Sarkisyan rejimi yumşalır?

“Ermənistan hakimiyyəti girovların qaytarılması ilə bağlı siyasi qərar qəbul edib onu icra etsə, əmin olmaq lazımdır ki, bu qərarın da sahibi Ermənistan deyil”




"Bəzi politoloqlar əsir və itkin düşmüş şəxslərin siyahısının dəqiqləşdirilməsi üçün Sarkisyan rejiminin razılığa gəlib işə başlanmasını Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştlərə başlanması kimi qiymətləndirir. Ermənistan hakimiyyətinin yuxarı dairələrində artıq bu kimi yanaşmalar yer alıb”.

Bu sözləri Kəlbəcərdə, ata-babasının qəbrini ziyarətə gedərkən Ermənistan separatçıları tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı danışarkən politoloq Elman Nəsirov söyləyib. Ekspert bildirib ki, Ermənistan müdafiə nazirinin müavininin də çıxışında bu tezisə rast gəlinib: "Onlar girovların geri qaytarılması üzərində düşünür və bu məsələni həll etmək istəyirlər” kimi ifadələr səslənməkdədir. Düşünürəm ki, Ermənistandakı bu kriminal rejim o qədər asılı vəziyyətdədir ki, onların verdiyi bəyanatın, yanaşmanın ömrünün nə qədər olduğunu demək belə çətindir. Serj Sarkisyan 3 ilə yaxın Avropa İttifaqı ilə Assosiativ sazişi imzalamaqla bağlı danışıqlar apardı və son anda sazişdən imtina etdi. Beləliklə, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olmaqla bağlı mövqe irəli sürdü. Hesab edirəm ki, S.Sarkisyan sadəcə ona tapşırılanı icra etdi. Hazırda Sarkisyan rejiminin ayrı-ayrı simalarından, məmurlarından belə ifadələr eşidəndə bunun özü ilk baxışdan pozitiv görünür. Əslində isə doğrudanmı Ermənistandakı bu mövqenin sahibləri öz dedikləri sözün üzərində dura biləcəklər? Bu suala birmənalı münasibət yoxdur. Ona görə də nə qədər ki girovlar geri qaytarılmayıb, Ermənistan rəhbərliyinin dediyi ifadələrə inanmaq olmaz”. Bununla yanaşı, E.Nəsirli qeyd edib ki, Ermənistan rəhbərliyi hazırda daha çox öz hakimiyyətini qoruyub-saxlamaq üçün müxtəlif variantlardan istifadə edir: "Erməni xalqının etirazını boğmaq üçün müxtəlif üsullara əl atır və yeni bir üsul da tapıb. Bu da ondan ibarətdir ki, ümumi səfərbərlik elan ediləcəyi haqqında xəbərlər iqtidar mətbuatında yayılmaqdadır. Təbliğat aparılır ki, gənclər Azərbaycanla olan sərhədə getsin, eyni zamanda cəbhədə əsgərlik çəksinlər. Bununla da ümumi səfərbərlik adı altında bu gün hakimiyyətə etiraz edən gənclərin mitinqlərini dağıtmaq və onları əsgərliyə göndərmək qorxusu ilə etirazları yatırmağa çalışırlar. Belə olan halda ümumi hərbi səfərbərlikdən dəm vuran, Azərbaycana qarşı müxtəlif kampaniyalar aparan rejimdən indiki vəziyyətdə nə isə pozitiv bir şeylər gözləməyin özü çox qəliz məsələdir. Əgər doğrudan da Ermənistan hakimiyyəti girovların qaytarılması ilə bağlı siyasi qərar qəbul edib onu icra etsə, əmin olmaq lazımdır ki, bu qərarın da sahibi Ermənistan deyil. Ermənistanın yiyələri belə bir addımın atılmasını onlara məsləhət görüb. Hazırda Ermənistan münaqişənin həlli ilə bağlı mövqeyində hər hansı bir pozitiv dəyişiklik olması ilə bağlı tendensiya müşahidə olunmamaqdadır”.

Ayyət Əhməd