Sahə jurnallarının çapı müsbət nəticələr verə bilər
Bu, böyüməkdə olan gənc nəslin, xüsusilə də kiçik yaşlı uşaqların diqqətini internetdən yayındırmağa yardım edər
(Əvvəli ötən sayımızda)
Onlayn medianın çap mediasını üstələdiyini hər an görmək mümkündür. Bu gün nəinki qəzet, jurnal, demək olar ki, heç kitab da oxunmur. Görünən odur ki, artıq oxumağa maraq xeyli azalıb və bu templə də davam edir. Hər kəs özünə lazım olan məlumatı internet resurslarından istifadə edərək əldə edir. Məlumdur ki, zaman və məkan anlayışı olmadan onlayn media vasitəsilə informasiya əldə etmək kifayət qədər rahat və əlverişlidir. Elektron kitabların və kitabxanaların mövcudluğu, daha da inkişaf etməsi qəzet və jurnal oxucularının sayının azalmasına şərait yaradır. İstənilən vaxt və istənilən yerdə müvafiq informasiyanı, xəbəri əldə etmək oxucu kütləsinin diqqətini daha çox cəlb edir.
Lakin maraqlı məqam budur ki, onlayn media yalnız ölkəmizdə mövcud deyil. Avropa və Amerika ölkələrində, qardaş Türkiyənin özündə müasir dövrün tələblərinə cavab verən media sürətlə inkişaf edir. Bütün dünyada internet kağız mediaya zərbə vurub. Elektron media informasiya operativliyinə görə kifayət qədər oxucuların diqqətini cəlb edir. Amma Türkiyədə jurnallara, qəzetlərə olan tələbat, maraq olduqca çoxdur. Ölkəmizdə isə gün keçdikcə oxucuların jurnallara, qəzetlərə olan marağının azalmasını təəssüflə də olsa qeyd etməliyik.
Bu gün çox az sayda jurnalların nəşr olunduğunu görə bilərik. Jurnal, qəzet oxuyan insanların sayı isə günü-gündən azalır. Çap mediasının inkişafı üçün təbii ki, oxucu kütləsinin olması əsasdır. Lakin məsələnin maddi tərəfini də nəzərə almaq lazımdır. Oxucu olmadığı halda jurnalların, qəzetlərin çapı olduqca çətin, hətta mümkünsüz bir məsələdir.
Ekspertlərin böyük qismi onlayn resursların inkişaf etməsinə baxmayaraq, çap məhsullarının hər zaman önəmli olduğunu düşünür, qəzetlərin, jurnalların qorunub saxlanmasını bir növ ənənələrin qorunması hesab edirlər. Bəs ölkəmizdə jurnal çapına maraq niyə azdır? Səbəb internet mediasının inkişafıdır, yoxsa ortada başqa amillər mövcuddur?
