"Sarkisyanın siyasi taleyi həll olunacaq"




"Serj Sarkisyan cəbhə xəttində təxribat törətməklə deyil, yalnız seçkiləri saxtalaşdırmaqla qalib gələ bilər”.

Bunu Sherg.az-a cəbhə xəttində vəziyyətin gərginləşməsi səbəblərini izah edən politoloq Elşad Mirbəşir oğlu deyib. 

O bildirib ki, aprel döyüşlərinin il dönümü çatdığı müddətdə Ermənistan itirdiyi mövqelərini qaytarmağa çalışır:

"Vaxtilə S.Sarkisyan özü də bəyan etdi ki, onların mövqelərini qaytarmağa imkanı çata bilər. Ondan sonra dəfələrlə təxribatlara əl atsalar da, Azərbaycan ordusu tərəfindən lazımı cavablarını alıb, böyük itkilərlə geri çəkildilər. Hesab edirəm ki, erməni prezident hakimiyyətini saxlamaq üçün aprel döyüşlərinin il dönümü ərəfəsində kiçik də olsa, uğur qazanmağa cəhdlər edir. Bu cəhdlər isə lap başından uğursuzluğa düçardır. S.Sarkisyan özü də etiraf etmişdi ki, Ermənistan bundan sonra müdafiə silahları almağa üstünlük verməlidir. Bu, o deməkdir ki, artıq hücumda olan Azərbaycan ordusu güclüdür və Ermənistan müdafiə olunmalıdır.

Digər tərəfdən, apreldə Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə S.Sarkisyanın siyasi taleyi həll olunacaq. 2015-ci ilin dekabrında Ermənistanda idarəçilik üsulu prezidentli respublikadan parlamentli respublikaya keçib. Erməni prezident isə parlamentli respublikada baş nazir qismində hakimiyyətini saxlamağa çalışır. Nəzərə almaq lazımdır ki, Sarkisyanın Ermənistanda elektoral bazası zəifdir. Ermənistanda keçmiş nazirlərin koalisiyası isə kifayət qədər güclüdür. S.Sarkisyan buna görə çalışır ki, daxili auditoriyanın diqqətini əsas məsələdən yayındırıb, cəbhə bölgəsinə yönləndirsin.
Bundan əlavə, seçkilərdə müəyyən dividentlər qazanmaq üçün o, cəbhə bölgəsində üstünlük əldə etməyə çalışacaq. Təbii ki, onun bu təxribatları baş tutmayacaq”.

Aysel Aslan