Gürcüstandakı seçkinin nəticəsini proqnozlaşdırmaq çox çətindir
“Ölkədəki parlament seçkilərini ABŞ-Rusiya mübarizəsi kimi dəyərləndirmək olar. Bu seçkidə hər iki şəxsdən vasitə kimi istifadə edilir”
Bu ilin oktyabrında Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçki hakimiyyətdə olan "Gürcü Arzusu” siyasi bloku üçün növbəti sınaq, müxalifətdə olan Vahid Milli Hərəkat Partiyası üçün isə dördillik fasilədən sonra yenidən iqtidar olmaq şansı yaradacaq. 2012-ci ildə sabiq dövlət başçısı Mixail Saakaşvilinin partiyası - Vahid Milli Hərəkat seçkini "Gürcü Arzusu” siyasi blokuna uduzandan sonra partiyanın 10 illik iqtidarlıq dönəmi bitdi.
Lakin Gürcüstanın eks-prezidenti yenidən hakimiyyətə qayıtmaq niyyətində olduğunu dəfələrlə bəyan edib. Ötən gün seçkilər barədə danışan Odessa qubernatoru Saakaşvili ölkəyə dönüşünə heç kimin mane ola bilməyəcəyini deyib: "Məni ölkədəki ədalətsizliklə mübarizə aparmaq qorxutmur. Harada olmağımdan asılı olmayaraq, ölkəmə sadiqəm. Gürcüstan vətəndaşlığı Rusiya oliqarxlarının oyuncağı olanların imzaladığı sənədlə müəyyən edilmir. Heç bir cərimə məni bu böyük ədalətsizliklə mübarizə aparmaqdan çəkindirmir. Heç bir cərimə mənim dönüşümün qarşısını ala bilməyəcək”.
Keçmiş baş nazir Bidzina İvanişvili isə Saakaşvilinin partiyasını hakimiyyətə buraxmamaq üçün bütün resurslardan istifadə edəcəyini bildirib. O, özünü Saakaşvilinin komandasını qıcıqlandıran ən böyük səbəb adlandırıb: "Onların ölkəni öz sadist eksperimentləri üçün laboratoriyaya çevirməsinə izn verməyəcəm. Mən bu parlament seçkisində hakimiyyətə gəlmək üçün mübarizə aparmıram. Gürcüstanda heç bir iqtisadi marağım da yoxdur”. Saakaşvili dəfələrlə İvanişvilini Rusiyaya xidmət etməkdə günahlandırıb. Xatırladaq ki, Gürcüstanda yaşayan azərbaycanlılar arasında da ali qanunverici orqana seçilmək uğrunda mübarizə aparanlar var. Bu baxımdan soydaşlarımız da seçkini maraqla gözləyirlər. Liderlərin seçki savaşı ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyev deyib ki, Saakaşvilini Qərb, İvanişvilini isə Rusiya dəstəkləyir. Onun sözlərinə görə, Gürcüstanda böyük nüfuz davası gedir: "Hər tərəf çalışır ki, onlara dividend gətirəcək siyasətçilər hakimiyyətə gəlsin. Ona görə də ölkədəki parlament seçkilərini ABŞ-Rusiya mübarizəsi kimi dəyərləndirmək olar. Bu seçkidə hər iki şəxsdən vasitə kimi istifadə edilir. Avropa istəyir ki, Gürcüstan qərbyönlü siyasətində daha israrlı olsun. Amma Rusiya da öz prinsiplərindən əl çəkmir və Abxaziya, Cənubi Osetiya kartından maksimum yararlanmağa çalışır. İvanişvili də var-gücü ilə Saakaşviliyə qarşı mübarizə aparır, onun tərəfdarlarını hakimiyyətdən uzaqlaşdırır. Lakin Qərb Saakaşvilinin gündəmdə qalması üçün əlindən gələni edir. Onun Ukraynada vəzifəyə gətirilməsi də bu məqsədlə atılmış addımdır”.
Ekspert bildirib ki, seçkinin nəticəsi barədə yüzdə-yüz proqnoz vermək mümkün deyil. Ancaq hazırda görünən odur ki, İvanişvilinin tərəfdarlarının və onun partiyasının nüfuzu Gürcüstanda daha üstündür: "Hüquq-mühafizə orqanlarında, eləcə də digər qurumlarda keçmiş baş nazirin sosial bazası Saakaşviliyə nisbətən çoxdur. Məncə, bundan sonrakı hər hansı seçkidə Saakaşvili uğur qazana bilməz. Çünki ölkədə əksəriyyət İvanişvilinin Gürcüstan üçün daha çox və faydalı iş gördüyü düşüncəsindədir. Eyni zamanda eks baş nazirin partiyası Rusiya meyilli olsa da, qərbə inteqrasiyadan vaz keçmir. İndiki hakimiyyət demək olar ki, bütün sosial təbəqələri ələ keçirib və əhali arasında ciddi təbliğat işi qurub”.
"Qeyrət” Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov da sosial şəbəkədə seçki ilə bağlı fikirlərini paylaşıb: "Mənim üçün çox maraqlıdı, istər hakim partiya, istərsə də müxalifət namizədləri indi xalqın hüzuruna çıxacaqlar. Bəs bunlar millətə hansı vədləri verəcəklər? Yeni kredit banklarımı, yoxsa alıcısı olmayan kənd-təsərrüfat malları bazarlarımı, axı nəyi? Biz bu suallara cavab axtarırıq. Millət Marneuli bazarında kisəsi 3 lariyə yaşıl bibər, 2 lariyə bir torba badımcan, 5 lariyə 40 kiloqram pomidor, kartof, yerkökü, kələm alıb-satır. Camaat belə az qazancla banka olan borclarını necə bağlasın, xeyir-şərini necə yola versin?! Qarşıdan canavar kimi qış gəlir. Sərt qışa odun-ocaq alıb tədarük görmək lazımdır. Əgər bu problemlərə çözüm tapıb, millətə kömək olacaq namizəd varsa, buyursun gəlsin. İstər hakimiyyət, istərsə də müxalifət sıralarından olsun, fərq etməz, məncə o, millətin baş tacı olacaq”.
İsmayıl