“Moskva obyektiv olmadığı halda, Azərbaycanla münasibətlərdə, çox şey itirə bilər”
“Sarkisyan danışığa gələcək”
Rasim Musabəyov: “Rusiya fərqli mövqelər sərgiləyir”
“Moskva obyektiv olmadığı halda, Azərbaycanla münasibətlərdə, çox şey itirə bilər”
“Moskva obyektiv olmadığı halda, Azərbaycanla münasibətlərdə, çox şey itirə bilər”
Ötən ayın əvvəlində Qarabağda baş verən silahlı gərginlik, münaqişənin həlli ilə bağlı danışıqlar prosesini arxa plana keçirmiş kimi görünür. Status-kvonun dəyişməsinə razı olmayan işğalçı Ermənistan, konfliktin donmuş vəziyyətdə saxlanmasında maraqlıdır. İşğal etdiyi Azərbaycan torpaqlarını Ermənistanın boşaltmaması, münaqişənin həllində maraqlı olmadığını göstərir. Münaqişə isə həll edilməlidir. Azərbaycan hazırkı vəziyyətin davam etməsində maraqlı olmadığını bildirir. Bundan nəticə çıxaran maraqlı güclər isə, status-kvo dəyişməsə, müharibə ehtimalının artdığı qənaətini ortaya qoyurlar. Qarabağ münaqişəsi ilə bağlı "Şərq”in suallarını cavablandıran tanınmış politoloq, millət vəkili Rasim Musabəyov deyir ki, hazırda gərgin vəziyyət davam etdiyi üçün, hər şey ola bilər...
- Ya sülhə doğru normal danışıqlar başlanacaq, real addımlar atılacaq, sülhə nail olunacaq, ya da hərbi yol görünür. Azərbaycan üçün bu münaqişənin həlli yolu bəllidir. Tək variant Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan hərbi qüvvələri çıxmalıdır. Bunun müqabilində qalan məsələlər də həllini tapa bilər. Təhlükəsizlik tədbirlərinin görülməsi, hansısa müşahidənin təşkili məsələləri qəbul oluna bilər. Bu olmayacaqsa, Ermənistan tərəfi əvvəlki oyunlarını davam etdirəcəklərsə, gərginliyin artacağını istisna etmirəm.
- Ermənistan parlamentinə "DQR”in tanınması ilə bağlı qanun təqdim edilib. Mayın 10-da müzakirəsi gözlənilir...
- Bu sənəd mənasız bir sənəddir. Birincisi, Ermənistan qondarma, separatçı bir qurumu tanımayacaq, buna cürət edə bilməz. İkincisi isə çaşıb "DQR”i tanısalar belə, bunun hansısa bir əhəmiyyəti ola bilməz. Amma bunu etməklə, Ermənistan danışıqlar prosesinə maneə yaradarlar ki, bunun da əziyyətini sonra özləri çəkərlər.
- Faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan Prezidenti açıqlama verdi ki, danışıqların bir mənası da yoxdur. Düzdü, sonradan XİN başçısı, danışıqlara sadiq olduqlarını bildirdi. Bütün hallarda, danışıqların yeni mərhələsinin başlayacağı gözlənilirmi?
- Əlbəttə ki, gözlənilir. Ermənistan rəhbərliyi mənasız, avantürist bəyanat verməklə deyil ki. Özbaşına deyillər ki, danışıqlardan imtina etsinlər. Sabah Putin Sarkisyana zəng edib, danışıqlar masasına çağırsa, gəlmirəm deyəcək? Bundan imtina etmək iqtidarındadır ki, rəsmi İrəvan? Ermənistan dilənçi bir dövlətdir. İndi sadəcə oyun oynayırlar, çalışırlar ki, özləri üçün nəsə qopara bilsinlər. Vurnuxurlar ki, hansısa güzəştlər əldə etsinlər. Məsələ ondadır ki, Ermənistan hakimiyyəti kifayət qədər çətin duruma düşüb. Moskva tərəfindən danışıqlar məsələsi sərt şəkildə ortaya qoyulduğu halda, Sarkisyan danışıqlar masasına gələcək. Onların qaçmaq yeri və imkanı yoxdur. İndi Rusiya İrəvanı sərt şəkildə danışıqlara çağıracaqmı, bunun müqabilində hansı istəkləri ortaya çıxacaq, bu maraqlıdır.
