Sarkisyanı Moskvaya məsləhətə çağırıblar

Görünür, Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə "əl" qoyub, amma qaranlıq məqamlar var



Dünən Ermənistan Prezidenti Serj Sarkisyan Moskvaya işgüzar səfər edib. Məlumata görə, səfər çərçivəsində təcavüzkar ölkə başçısı Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Və danışıqları zamanı tərəflər siyasi, ticari-iqtisadi və humanitar sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında müzakirələr aparıblar. Bundan başqa, dövlət başçıları Avrasiya məkanında inteqrasiya prosesləri və bir sıra aktual beynəlxalq və regional problemlər haqda da danışıblar. Sarkisyanın Moskva səfərini şərh edən politoloq Qabil Hüseynli "Şərq"ə söyləyib ki, Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə "əl" qoyub. Amma Moskvanın təklif etdiyi variantı Azərbaycanın maraqlarına cavab verib-verməyəcəyini söyləmək bir qədər çətindir: "Çünki Putinin Azərtac-a müsahibəsində onun Ermənistana rəğbəti aydınca hiss olunurdu. Belə məsələlərdə müttəfiq və tərəfdaş deyil, beynəlxalq hüquq əsas götürülməlidir. Çox sadə məsələnin bu cür mürəkkəbləşməsi adamda narahatlıq doğurur. Söhbət Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından gedirsə, burada mürəkkəblik yaradan nədir? Nəyə görə ermənilər işğal etdikləri torpaqları qaytarmamalıdırlar? Sarkisyan özbaşına deyil. O bilir ki, Azərbaycanın güclü ordusu var. Rusiya da bölgədə öz təsir gücünü saxlamaq üçün müxtəlif yollara əl atır. Yollardan biri də tərəflərin - Ermənistan və Azərbaycanın bəlli bir kompromisə gətirilməsidir. Azərbaycanın kompromis ümidi bitsə də, Moskva Bakıdan kompromis gözləyir. Bir sözlə, Rusiyanın həll variantında Dağlıq Qarabağın Azərbaycana qaytarılması planı görünmür".

Bununla yanaşı, ekspert diqqətə çatdırıb ki, Azərbaycan tərəfinin qəti mövqeyi Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verməməkdir: "100 il də davam etsə, Azərbaycan ərazilərinin azad olunması yönündə mübarizəsini davam etdirəcək. Son dövrlər Moskvanın dəyişkən mövqe nümayiş etdirməsi Qərb və NATO dövlətlərinin Dağlıq Qarabağ məsələsində xeyli aktivləşməsi və Azərbaycanın mövqeyinə yaxın mövqe sərgiləməsi ilə bağlıdır. NATO tələb edir ki, postsovet məkanındakı bütün münaqişələr ölkələrin ərazi bütövlüyünə riayət edilməklə tənzimlənməlidir. İndi bütün NATO dövlətləri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi mövqeyindən çıxış edir. Bizi qarşıda çətin diplomatik mücadilə gözləyir. Bu mücadilədə Qərbdən dəstək almalıyıq. Ordumuz hər şeyə hazır olmalıdır. Rusiyadan da köməklik almağa çalışmalıyıq. Putinin Azərtac-a verdiyi müsahibə ürəkaçan deyildi".

Ayyət Əhməd