Moskva hələki ermənilərə güclü təzyiq göstərmir
İrəvan Moskva ilə anlaşmasa, ölkədə vəziyyət daha da gərginləşəcək
Bakıda keçirilən Rusiya, Azərbaycan və İran prezidentlərinin sammiti, ardınca Türkiyə və Rusiya liderlərinin Sankt-Peterburq görüşü Ermənistanın siyasi çevrələrində ciddi narahatlıq yaradıb. Bu narahatlığı Serj Sarkisyanın Moskva səfəri də aradan götürə bilməyib.
Məsələ ondadır ki, Sarkisyanın təcili Moskvaya səfər etməsi ermənilərin gözlədiyi kimi, hadisəyə çevrilə bilmədi və sammitin kölgəsində qaldı. Sarkisyan ölkə daxilində siyasi hakimiyyətinə Kremldən dəstək alsa da, Qarabağ məsələsində dəstək qazana bilmədi. Rusiya Prezidenti Vladimir Putin "həll formulu elə olmalıdır ki, heç bir tərəf özünü qalib saymasın” sözləri isə həm də o anlama gəlir ki, Ermənistanın "ərazilər əvəzinə Dağlıq Qarabağ” təklifi heç vaxt qəbul edilməyəcək. Erməni tərəfini məyus edən digər amil isə Rusiyanın Azərbaycana silah satması, yəni bu məsələnin Ermənistanı narahat etməsidir. Putin bu məsələyə kifayət qədər sərt reaksiya verib və Bakı ilə Moskva arasında silah ticarətinin davam edəcəyini bildirib. Üstəlik, Azərbaycanın işğalçı ölkənin mühüm tərəfdaşı sayılan İranla da yaxınlaşması faktiki şəkildə təcavüzkar dövlətdə təklənmə hissini gücləndirib. Hazırda Ermənistanda, onun ictimai-siyasi və ekspert dairələrində, KİV-lərində yaşanan məyusluğun əsas səbəbi budur. Düşmən tərəf işğal altındakı ərazilərlə bağlı yekun qərarın ermənilərin iradəsi xaricində qəbul olunmasından ehtiyat edir. Düşməni qorxudan məsələlərdən biri də Türkiyə, Azərbaycan, Rusiya üçlü formatıdır. Ekspertlərə görə, Qarabağ məsələsində Azərbaycan və Türkiyə faktorlarının kifayət qədər güclənməsi, ən əsası rəsmi Moskvanın buna normal baxması münaqişənin həllində hərəkətverici amilə çevrilə bilər. Bu isə o deməkdir ki, Ermənistan əvvəlki illərdəki kimi Azərbaycan ərazilərini rahat şəkildə işğalda saxlaya bilməyəcək. Ancaq ekspertlər Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv olmağa tələsmirlər. Onların fikrincə, Moskva hələki ermənilərə güclü təzyiq göstərmir. Politoloq Elxan Mehdiyev deyib ki, erməni tərəfinin niyyəti başqadır: "Məsələ bundadır ki, Sarkisyan torpaqlardan çıxmaq istəmir. Putinin dediyi "bizim hazır reseptlərimiz yoxdur” ifadəsi də erməni tərəfinin müqavimətinə görə deyilib. Yəni bu, o deməkdir ki, Kreml tərəfləri, daha doğrusu, erməniləri məcbur etməyəcək. Sarkisyan danışıqlarda "xoş mühit” yaratmaqla öz dövrünü başa vurmaq istəyir. Çünki Ermənistandakı mövcud durum Sarkisyanın torpaqlardan çıxmasına imkan vermir. Əks halda, hakimiyyətə can atan qüvvələr zorakılığa əl atacaq və vəziyyət onun devrilməsinə qədər gəlib çıxacaq. Bu baxımdan indi düşünsək ki, Sarkisyan Azərbaycanın suverenliyi çərçivəsində Dağlıq Qarabağa veriləcək status müqabilində ətraf rayonları azad edəcək, bu, sadəlövhlük olardı. Məsələni ancaq Azərbaycan ordusu həll edə bilər. Ordumuz torpaqları azad edəndən sonra onlar bizə qarşı deyil, bir-biri ilə savaşacaq”.
Politoloq Fikrət Sadıqov da deyib ki, Rusiya ilə münasibətlər praqmatik şəkildə, qarşılıqlı formada inkişaf edir. Bu, təbii ki, Ermənistanı qıcıqlandırmaya bilməz: "Rusiya başa düşür ki, Azərbaycan ilə əməkdaşlıq Ermənistanla əməkdaşlıqdan daha faydalıdır. Hazırda Ermənistan təşviş içindədir. Odur ki, həm Ermənistanın özündə, həm erməni diasporu tərəfindən xaricdə təşkil edilmiş Rusiyaya qarşı müxtəlif nümayişlər, aksiyalar keçirilir. Bu o deməkdir ki, Rusiya tərəfi real vəziyyəti dərk edir. Bəlkə torpaqların azad edilməsi ilə bağlı Ermənistana müəyyən təzyiqlər də həyata keçirilir. Yaranmış vəziyyətdə, Azərbaycan ilə Rusiya arasında müəyyən razılıq əldə edilə bilər. Bunun nəticəsi kimi, təbii ki, torpaqların azad edilməsi prosesi də başlayar. Burada Türkiyənin də rolu kifayət qədər böyükdür. Türkiyənin özü də bu məsələdə maraqlıdır. Prezident Ərdoğanın bəyanatına görə, Azərbaycanın torpaqlarının azad edilməsi məsələsi gündəmdədir və daha da aktuallaşıb”.
İsmayıl