Salam Sarvan YAP-a keçir

Aqşin Yenisey hesab edir ki, şairin bu qərarına demokratik yanaşmaq lazımdır




Yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Salam Sarvan gözlənilməz açıqlama verib. Sosial şəbəkədə siyasətə qoşulmaq istədiyini yazan etirazçı şair YAP-ın daxili siyasətini alternativsiz hesab etdiyini deyib. Şair bu addımında tam ciddi olduğunu da diqqətə çatdırıb.

"Nəhayət, siyasətə qoşulmaq istəyirəm. Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım, həmin partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Yaxın günlərdə ərizəylə müraciət edəcəyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec deyil”.

Məsələ ilə bağlı şairin həmkarı Aqşin Yenisey "Şərq”ə açıqlamasında bildirib ki, siyasi müxaliflik ilə yaradıcı müxaliflik eyni anlamda deyil: "Siyasi müxalifliyin əsas prioriteti vətəndaş münasibətidir. Şair müxalifliyinin əsasında isə yaradıcı insanın dünyada olan nöqsanları düzəltmək məsələsi durur. Düşünürəm ki, S.Sarvanın siyasi mövqeyini bu cür sərgiləməyi onun şairliyinə o qədər də aidiyyəti olmayan bir məsələdir. O, vətəndaşlıq hüququndan istifadə edərək özünü YAP sıralarında görmək istəyir. Bu seçimə şairlik kimi don geyindirməyi doğru hesab eləmirəm. Bir Azərbaycan vətəndaşı kimi onun bu qərarına demokratik yanaşmaq lazımdır”.

Yeganə