- Rusiyanın Ermənistana silah verməsini necə dəyərləndirirsiz?
- Məsələ ondadır ki, Ermənistan Rusiyanın forpostudur. Ermənistan Rusiyaya hərbi baza verib. Ona görə də, silah verir, kredit şəklində bunu həyata keçirir, hədiyyə kimi verir və s. Biz isə Rusiyaya baza vermirik. Silahı da pulumuzu verib alırıq. Sadəcə olaraq biz Moskvaya tələb qoymuşuq ki, o silah Qarabağda istifadə oluna bilməz. Bu tələbi etməyə də tam hüququmuz var. Ermənistana Rusiya silah verir, öz ərazisində istifadə edilə bilər, bazasında yerləşdirilə bilər. Amma Dağlıq Qarabağ separatçılarının əlinə keçməməlidir. Moskvadan haqlı tələb edirik ki, bunun izahını ver. Moskva silahı Ermənistana satır, o silahlar gəlib Qarabağda istifadə edilib, bizə atılırsa, bunun ayrı hesabatı var.
- Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı hazırda tutduğu mövqeyi necə qiymətləndirirsiz?
- Rusiya fərqli mövqelər sərgiləyir. İndi vəziyyət elədir ki, Rusiyanın Azərbaycana ehtiyacı var. Çünki Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyadan nə ödənişsiz silah istəyir, nə kredit istəyir, nə güzəştlər istəyir. Bizim ölkə Rusiyadan sadəcə münasibətlərimizin yaxşılığına görə Qarabağ məsələsinin həllində obyektivlik nümayişi istəyir. Moskva obyektiv olmadığı halda, təbii ki, Azərbaycanla münasibətlərdə, Rusiya çox şey itirə bilər. Bunu da Kreml anlayır, münasibətlərin pisləşməsini istəmir. Ermənistan Rusiyaya heç bir fayda vermək imkanında deyil. Bundan fərqli olaraq, Azərbaycanla əməkdaşlıq rəsmi Moskva üçün çox vacibdir. Şimali Qafqazda sabitliyin təmini, İranla üçtərəfli əməkdaşlıq, Xəzərdə olan məsələlər, energetika sahəsindəki məsələlər Azərbaycanın önəmli olduğunu ortaya qoyur. Yəni biz Rusiya üçün vacib partnyoruq. İndi o partnyorluğu Kreml möhkəmləndirmək istəyirsə, o zaman dəyənəyi olan Ermənistanı ağıllandırmalıdır. Yox, Ermənistana təzyiq etməyəcəksə, biz bunu düşünəcəyik. Rəsmi Bakı o zaman düşünəcək ki, öz məsələsini necə həll etsin, kiminlə əməkdaşlıq etsin, hansı xətti tutsun. Onsuz da bilirik ki, Ermənistan bizim qarşımızda tək deyil. Rusiya vasitəçilik libası altında Qarabağ konfliktinin iştirakçısıdır. Bütün hallarda isə münaqişəni yerindən tərpətmək vaxtı yetişib. Bunu Rusiya da anlayır. İndi görək bu tərpəniş hansı yolla olacaq.
- Müharibə yolu ilə status-kvo dəyişə bilərmi?
- Azərbaycanın prioriteti sülh yoludur. Amma sülhlə konflikt həll olunmayacaqsa, Azərbaycan öz iradəsini ortaya qoyub ki, silahdan istifadədən çəkinməyəcəyik.
- 1998-ci ildə razılaşdırılmış mərhələli həll planına qayıdıldığı haqqında fikirlər var. Bəzi mənbələr Sarkisyan hakimiyyətinin də mərhələli plana razı olduğunu deyir...
- Bəli, o həll variant haqqında danışılır. Həmin planda bəzi məsələlərin həlli nəzərdə tutulmuşdu, razılaşdırılmışdı. İndi ola bilsin ki, mərhələli həll planı transformasiya şəklində gündəmə gələ bilər.
- O plan Azərbaycana sərf edirmi?
- Məsələni yerindən tərpətmək üçün, müzakirə edilməsi mümkündür.
Anar Bayramoğlu