Şahbaz hər dəfə 3-4 cümlə yazır

“Hər şey yaxşıdı. Anamdan və qızımdan muğayat olun”



"Gözümüz yollarda qalıb. Hər dəqiqə, hər an Şahbaz Quliyevin yolunu gözləyirik”. Bu sözləri "Şərq”ə doğma torpağımız olan Kəlbəcərdə düşmən tərəfindən girov götürülən Ş.Quliyevin bacısı oğlu Ramiz İbrahimov bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ya ayda bir dəfə, ya da 2 ayda bir dəfə girovumuzun ailəsinə məktub gətirir. "Biz çox narahatıq. Düzdü, dövlətimiz müəyyən işlər görür. Amma hələ ki, heç bir dəyişiklik yoxdur”.

BQXK-nin məktubundan söz açan R.İbrahimov qeyd edib ki, həmin məktublarda konkret 3-4 cümlə yazılır: "Narahat olmayın. Hər şey yaxşıdı. Anamdan və qızımdan muğayat olun”. Konkret 3-4 kəlmədən başqa heç bir şey yazmır. Şablon cümlələr və şablon məktublardı. Düzdü, xətt öz xəttidir. Yüz faiz əminəm ki, həqiqəti yazmasın deyə, ona təzyiqlər göstərirlər. O, təzyiqlər barədə də yaza bilmir. Yazdıqları həm orada, həm də BQXK tərəfindən yoxlanılır. Bunu körpə uşaq da bilir”.

R.İbrahimov söyləyib ki, əlaqədar qurumlara müraciət ediblər: "Bütün aidiyyəti orqan və təşkilatlara məlumat vermişik. Bu işlə məşğuldurlar. Nəticə gözləyirik. İnşallah, yaxşı olar. Gözləyirik”.

Ayyət Əhməd