Saraydakı qətl torpaq alqı-satqısına görə baş verib?

Əliməmməd Nuriyev: “Öldürülən xanımı tanıyırdım, bələdiyyə işini bilən az saylı kadrlardan biri idi”




"Doğrudur, qətl hadisələri bəzən mülkiyyətlə bağlı olur. Amma istintaq bu işlə ciddi məşğuldur və mən əminəm ki, hadisənin əsl mahiyyətini hüquq-mühafizə orqanları üzə çıxaracaq”

Abşeron rayonu, Saray qəsəbəsində bələdiyyə sədri və həyat yoldaşının qətlə yetirilməsi yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin hansı funksiya daşıdığı problemini aktuallaşdırdı. İlkin ehtimallara görə, qətl torpaq üstündə baş verib. Qətli törədənin uzun illər dəllal işlədiyi, mərhum bələdiyyə sədri ilə də məhz torpaq alqı-satqısına görə mübahisə etdiyi, mübahisə
zəminində də qətl hadisəsinin baş verdiyi deyilir. Təbii ki, bunlar yalnız ehtimallardır və istintaq qaranlıq məqamlara işıq salacaq.

Amma hər bir halda məlum qətl hadisəsi bələdiyyələrin səlahiyyəti, bu yerli strukturun daşıdığı vəzifələrə işıq salınmasını da zəruri edir.

Çünki Azərbaycanda bələdiyyə dedikdə, ilk ağla gələn torpaq alqı-satqısı olur. Halbuki yaxın və uzaq ölkələrdə bələdiyyələrin tamamilə fərqli bir struktura, fərqli səlahiyyətlərə malik olduğu, fərqli vəzifələr daşıdığının şahidi oluruq. Məsələn, qardaş Türkiyədə bələdiyyələr böyük şəhərləri idarə edir. Şəhərin bütün infrastrukturuna cavabdehlik daşıyır. İctimai nəqliyyatı idarə edir, binalar tikir, parklar, bağlar salır, insanlara yardımlar paylayır və s. Bizdə isə vəziyyət başqadır. Sanki bələdiyyələr yalnız və yalnız torpaq satmaq, fərdi ev tikənlərin "başının üstünü kəsdirmək”lə məşğuldur. Məlumdur ki, vətəndaş fərdi ev tikintisinə başlayırsa, qapısını açdığı ilk idarə - bələdiyyə sədrinin kabineti olur. Sonrası da bəlli. Açılacaq qapılar bir-bir sıralanır; bələdiyyə, qəsəbə nümayəndəliyi, icra orqanı, sahə müvəkkili... Yerli özünüidarə və icra orqanlarının səlahiyyətlərinin hüdudu yoxdurmu?

Problemə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında bələdiyyələrin torpaq alqı-satqısında təkbaşına iştirakının qanunla qadağan edildiyini bildirdi:

- Bələdiyyələrin torpaq alqı-satqısında təkbaşına iştirakı artıq mümkün deyil. Bələdiyyə mülkiyyətində olan torpaqların istər icarəyə verilməsi, istərsə də alqı-satqı məsələlərində yerli icra orqanlarının da təmsil olunduğu müştərək Komissiyanın qərarı vacibdir. Bu komissiyada Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin də nümayəndəsi olur. Bələdiyyələr mülkiyyətlərində olan torpaq sahələrini yalnız komissiyanın qərarı əsasında hərraca çıxara bilər. Bələdiyyələrin torpaq satmaq hüququ yoxdur. Bilirsiz, vaxtilə bələdiyyələrin torpaq alqı-satqısı ilə məşğul olmasına dair çox söz-söhbətlər oldu. Hökumət də bunun qarşısını almaq üçün müştərək komissiyanın yaradılmasına dair qərar qəbul etdi. Yəni, bələdiyyələr torpaqların satılması məsələsində artıq təkbaşına səlahiyyətli deyil. İkincisi, qətlə yetirilmiş xanımı mən tanıyırdım. Çox ləyaqətli xanım idi və bələdiyyə işini də bilən tək-tük kadrlardan biri idi. Biz işimizdən dolayı bələdiyyələrlə tez-tez görüşürdük. Bu strukturu da bilirik. Məni bu qətl hadisəsi çox kədərləndirdi. Hesab edirəm ki, biz bələdiyyə strukturu sahəsində çox yaxşı bir kadrımızı itirmişik. Doğrudur, qətl hadisələri bəzən mülkiyyətlə bağlı olur. Amma istintaq bu işlə ciddi məşğuldur və mən əminəm ki, hadisənin əsl mahiyyətini hüquq-mühafizə orqanları üzə çıxaracaq. Digər tərəfdən, deməliyəm ki, Saray qəsəbəsində bələdiyyənin satışa çıxaracağı torpaq qalmayıb daha. Son torpaq alqı-satqıları 5-6 il əvvəl olub, bitib. Saray qəsəbəsində bələdiyyənin mülkiyyətində azad satışa çıxarası torpaq sahələri yoxdur.

Ə.Nuriyev bələdiyyə orqanlarının yenidən təşkilinin vacib olduğunu da dedi:

- Torpaq Komitəsi ləğv edildiyinə görə, bələdiyyələrlə müştərək yaradılmış komissiyanın tərkibi də yenidən təşkil edilməlidir. Ümumiyyətlə, bələdiyyələrin yenidən formalaşması prosesi aparılmalıdır. Çox zaman Türkiyədəki bələdiyyə sistemini nümunə gətirirlər. Amma deməliyəm ki, Türkiyədəki bələdiyyə sistemilə Azərbaycandakı sistem tamamilə fərqlidir. Fərqli modellərdir. Bizdə bələdiyyələrin istənilən, arzulanan səviyyədə işlək struktur olmamasının bir səbəbi yerli icra strukturları ilə funksiyalarının çox zaman üst-üstə düşməsidir. Bələdiyyə ilə yerli icra orqanları bir çox hallarda paralel funksiyalar daşıyır. İcra orqanlarının bələdiyyələr üzərində nəzarəti çox güclüdür. Bələdiyyələrin maliyyə resursları yoxdur. Kadr problemi çox ciddidir. Və bəzən də bu, mümkün maliyyə resurslarından sui-istifadə hallarına gətirib çıxarır. Bələdiyyələrlə icra orqanlarının vəzifələri və səlahiyyətləri aydınlaşsın deyə, mütləq islahatlar aparılmalıdır. Çünki məhz səlahiyyət və vəzifələrdə paralelliyin mövcudluğu bəzən məmurların məsuliyyətdən yayınmasına səbəb olur. Bir hadisə baş verdikdə hər kəs məsuliyyəti üzərindən atmağa çalışır. Səlahiyyət və vəzifələr məsələsinə aydınlıq gətirilməsi vacibdir.

Məlahət Rzayeva