Çap mediasında oxucu kütləsinin azalmasının təbii hal olduğunu deyən "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Şərq”ə bildirib ki, buna baxmayaraq jurnal oxucularının sayının tamamilə azalması gözlənilməyən bir perspektivdir:
"Oxucular azalsa da, hər zaman çap mediasının ətrafında oxucu kontingenti mövcud olub, bundan sonra da olacaq. Xüsusilə də jurnallarla bağlı vəziyyət ayrıca olaraq yanaşma tələb edir. Məsələn, qəzetlərin oxucu kütləsini çevrədə saxlamaq üçün müəyyən analitik materiallara, proqnozlara, təhlillərə üstünlük verməklə bu işin öhdəsindən gəlmək olursa, jurnallarda vəziyyət bir qədər fərqlidir. Yəni, aydın məsələdir ki, informasiyanın operativliyi baxımından çap mediası internet resurslarını, televiziyanı, radionu üstələyə bilməz. Amma analitik materiallar, proqnozlara üstünlük verməklə çap mediasının müəyyən oxucu kütləsini çevrədə saxlamaq mümkündür. Buna baxmayaraq jurnallar analitik materiallar və proqnozlarla oxucu kontingentini əhatəsində saxlaya bilməz. Çünki bu jurnallar üçün müsbət nəticə verməyəcək. Lakin düşünürəm ki, xüsusilə indiki şəraitdə jurnallar konkret olaraq müəyyən sahələri əhatə etsələr, yəni, sahə jurnalları olsa, oxucu kütləsinin çoxalması mümkün olacaqdır. Bu gün təbabət, yol hərəkətinin təşkili, insanların yol hərəkəti ilə bağlı maariflənməsi, kiçik və orta biznesin qurulması ilə bağlı jurnallara böyük ehtiyac var. Kəskin rəqabət şəraitində kiçik və orta biznes problemlərinin idarə olunması ilə bağlı jurnalların nəşr edilməsi istiqamətində jurnalların çapı müsbət nəticələr verə bilər. Həmçinin böyüməkdə olan nəslin, xüsusilə də kiçik yaşlı məktəbli uşaqların diqqətinin internetdən yayılmasında böyük rol oynaya bilən jurnalların çapına da böyük ehtiyac var. Yəni, bu gün konkret sahələri, müəyyən məsələləri əhatə edən sahəvi jurnalların çap olunması lazımdır. Əgər belə jurnallar olsa, inanıram ki, çap mediası olaraq jurnallar öz ətrafında böyük oxucu kütləsi toplaya bilər.
Şəxsən mən təbabətlə bağlı Rusiyada çap olunan jurnalları çox izləyirəm. Müşahidələrimə görə, ictimai-siyasi proseslərlə bağlı jurnallar bu gün tələblərə o qədər də cavab vermir. Amma təbabətlə, bizneslə bağlı jurnallara böyük marağım var. Əminəm ki, cəmiyyətin də bu istiqamətə marağı böyükdür. Ona görə də çalışmaq lazımdır ki, belə mövzularla bağlı jurnalların nəşrinə xüsusi diqqət yetirilsin”.
"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, çap mediası hər zaman olub, bundan sonra da olacaq:
"Təbii ki, elektron və çap mediasının müəyyən üstün cəhətləri var. Amma elektron media operativlik, informasiyanın geniş yayılması baxımından kifayət qədər üstün rola malikdir. Tək elektron media deyil, eyni zamanda sosial şəbəkələr vasitəsilə də informasiyanın geniş formada yayılması mümkündür. Məlumdur ki, sosial şəbəkələrdə istənilən fikri paylaşmaq və bunu cəmiyyətə çatdırmaq olur. Operativlik baxımından onlayn media ənənəvi medianı üstələsə də, düşünmürəm ki, çap mətbuatı tamamilə ortadan qalxacaq. Hər zaman çap mətbuatına ehtiyac olub və hər zaman da olacaq. O cümlədən jurnalların nəşri də bu gün əsas məsələlərdən biridir. Ölkəmizdə nəşr olunan jurnalların böyük əksəriyyəti özündə lazımlı məlumatları birləşdirir. Düzdür, geniş oxucu kütləsini əhatə etməsə də, jurnalların çapı hər zaman aktual mövzulardan biri olaraq qalmaqdadır. Bəzi ixtisaslaşmış, müxtəlif sahələri əhatə edən jurnallar var ki, onları oxuyuram. Eyni zamanda bu gün sistemli şəkildə mediamızın tərkib hissəsinə daxil olan jurnallar nəşr olunur.
