“Sağlığında niyə ad günü keçirmirdilər?”

“İlhamə Quliyevanın adından özlərinə reklam qazanan qohumlarının yerinə mən xəcalət çəkirəm”
Mərhum Xalq artisti İlhamə Quliyevanın ad gününü qeyd edəcəklər. Bu barədə mərhumənin dayısı oğlu Eldar İsmayılov deyib. O bildirib ki, İ.Quliyevanın özəl günündə yalnız onun sənətinə yaxın olan insanlar dəvət olunacaq:
"Əslində İlhamə xanım dünyasını dəyişən gündən sonra onun xatirəsi üçün gözəl bir gün təşkil etmək istəyirdim. Amma düşündüm ki, bunu elə onun ad günündə etsəm, daha yaxşı olar. Artıq qərar vermişəm, avqustun 17-də İlhamə xanımın ad günü ilə bağlı tədbir olacaq. Həmin günə mərhumənin sənət dostları və şou-biznesin bir çox tanınmış simaları dəvət olunacaq. Doğum günü qeyd olunan məkan isə İlhamə xanımın ən sevdiyi yerlərdən biridir. Onu da deyim ki, həmin görüşdə İlhamə xanım barədə bir çox məlumatlar veriləcək. Onun mənə söylədiyi arzularını, istəklərini qonaqların diqqətinə çatdıracağam”.
Xalq artistinin oğlu Orxanla əlaqə yaratdıq. "Şərq”ə açıqlama verən Orxan Nadirov "Mən də mətbuatdan oxudum ki, anam üçün ad günü qeyd edirlər. Anam sağ olanda keçirdiyi heç bir ad günündə dayısı oğlu Eldar iştirak etməyib. Nə də İlhamə xanım sağ olanda heç vaxt Eldar onun üçün ad günü qeyd etməyi təklif belə etməyib. İndi nə yaxşı anamın ad gününü Eldar təşkil edir? Sual verirəm, anam sağ olanda onun üçün Eldar niyə ad günü qeyd etmirdi? Niyə anamın bir ad günündə belə iştirak etməyib? Anamın ad günlərində mən onun yanında övladı olaraq olmuşam. Bunu mətbuat da hər zaman görüb, sənət dostları da. Anam sağ olanda bizim qapını tanımayanlar, indi anamın adı ilə özlərinə reklam qazanırlar. Kimə nə sübut etməyə çalışırlar? Ay Eldar müəllim, anam sağ olanda onun üçün ad günü niyə qeyd etmirdin? Sual verirəm də... mən susduqca, hamı bundan istifadə edir. Təbii ki, mən anamın ad günündə onun adına ehsan verəcəm. Amma bunu bəziləri kimi reklam etmədən edəcəm. Çünki biz müsəlmanıq, anamın da ili çıxmadığı üçün onun doğum günündə ehsan süfrəsi verməyi nəzərdə tutmuşam. Eldar və anamın sonradan peyda olan başqa qohumları isə indi anamın adından istifadə edirlər. İlhamə Quliyevanın adından özlərinə reklam qazanan qohumlarının yerinə mən xəcalət çəkirəm”.
Tahirə