Kəlbəcərə yaxınlarının qəbrini ziyarət etməyə gedərkən erməni əsgərləri tərəfindən girov götürülən Şahbaz Quliyevin bacısı İradə Quliyeva telekanallardan kömək istəyib. Ş.Quliyevin bacısı hesab edir ki, telekanallar Şahbazın qızını efirə çəkib, göstərsəydilər, o da atasını istədiyini bildirərdi.
Prinsip etibarı ilə İradə Quliyevanın istəyini reallaşdırmaq o qədər də çətin deyil. Yəni istənilən bir telekanal özünün efir "setka”sında girovumuzun qızı üçün 5-6 dəqiqəlik yer ayıra bilər. Hansısa teleşirkətin dövlətimiz üçün prioritet olan bu məsələyə laqeyd yanaşması inandırıcı deyil. Əsas məsələ bu addımın nə dərəcədə effektiv olacağı ilə bağlıdır. Yəni, Şahbaz Quliyevin qızının atası ilə bağlı dedikləri beynəlxalq aləmin gözündəki toru götürə bilər?
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Xocalıdan olan millət vəkili Elman Məmmədov isə hesab edir ki, girovlarımızı mənfur ermənilərin əlindən azad etmək üçün mümkün olan bütün vasitələrdən istifadə etmək olar:
"Girovlarımızın azad olunması ilə bağlı məsələ heç vaxt Azərbaycan dövlətinin diqqətindən yayınmayıb. Onların azad olunması ilə bağlı lazımi işlər görülür. Həbs olunduğu ilk gündən azad olunmaları istiqamətində diplomatik səviyyədə addımlar atılır. Beynəlxalq təşkilatlar lap əvvəldən girovlarımızın qaytarılması ilə bağlı ədalətli mövqe nümayiş etdirmədilər və onların laqeydliyi nəticəsində separatçı qurum özünün təlxək oyununu reallaşdıra bildi. Biz güc nümayiş etdirməklə erməniləri girovları qaytarmağa məcbur qoya bilərik. Ancaq yaxşı olmazmı ki, bunu insan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar etsinlər. Əgər onlar öz missiyasını yerinə yetirərsə, cəmiyyətin beynəlxalq qurumlara etimadı artar”.
Şahbaz Quliyevin bacısının müraciətini təqdirəlayiq hesab edən millət vəkili deyib ki, atası ilə bağlı fikirlərini demək hər kəsdən çox onun övladının haqqıdır: "Bu hadisə dünyadan gizli deyil ki, onun qızının atası ilə bağlı fikirləri yayımlanmasın. Hər iki şəxs bir neçə ildir erməni məkrinin və murdarlığının qurbanı olub. Yeganə günahları isə öz doğmalarının qəbrini ziyarət etmək üçün dədə-baba torpaqlarını ziyarət etmələridir.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyulun 11-də doğma torpaqları olan Kəlbəcərdə əzizlərinin məzarlarını ziyarət edərkən girov düşüblər. Onlarla birgə Kəlbəcərə getmiş Həsən Həsənov erməni silahlıları tərəfindən qətlə yetirilib. Ermənistan hökuməti hər 3 azərbaycanlını diversant kimi təqdim ediblər. Separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsi” 2014-cü ilin dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.
Şəymən