"Aprel döyüşləri Azərbaycan Ordusunun inkişafı üçün aparılan islahatların hansı nəticəyə gəlib çatmasının bariz nümunəsi idi”.
Bunu "Sherg.az”a açıqlamasında Qarabağ Müharibəsinin qazisi Firudin Məmmədov deyib.
Qarabağ qazisi bildirib ki, Ordumuz aprel döyüşlərində sübut etdi ki, Silahlı Qüvvələrimizin qarşısını nə Ermənistan, nə də onları himayə edən qüvvələr ala bilər:
"Azərbaycan xalqı ordusu ilə ayağa qalxarsa, sürətli şəkildə torpaqlarını düşməndən azad edəcək. Aprel döyüşləri Azərbaycan xalqının ordu ilə həmrəy olduğunu, hər an ordunun arxasında dayandığını bir daha ortaya qoydu. Həmin gün milyonlarla insan cəbhə bölgəsinə axın etdi. Baxmayaraq ki, ordumuz yetərincə güclüdür, ancaq ehtiyac olmadığı halda bir həftə ərzində 300 mindən artıq gənc könüllü olaraq mühribəyə getmək üçün ərizə verdi.
Həm də düşmən tərəf uzun illər bir "məğlubedilməzlik” sindromu yaratmışdı. Kəşfiyyatçılarımız və diversiya qruplarımız bir nəfər belə itki vermədən erməni mifini darmadağın etdilər, düşmənin müdafiə səddini yarıb keçdilər. Ermənilər Xankəndini boşaltmağa başlamışdılar, ciddi panikaya düşmüşdülər.
Erməni ordusunun bir zabiti Rusiyanın mətbu orqanlarından birinə döyüş bölgəsindən müsahibə verirdi. O bildirirdi ki, bir neçə saatın içərisində ermənilərin tank batalyonu məhv edilib. 24 tank kəşfiyyatçılarımız tərəfindən məhv edilib. Erməni komandir deyirdi ki, o heç 1941-45-ci illər müharibəsində belə bir hücumu eşitməyib”.
F.Məmmədovun sözlərinə görə, aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərməklə yanaşı, həm də erməni hökumətini iflasa uğratdı:
"Ermənilər Azərbaycan Ordusunun gücünü gördülər. Ermənistanın köhnə hakimiyyəti qorxudan güzəştə getmək barədə düşünməyə başlamışdı. Deyərdim ki, Sarkisyanın hakimiyyətdən getməsi məhz aprel döyüşlərindəki məğlubiyyətlə bağlıdır. Azərbaycanın şanlı qələbəsindən sonra Sarkisyan olan-qalan nüfuzunu, sosial bazasını itirdi, nəticədə hakimiyyətdən getmək məcburiyyətində qaldı. Əlbəttə, könül istərdi ki, ordumuz aprel döyüşləri zamanı dayanmazdı. Çünki torpaqlarımız hələ də işğal altındadır”.
Qazi bildirib ki, Müdafiə Nazirliyində yaradılmış işçi qrupunun üzvləri olaraq bir qrup döyüşçü Lələtəpəyə, Tərtər-Ağdərə istiqamətinə gediblər, əsgərlərlə görüşüb, şəhidlərimizin dəfnində iştirak ediblər:
"O zaman əsgərlərimizdə və bütün zabit heyətində olan böyük ruh yüksəkliyinin şahidi olduq. Ermənilərin "məğlubiyyətsizlik” sindromu qırıldığı kimi Azərbaycan xalqının da birinci Qarabağ müharibəsindən qalan ruh düşkünlüyü aradan qalxmış oldu.
Ordumuz göstərdi ki, biz ermənilərlə bərabər döyüşdə heç vaxt məğlub olmamışıq və olmayacağıq. Ümid edirik, aprel döyüşləri yaxın zamanda yenidən təkrarlanacaq. Ancaq ermənilərin havadarları əvvəl olduğu kimi bu dəfə bizdən savaşı durdurmağımızı xahiş edə bilməyəcəklər”.
İsmayıl