Vaqif Əsədovla Anar Nəcəflinin söz dueli isə problemin həllinə kömək etmir
Sakinlər Babək prospektindəki vəziyyətdən narazıdır
Təmir başa çatıb, ancaq nə yeraltı, nə də yerüstü piyada keçidləri gözə dəyir
Vaqif Əsədovla Anar Nəcəflinin söz dueli isə problemin həllinə kömək etmir
Vaqif Əsədovla Anar Nəcəflinin söz dueli isə problemin həllinə kömək etmir
Bir müddət əvvəl Babək prospektinin təmiri yekunlaşdı və yol sürücülərin ixtiyarına verildi. Ancaq yolda yeraltı və yerüstü piyada keçidlərinin olmaması, geridönmələrdə quraşdırılan plastik dirəklər əhalinin narazılığına səbəb oldu. Hətta sosial şəbəkələrdə bu istiqamətdə geniş müzakirələr aparıldı.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Sputnik Azərbaycan"a verdiyi açıqlamada qeyd edib ki, qurum sırf yolun yenidən qurulması işlərini aparır. Agentliyin rəsmisi bildirib ki, prospektdəki yenidənqurma zamanı layihə üzrə nəzərdə tutulmuş işlər həyata keçirilib.
"Təbii ki, bu layihə də bütün aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə həyata keçirilir. Yol hərəkətinin təşkili və təhlükəsizliyi birbaşa bizim səlahiyyətimizdə deyil. Biz nəzərdə tutulan yerlərdə aidiyyəti qurumların razılığı və onların mütəxəssislərinin iştirakı ilə yol nişanları quraşdırır, yolu xətləyir, piyada zolaqlarını çəkib təhvil veririk. Qurumumuz özbaşına orada nə yol nişanı quraşdıra bilər, nə xətt, nə də piyada zolağı çəkə bilər" - deyə AAYDA təmsilçisi vurğulayıb.
Nəcəfli qeyd edib ki, əgər hər hansı bir ərazidə piyada zolağının çəkilişi labüddürsə, Agentlik icraçı qurum olaraq aidiyyəti qurumların göstərəcəyi yerdə onu icra etməyə hazırdır.
A.Nəcəfli piyada keçidlərinin olmaması ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib. Deyib ki, Babək prospektində yeraltı və ya yerüstü piyada keçidlərinin tikintisi nəzərdə tutulmayıb: "Burada məqsəd prospektin yenidən qurulması olub. Gələcəkdə isə hər hansı yeraltı və yerüstü piyada keçidi tikilə bilər".
"Bunun üçün Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının və aidiyyəti qurumların razılığı olmalıdır, vəsait ayrılmalıdır. Agentliyin bunu özbaşına həyata keçirməsi mümkün iş deyil" - o, əlavə edib.
Qeyd edək ki, Babək prospektinin təmirinə bu ilin fevral ayından başlanılıb. Prezident İlham Əliyev prospektin yenidən qurulması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20,1 milyon manat vəsait ayırıb.
Babək prospektində yolların yenidən salınması və bərpası ictimaiyyət arasında müzakirə mövzusudur. Problemlə bağlı aidiyyəti qurumlardan da ziddiyyətli açıqlamalar gəlir. Yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov «Şərq»ə açıqlamasında məsələyə münasibət bildirib:
«Sözün düzü, ictimaiyyətin də müzakirə mövzusuna səbəb olan bu məsələ eyni zamanda iki qurum arasında da ziddiyyətli məqamların olduğunu göstərmiş oldu. Sanki bu məsələ Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli arasında söz yarışı kimi sərgilənmiş oldu. Onlar hərəsi öz mövqelərini bildirdilər. Bir ekspert olaraq onu qeyd edə bilərəm ki, nəqliyyat planlaşdırılması məsələsinə xüsusi şəkildə yanaşmaq lazımdır.
Belə ki, böyük şəhərlərdə bu kimi yolların salınması zamanı əvvəldən xüsusi xəritələr hazırlanmalı, xüsusi qurumlarla məsləhətlər aparılmalı, həmin xəritələrə əsasən yolun memar layihəsi ən dolğun versiyada tərtib olunmalıdır. Burada yolun genişləndirilməsi, səkilərin çəkilməsi, operativ yol hərəkətinin təşkili kimi məqamlar diqqətə alınmalıdır. Hazırda Bakı şəhərində piyada keçidlərinin bir çox yerlərdə zəruriliyi özünü göstərir.
Ona görə də piyadaların həmin istiqamətdə axını müəyyən olunmalıdır və buna uyğun şəkildə də piyada keçidləri çəkilməli və tənzimlənməlidir. Bizdə yol mədəniyyəti hələ tam formalaşmayıb. Bunun üçün praktik tədbirlər də görülməlidir. Piyadalar özlərinə rahat olsun deyə bəzən istənilən vaxtı qadağan olunan yerdən də keçməyə maraqlı olurlar. Bu isə bir çox hallarda qəza vəziyyətləri yarada bilir. Ona görə də 300-400 metrə məsafələrdə imkan daxilində yerüstü keçidlər işarələnməli və piyadalar da bu qaydalara riayət edərək yol hərəkətindən istifadə etməlidirlər. Təbii ki, piyada zolaqlarını, keçidlərini hazırlayarkən müəyyən standart qaydalar nəzərə alınmalı və buna uyğun şəkildə piyada keçidləri çəkilməlidir.
Sürücünün həmin zolağı dəqiq görmə imkanı çox olmalı, piyada həmin zolaqdan keçərkən onun təhlükəsizliyini təmin edəcək yol hərəkəti imkanları geniş olmalı və digər məqamlar nəzərə alınmalıdır. Çox güman ki, Babək prospektində ictimaiyyətin də haqlı narazılığına səbəb olan bəzi məqamlar nəzərə alınmayıb. Yol hərəkəti qaydalarına uyğun xəritə əvvəldən "Azəravtoyol"a təqdim olunsaydı, onlar da buna uyğun olaraq hərəkət etmiş olardı. Adətən yol salınarkən ordan keçən telefon və digər kommunikasiya xətləri nəzərə alınır. Lazımi qurumlarla razılaşma əldə olunur və bütün bu məsələlər həllini tapdıqdan sonra yolun salınmasına başlanılır.
Onlar güclü şəkildə koordinasiya sistemində biri-birini müəyyən qədər nizamlamalı, nəzarət etməli idilər. Çox güman ki, bütün bu məsələlər münasib şirkətlərlə razılaşdırılıb və həmin işlər görülüb. Hazırda Babək prospektində vəziyyət çox yaxşıdı. Amma biz istəyirik ki, daha təkmil, gözəl olsun. Mənə belə gəlir ki, müəyyən müddətdən sonra qeyd olunan problemlər həllini tapacaq, konstruktiv, standart tələblərə uyğun, təhlükəsizliyin təmini nəzərə alınaraq problemlər qısa müddətdə həllini tapacaq.
Çünki birdən-birə o qədər böyük işləri yerinə yetirmək qeyri-mümkündür. Bildiyiniz kimi, Babək prospektində təxminən bir il müddətində iş getdi. Bu da təbii olaraq nəqliyyat vasitələrinin hərəkətinə çətinliklər yaratdı. Bunu "Azəravtoyol", ya da ona cavabdeh olan şirkətlər məsələnin həllini biri-birinin üzərinə atmamalıdırlar. Əksinə, biri-birinə kömək etməklə problemin aradan qaldırılmasına çalışmalıdırlar».
İlahə