyil”
"Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu ilə bu ilin oktyabrında Gürcüstanda baş tutacaq parlament seçkiləri, marafondan gözləntilər, Gürcüstan cəmiyyətinin seçimi və ölkədəki siyasi qüvvələrin reytinqi məsələləri ətrafında müzakirələr apardıq. Ekspert qeyd etdi ki, Gürcüstanın indiki hakimiyyətindən böyük gözləntilər vardı: "Düşünürdülər ki, hazırkı Prezident Georgi Marqvelaşvili ölkəni irəliyə aparacaq. O isə ölkə iqtisadiyyatının inkişafı ilə bağlı heç bir uğur qazanmadı.
Bu sahədə nə uğur qazanılıbsa, sabiq lider Mixail Saakaşvili və onun partiyası əldə edib. Baxın, M.Saakaşvili ölkəni mərhum dövlət başçısı Şevardnadzenin əlindən alanda ölkə çox ağır vəziyyətdə idi. Əhaliyə maaş və pensiyalar verilmir, iqtisadi durum çox gərgin idi. Amma M.Saakaşvili ölkəni inkişaf etdirdi. Ölkəni turist məkanına çevirdi. Əmək haqları yüksəldi. Polis və digər dövlət orqanlarında ciddi islahatlar apardı. Korrupsiyanın kökünü kəsdi.
- Bu qədər islahat aparmış və ciddi yeniliklərə imza atmış siyasi lider nədən növbəti dəfə seçilmədi?
- Onun hakimiyyəti dövründə həbsxanada yaşanan olaylardan sonra cəmiyyətdə Saakaşviliyə qarşı hiddət yarandı. Ona görə də seçkilərdə partiyası qalib gələ bilmədi. Seçkiləri Marqvelaşvili hökuməti qazandı. Lakin bunlar hakimiyyətdə olduğu müddətdə ciddi islahatlar apara bilmədilər. Nə qazanılıbsa, Saakaşvilinin dönəmində qazanılıb. İndi onun qazandıqlarını xərcləyirlər. Ona görə də düşünürəm ki, oktyabr seçkilərində Saakaşvilinin tərəfdarlarının imkanı artacaq. Saakaşvilinin bu günlərdə "Rustavi” kanalına müsahibəsində "Gürcüstana qayıdacam” ifadəsini işlətməsi təsadüfi deyil. Sabiq lider bununla Gürcüstan cəmiyyətinə və tərəfdarlarına mesaj verir ki, inkişaf və gəlirlərinizin artmasını istəyirsinizsə, mən yenə də qayıda bilərəm. Əsas odur ki, mənim partiyamı hakimiyyətə gətirin. Saakaşvilinin partiyası iqtidara gəlsə, onun üzərindəki qondarma cinayət işləri aradan götürüləcək.
- Bu dəfə Gürcüstan cəmiyyəti M.Saakaşviliyə "hə” deyə bilərmi?
- Gürcüstan cəmiyyətinin fikri dəyişir. Saakaşviliyə inam yenidən bərpa olunur. Baxın, Ukraynanı götürək. Orda da dəyişikliklər baş verdi. İnqilab oldu. Yeni hakimiyyət gəldi. Amma keçmiş baş nazir Arseni Yatsenyukun reytinqi sıfıra endi. Prezident məcbur olub, onu istefaya göndərdi. İndi Gürcüstanda da oxşar proseslər baş verir. Saakaşvilini bəh- bəhlə devirdilər. Ona cinayət işləri açdılar. Bəzi tərəfdarlarını həbs etdilər. Cəmiyyət gözləyirdi ki, indiki hakimiyyət Saakaşvilidən daha böyük işlər görəcək. Lakin görə bilmədi. Bu baxımdan düşünürəm ki, cəmiyyətdə hazırkı iqtidarın islahatlarının uğur qazanmayacağı qənaəti güclənib. Həm də indiki hakimiyyət koalision hökumətdir. Koalisiyada da ixtilaflar var. Ola bilsin ki, insanlar artıq koalisiya görmək istəmirlər. Çünki M.Saakaşvilinin vahid partiyası vardı və hakimiyyəti təkbaşına idarə edirdi. Bir sözlə, Saakaşvilinin partiyasının oktyabr seçkilərində qələbə qazanması ehtimalı getdikcə güclənir.
- Seçki marafonunda M.Saakaşvili və G.Marqvelaşvili ilə yanaşı üçüncü tərəf olan Nino Burcanadzenin də partiyası gücünü sınayacaq. Sizcə, N.Burcanadzenin Gürcüstan cəmiyyətində yetərli nüfuzu və sosial bazası varmı?
- N.Burcanadze populist siyasətçidir. Son zamanlar Rusiya ilə yaxınlaşma siyasəti yürüdür. Bu yaxınlarda Moskvaya səfər etdi. Halbuki, Moskva Gürcüstanı parçalayıb, Abxaziya və Osetiya separatçıların əlindədir. O, belə açıqlamalar verir ki, bizim üzümüz Qərbə deyil, Rusiyaya tərəf olmalıdır. İnanmıram ki, Gürcüstan cəmiyyəti bunu həzm edə bilsin. Ola bilər cəmiyyətdə Rusiya ilə sıx əməkdaşlığı istəyənlər var. Amma əksəriyyət bunun əksini düşünür və fikirlərində də haqlıdırlar. Rusiya inkişaf etmiş Gürcüstanın varlığında maraqlı deyil. Gürcüstan Qərblə inteqrasiyaya çalışır. NATO-nun üzvü olmaq istəyir. Avropa Birliyinin (AB) üzvü olmağa çalışır. Aİ ilə Assossiativ saziş imzalayıb. Bu reallıqlar fonunda hesab edirəm ki, Burcanadzenin şansı o qədər də böyük deyil. Həm də onun verdiyi vədlər cəlbediciliyini itirib.