Bildiyiniz kimi, hazırda informasiya əsridir. İnsanlar əsasən çevik informasiyanı əldə etmək üçün elektron media qurumlarına, saytlara, müxtəlif sosial şəbəkələrə üz tuturlar. Lakin jurnallar hər zaman olacaq. Çap mediası ən azından tarix üçün yaşamalıdır və dövrümüzü tarixiləşdirmək üçün jurnallara, qəzetlərə kifayət qədər ehtiyac var. Bu gün elektron media qurumlarında, saytlarda informasiya yerləşdirilir və 1-2 saat sonra həmin informasiyanın baş səhifədə olmadığı görünür. Amma jurnallar, həmçinin də qəzetlər həmişə yaşayacaq və hər zaman öz dövrünün aktual problemlərini, tarixi özündə əks etdirəcək. Təbii ki, jurnallar operativ, çevik olmadığına görə o qədər də oxunmaya bilər. Amma "Azərbaycan”, "Ulduz” kimi jurnallarımız var ki, onlar ədəbiyyat və yaradıcılıqla məşğul olan insanlar üçün olduqca əlverişlidir. Yaradıcı insanlar hansısa şeirlərini həmin jurnallarda çap etdirir. Digər sahə jurnalları da var ki, orda müxtəlif məsələlərlə bağlı informasiyalar əks olunur. Bütün bunlar da müvafiq sahə ilə məşğul olan oxucu kütləsinin informasiya ehtiyacını ödəməyə imkan verir”.
Yazıçı-publisist Elçin Hüseynbəyli isə bildirir ki, bütün dünyada insanlar daha çox sürətli mediaya üstünlük verirlər:
"Çünki oxucular lazım olan informasiyanı dərhal əldə etmək istəyirlər. Jurnalların az çap olunması və oxucuların sayının azalmasının əsas səbəbi budur. Digər səbəb isə budur ki, artıq oxucular üçün hər hansı bir gözlənilməzlik maraqlı deyil. Çünki sosial şəbəkələrdə o qədər gözlənilməz, qəribə informasiyalar verilir ki, oxucular hər hansı bir hadisəni izləmək belə istəmirlər. Yaxud da artıq onlar tez bir zamanda müvafiq informasiya ilə tanış olurlar. Sosial şəbəkədə bütün informasiyanın hər kəsə çatması, jurnalların və digər çap məhsullarının sıradan çıxmasına səbəb olur.
Dəfələrlə demişəm, nə qədər ki, Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı qanunvericilik yoxdur, bu sahədə problemlər baş verəcək. Bəlkə də müəllif hüquqları ilə bağlı qanunvericilik var və yaxud tətbiq olunmur. Çünki ən çox hüququ pozulanlar yaradıcı adamlardır. Bu gün hər kəs çox asan şəkildə girib hansısa informasiyanı oxuyurlar, yayımçılar da nə qədər pul qazanırlar, istehlakçı yəni xəbərdən istifadə edən isə havayı yolla xeyir görür. Beləliklə yaradıcı insanların hüququ pozulur. Belə olduğu halda daha çox onlayn mediaya üstünlük verilir.
Ümumiyyətlə, bütün dünyada qəzet, jurnal, kitab oxumaq üzrə faiz aşağı səviyyədədir. Düzdür, Amerikada kitab kultu var, Almaniyada da bədii ədəbiyyat çox oxunur, ancaq Azərbaycanda oxucuların sayı getdikcə azalmaqdadır. Oxucuların sayını artırmaq üçün də çıxış yolu var. Lakin hər şeyi dövlətin üzərinə atmaq düzgün deyil. Bunun üçün hansısa cəmiyyətlər, qurumlar yeni ideyalar və layihələr ortaya qoymalıdır.
Çap mediasında olan oxucuların sayını artırmaq üçün təbii ki, dövlət də müəyyən işlər görə bilər. Məsələn, Gürcüstanda və başqa dövlətlərdə olduğu kimi müəyyən layihələrin təqdim edilməsi mümkündür. Eyni zamanda müəlliflərin qonorar alması lazımdır. Ən faicəli məsələ odur ki, jurnallarda və digər çap məhsullarında yazılarla çıxış edən müəlliflər qonorar almır. İndiki dövrdə kimisə yaxşı yazılarla heyrətləndirmək olmaz. Azərbaycana daha çox texnoloji, riyazi biliklər lazımdır. Bizim üçün maraqlısı odur ki, kosmik kəşflər olsun”.
(Davamı olacaq...)
Yeganə Bayramova
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb