Saakaşviliyə Ukraynada da cinayət işi açılır ? - AÇIQLAMA




"Pyotr Poroşeko hakimiyyətə gələndə Mixayıl Saakaşvilini və keçmiş komandasını özü dəvət etdi ki, Ukraynada islahatlar aparsın”.

Bu barədə Sherg.az-a Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlıqdan məhrum edilməsinin səbəblərini izah edərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Ukrayna prezidenti Gürcüstanda olan islahatların uğurla davam etdiriləcəyini düşünüb:

"Təəssüf ki, Ukraynada bu islahatlar alınmadı. Bunun da obyektiv səbəbləri var. Gürcüstanın əhalisi 3 milyon, Ukraynanın isə 40 milyon nəfərdir və Ukraynada korrupsiya, rüşvət daha dərin kök salıb. Ona görə, M.Saakaşvilinin islahatları yaxşı nəticə vermədi. O cümlədən, keçmiş prezident Odessaya qubernator təyin olundu, lakin bu şəhərdə də köklü islahatlar alınmadı. Çünki o, korrupsiyanın kökünün Kiyevdə olduğunu düşünüb, mübarizəyə qalxdı. Sonradan vəzifəsindən istefa verdi və Poroşenkoya qarşı müxalifətə keçdi. Bundan sonra artıq Saakaşvili prezidentə mane olmağa başladı.

Bu səbəblərdən M.Saakaşvili Ukrayna vətəndaşlığından azad edildi. Ukrayna indiyə qədər ona görə bu addımı atmırdı ki, Amerikanın etirazından qorxurdu. Çünki Barak Obamanın komandası Saakaşviliyə dəstək göstərirdi. Lakin Donald Trampın və administrasiyasının onunla bir əlaqəsi yoxdur. Ona görə, Poroşenko Amerikadan heç bir reaksiya almadı”.

E.Şahinoğlu əlavə edib ki, bundan sonra Saakaşvili üçün çətin olacaq:

"Çünki o Gürcüstana da qayıda bilməz, ona qarşı cinayət işi açılıb. Ukrayna vətəndaşlığından məhrum edildiyindən orada da cinayət işi açılacağı istisna deyil. Düşünürəm ki, o, Amerikada siyasi sığınacaq alıb, pedaqoji fəaliyyətlə məşğul olmalıdır”.

Qeyd edək ki, M.Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinə səbəb kimi onun vətəndaşlıq üçün sənədləri doldurduqda Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd etməsi göstərilir. Belə ki, o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilmişdi.

Xatırladaq ki, M.Saakaşvili Ukrayna vətəndaşlığını 2015-ci ilin mayında alıb. O, bu tarixdə Ukraynanın Odessa vilayətinin başçısı təyin olunmuşdu. M.Saakaşvili 2016-cı ilin noyabrında bu vəzifədən istefa verib.

Aysel Aslan