Sağlamlıq imkanı məhdud şəxslərə qulluq edənlərin müavinəti yüksək olmalıdır
Bütün hallarda güclü nəzarət mexanizmi işlənməlidir. Bəzən ailə üzvləri də qulluqda səhlənkarlığa yol verir, sağlamlıq imkanı məhdud insana lazımi qayğı göstərmirlər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamı ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla yanaşı, yeni təqaüd növlərinin təsis edilməsi də nəzərdə tutulub.
Sərəncama əsasən, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Bəs bu təqaüdlərin ödənişi necə aparılacaq və təyin olunması üçün hansı sənədlər tələb ediləcək?
Hazırda bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq icra mexanizmi hazırlanır.
Nazirlikdən verilən məlumata görə, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunan təqaüdün onlara ödənilən sosial müavinətlə birgə ödənilməsi, bunun üçün hər hansı bir sənədin tələb olunmaması nəzərdə tutulur.
I qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd isə qulluq edən şəxsin özünə ödənəcək. Hazırlanmış ilkin layihədə qulluq edənin müəyyən edilməsi üçün tələb olunan sənədlərə qulluq edənin şəxsiyyət vəsiqəsi, müvafiq yerli icra hakimiyyəti orqanının vətəndaşın I qrup əlilliyi olan şəxsə qulluq göstərməsinə dair arayışı və Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə ərizəsi daxildir.
«Gənc Vətəndaş» Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru, hüquqşünas Günel Səfərova «Şərq»ə açıqlamasında qanunvericiliyin əla formada hazırlandığını, lakin icra mexanizmi ilə bağlı bəzən problemlər ortaya çıxdığını bildirdi:
- Qanunvericilik bazası, sosial paketlər, təhsillə bağlı proqramlar, hamısı əladır, yaxşı hazırlanır. Qalır, məsələnin əsas tərəfi – icra mexanizmi. Məhz bu məsələdə dəqiqlik lazımdır. Sosial işçi modeli yeni deyil. Dünya praktikasında bu var. Ailə psixoloqları, sosial işçi vəzifəsində çalışanlar var. İlk növbədə bunu deyim ki, sağlamlıq imkanları məhdud uşaqlara qulluğa görə ödənilən müavinətin miqdarı azdır. Bu məbləğ hardasa minimum əmək haqqı dəyərində olmalıdır. Eləcə də, 1-ci qrup əlilliyi olanlara qulluq edəcək şəxslərə ödəniləcək müavinətin miqdarı da minimum əmək haqqından nəinki aşağı olmalı, hətta yüksək olmalıdır.
Çünki sağlamlıq imkanı məhdud şəxslərə qulluq xüsusi əmək kateqoriyası hesab edilir. Bu sosial işçilər psixoloji təzyiq altında işləyirlər. Həssas bir təbəqəyə xidmət edirlər. Psixoloji gərginlik, xüsusi iş şəraiti nəzərə alınmaqla bu işçilərin əmək haqqı yüksək təyin edilir. Dünyada sosial işçilər mexanizminin bir neçə variantı mövcuddur. Avropada elə ölkələr var, bunu icma mərkəzləri, sosial xidmət mərkəzləri həyata keçirir. Hollandiyada belə bir model işlənib ki, vətəndaşın mənzilinə daha çox gedib-gələn, mənzilə sərbəst daxil ola bilən, müntəzəm mənzilə çağırılan şəxs - tutalım sahə həkimi bu işə nəzarət edir. Onun telefonuna xüsusi «application» yerləşdirilir və bu, naviqator rolunu oynayır. Sahə həkimi telefondakı nömrəni yığır, əgər həmin anda sosial işçi o ərazidədirsə, çağırışa gəlir və bununla da sosial işçinin xidmət başında olub-olmadığı müəyyənləşir.
Qardaş Türkiyədə əlilliyi olan şəxsə qulluğa görə sosial müavinət ailə üzvlərinə ödənilir. Belə hesab edilir ki, ailə üzvündən yaxşı kimsə bu işi həyata keçirə bilməz. Amma bütün hallarda güclü nəzarət mexanizmi işlənməlidir. Bəzən ailə üzvləri də qulluqda səhlənkarlığa yol verir, sağlamlıq imkanı məhdud insana lazımi qayğı göstərmirlər. Belə hallar da yaşana bilər və bunlar mütləq qeydə alınmalıdır.
Bunun üçün də mükəmməl nəzarət sistemi işlənməlidir. Təbii ki, bu məsələdə Azərbaycan ailəsinin həyat tərzi, dünyagörüşü də nəzərə alınmalıdır. Doğru deyilir ki, bu məsələdə fırıldaqçılığın olması da mümkündür. Bəlkə kimsə adını xidmət göstərən kimi qeyd etdirəcək, amma üzərinə düşən vəzifəni yerinə yetirməyəcək? Ona görə də mütləq nəzarət mexanizmi tətbiq edilməlidir. Kim, hansı qurum nəzarət edəcək sosial işçilərə. Onların iş saatı necə müəyyənləşəcək? Onlarla əmək müqaviləsi necə bağlanacaq? İcra hakimiyyətlərinin Qəyyumluq şöbəsimi nəzarət edəcək? Açıq suallar çoxdur və biz bu məsələlərin necə tənzimlənəcəyini hələ ki, bilmirik. Məsələn, evdə təhsillə bağlı nəzarət mexanizmi varmı? Hazırda ölkədə əlilliyi olan uşaqların sayı 62 mindən çoxdur.
Onlardan təhsilə cəlb olunanlar 1000 nəfərdən çox deyil. Sağlamlıq imkanı məhdud 55 min uşaq təhsilə cəlb olunmayıb. Halbuki, ölkədə sağlamlıq imkanı məhdud uşaqlarla bağlı evdə təhsilalma proqramı mövcuddur. Kim, hansı qurum yoxlayır ki, əmək haqqı alan müəllim o uşaqlara evdə dərs verir, ya yox? Bunun üçün heç bir nəzarət mexanizmi yoxdur. Sağlamılq imkanı məhdud, əlilliyi olan şəxslərə evdə qulluq məsələsini də lazımi qaydada təşkil etmək istəyiriksə, əvvəlcə güclü nəzarət mexanizmi hazırlamalıyıq.
Məlahət Rzayeva