- N.Burcanadzenin Rusiyameyilli, Saakaşvilinin isə Qərbyönümlü siyasət yürütməsi məlumdur. Bəs, indiki Marqvelaşvili hökuməti hansı yolu tutub?
- Marqvelaşvili hakimiyyəti Rusiya ilə münasibətləri normallaşdıracaqlarını bildirirdi. İddia edirdilər ki, Saakaşvilinin gərginləşdirdiyi əlaqələri onlar normallaşdıracaqlar. Amma düzəldə bilmədilər. İkili oyun oynadılar. Həm çalışdılar ki, Qərblə əlaqələri inkişaf etdirsinlər, həm də Rusiya ilə. Moskva isə Marqvelaşvili hökumətinin qarşısına konkret tələb qoydu ki, ya mən, ya da Qərb. Bu şərti G.Marqvelaşvilini kənardan dirijor çubuğu ilə idarə edən biznesmen B.İvanişvili və onun tərəfdarları qəbul edə bilməzdi. Çünki həqiqətən Gürcüstan cəmiyyəti özünün inkişafını Qərblə sıx inteqrasiyada görür. Rusiya da münasibətlərin normallaşdırılması qərarını vermədi. Halbuki, hamı deyirdi ki, B.İvanişvili Moskvanın adamıdır. Gələn kimi Rusiyanın bütün layihələrini reallaşdıracaq. Hətta Abxaziya və Cənubi Osetiya məsələləri həllini tapacaq. Lakin heç bir məsələ həllini tapmadı. Kremllə yaxınlaşma baş vermədi. Sadəcə, Moskva belə bir kiçik addım atdı ki, gürcü şərabı və borjomi suyunun idxalını yasaqlamadı. Rusiya hakimiyyəti bundan başqa bir yumşalmaya getmədi. Bu illərdə nə Gürcüstan Prezidenti, nə də Baş naziri Moskvaya səfər etdi. Bu məsələ münasibətlərin hansı səviyyədə olmasını aydınca ortaya qoyur.
- Bəzən B.İvanişvili ilə Saakaşvilini müqayisə edirlər. Bu, doğru yanaşmadırmı?
- Əlbəttə, yanlışdı. İvanişvili siyasətçi deyil, ticarətçidir. Bu səbəbdən o, siyasi arenada yoxdur, özü üçün bir xaç atası statsunu kəşf edib. Yəni "mən kənarda dayanacam, ölkəni mənim adamlarım idarə edəcək” iddiası ilə çıxış edirlər. Belə dövlət idarə olunmaz. Sən öz gücünə arxalanırsansa, hakimiyyətdə özün olmalısan. M.Saakaşvili öz iddiası uğrunda savaşır. Özü istəyir ki, mübarizə aparıb, hakimiyyətə gəlsin. B.İvanişvilinin kənarda oturmaqla nəyəsə nail olması mümkün deyil. Çünki hansısa məqamda idarə etdiyi adamlar ona dişlərini göstərəcək, tabe olmaq istəməyəcəklər. İvanişvili siyasi arenaya ona görə gəlmir ki, heç siyasi bacarığı yoxdur. Aydındır ki, təkbətək mübarizədə Saakaşviliyə uduzacaq. O adam heç zaman siyasətlə məşğul olmayıb. İvanişvili Saakaşvili ilə təkbaşına mübarizəyə hazır deyil. Əlaltıları vasitəsilə mübarizə aparır. Saakaşvili də ağıllı siyasətçidir. Müsahibələrində İvanişvilinin adını ona görə çəkir ki, meydana İvanişvili gəlsin və cəmiyyət onlar arasındakı fərqi bir daha görsün.
- M.Saakaşvilinin yenidən hakimiyyətə qayıtması Azərbaycanın maraqlarına cavab verirmi?
- Sabiq prezident Azərbaycanla strateji əməkdaşlığın önəmini anlayırdı. İndi də vurğulayır ki, Bakının dəstəyi olmasa idi, Tiflis Rusiya qarşısında çökərdi. Təəssüf ki, indiki hökumət bunu anlamır. Gah qaz anlaşmalarına yenidən baxmağı tələb etdilər, gah da Bakı-Tiflis-Qars dəmiryolunu ləngitdilər. İndi də başqa problem yaradıblar, Gürcüstan üzərindən Mərkəzi Asiyaya gedən Türkiyə tırlarına əngəl yaradırlar. Qısası, Azərbaycanla strateji tərəfdaşlığın əhəmiyyətini dərk etmirlər. Halbuki, Azərbaycanın ianələri, kreditləri və boru xətləri olmasa, Gürcüstanın heç bir gəliri olmaz. Düşünürəm ki, Saakaşvilinin yenidən hakimiyyətə gəlməsi, Azərbaycanın da maraqlarına cavab verir.
Ayyət Əhməd