Sandra asanlıqla səs toplayıb parlamentə düşəcək

Demokratik seçki keçirilsə, Saakaşvilinin partiyasının qələbə qazanma şansı çoxdur



Gürcüstanın sabiq birinci xanımı, Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs deputat olmaq istəyir. O, Gürcüstanda oktyabrın 8-də baş tutacaq parlament seçkilərinə qatılmaq istəyini dilə gətirib. Bu barədə S.Rulofs M.Saakaşvilinin "Birləşmiş Milli Hərəkat” Partiyasının seçkiöncəsi mitinqində çıxışı zamanı bildirib. Xanım Rulofs öz namizədliyini Abxaziyanın qonşuluğundakı Zuqdidi rayonundan irəli sürəcəyini bəyan edib. Bundan başqa, Rulofs hakimiyyət dəyişikliyindən bəri ölkədə inkişafın dayandığını vurğulayıb.

Onun sözlərinə görə, Rusiya artıq Gürcüstanın Kremlin əlinə keçməsini səbirsizliklə gözləyir: "Ona görə də, vətəndaşlar düşmən planlarına duruş gətirməkdən ötrü müxalif "Birləşmiş Milli Hərəkat” Partiyasına səs verməlidirlər. Bu partiya quruculuğu bərpa etməyə qadirdir. Söz verirəm ki, M.Saakaşvili Gürcüstana qayıdandan sonra səhvlərini təkrarlamayacaq”.

Mövzunu şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə söyləyib ki, Gürcüstanın hazırkı hakimiyyəti nüfuzdan düşüb. Ekspertin qənaətincə, indiki hakimiyyət Gürcüstanın bugünkü uğurları üçün Saakaşviliyə borcludur: "Saakaşvilinin Gürcüstana gəlməsinə süni əngəllər yaratdılar. Onu Gürcüstan vətəndaşlığından çıxartdılar. Barəsində cinayət işi qaldırdılar. Amma əslən hollandiyalı olan həyat yoldaşı Sandranın hər hansı problemi yoxdur. Bununla yanaşı boz kardinal Bidzina İvanaşvilinin Sandranın əleyhinə provakasiya hazırlayacağını istisna etmirəm. Çünki o, Rusiyanın adamıdır və hər vasitə ilə Gürcüstanı Rusiya ilə yaxınlaşdırmağa çalışır. Amma işini ehtiyatlı tutur ki, heç kəs şübhələnməsin. Belə demək mümkündürsə, Saakaşvilinin partiyası və partiyadaşları aktiv olacaqlarsa, Sandra çox asanlıqla səs toplayıb parlamentə düşəcək. Azad seçki mühiti formalaşdırılsa, seçkiqabağı təbliğat-təşviqat işində məhdudiyyətlər olmasa, Saakaşvilinin partiyasının qələbə qazanma şansı çoxdur. Ona görə ki, hazırda xalqın böyük əksəriyyəti Saakaşviliyə rəğbət bəsləyir. Onun yenidən Gürcüstana qayıdıb, siyasətə qatılmasını istəyir”.

S.Rulofsun "Saakaşvili Gürcüstana qayıtdıqdan sonra həmin səhvlərini təkrarlamayacaq” iddiasına diqqət çəkən politoloq söyləyib ki, M.Saakaşvili B.İvanaşvilini ciddiyə almadığı üçün ona uduzdu: "Eyni zamanda o vaxt Saakaşvili təbliğat-təşviqat işlərini yaxşı qurmadı. Onda belə bir əminlik vardı ki, xalq ona səs verəcək. B.İvanaşvilinin isə böyük pulları vardı. O pullardan xərcləyib, xüsusən də azərbaycanlıların kompakt yaşadığı rayonlarda müəyyən adamları ələ almaqla onların böyük əksəriyyətinin "Gürcü Arzusu” blokuna cəlb etdi. Oradakı soydaşlarımızın ümumi səsvermənin 20 faizə qədərini təşkil edir. B.İvanaşvili belə fırıldaqlarla qələbə qazandı. Həm də Saakaşvili azərbaycanlılara verdiyi vədləri yerinə yetirə bilmədi. Əhali ilə partiyanın ciddi əlaqəsini qurmadı. Kriminal cinayətlərə bulaşmasına rəğmən, B.İvanaşviliyə seçkidə iştirakına imkan verdi. B.İvanaşvili də hiylə işlədərək - birinə bir pay un, birinə 500 lari pul, birinə 10 kilo qənd verib, səs qazandı. İndi Sandra onları nəzərdə tutub deyir ki, Saakaşvili növbəti dəfə hakimiyyətə gələrsə, bunlara imkan verməyəcək”.

Ayyət Əhməd