Savadın önünü kəsmək olmaz

Övladlarının təhsilinə maneə yaradan valideynlərə qarşı ölçü götürülməsi vacibdir
Konstitusiyada vətəndaşın konstitusion hüququnun pozulmasının cinayət məsuliyyəti daşımasına dair maddə var


"Azərbaycanda 11-ci sinfi bitirdikdən sonra abituriyentlərin ali məktəbə qəbul olma səviyyəsi cinslər üzrə bərabərlik təşkil edir. Biz bu faizin 50-50 olduğunu deyə bilərik".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. Lakin DİM sədri onu da qeyd edib ki, bölgələrdən asılı olaraq, bu rəqəmlər müxtəlif cür dəyişir. Ali məktəblərə qəbulda bəzi bölgələrdə qız, bəzilərində isə oğlan abituriyentlərin azlığı müşahidə edilir.

M.Abbaszadənin sözlərinə görə, bu gün qızların ali məktəbə qəbulunda ən aşağı rəqəmlər məhz cənub bölgəsində qeydə alınıb. DİM sədri bildirib ki, qız və oğlan uşaqlarının 11-ci sinifdən sonra ali məktəblərə qəbulu ilə bağlı bölgələr üzrə statistik məlumatlar hazırlanır.

"Artıq "Abituriyent" jurnalının 12-ci sayı hazırlanır. Bütün statistik məlumatlar jurnalın yeni sayında çap ediləcək. Ümumiyyətlə, bu məsələ cari problem deyil" – M.Abbaszadə vurğulayıb.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə isə hesab edir ki, övladlarının təhsilinə maneə yaradan belə valideynlərə qarşı ölçü götürülməsi vacibdir: "Azərbaycan Respublikasının Konstitusiyasında da icbari təhsillə bağlı müddəalar əksini tapıb. Bu səbəbdən uşaqların təhsilinə mane olan, bunun qarşısını almaq üçün maneələr yaradan valideynlərlə bağlı müvafiq araşdırmalar aparılmalıdır".

"Hansısa icmada qız və oğlanların təhsili üçün maneələr törədilirsə, bu zaman qanunvericilikdə dəyişiklik edilməlidir" – deyən millət vəkilinin sözlərinə görə, hüquq-mühafizə orqanları və müvafiq qurumlar bu istiqamətdə ciddi araşdırmalar apararaq səbəbləri müəyyənləşdirməlidir.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev «Şərq»ə açıqlamasında bildirdi ki, təhsildən yayındırmaya görə Konstitusiyaya istinad edilərək ölçü götürülə bilər:

- Azərbaycan Konstitusiyası bütün vətəndaşlara bərabər hüquqlar tanıyır. O cümlədən də icbari təhsil almaq hər kəsin konstitusion hüququdur. Konstitusiyada vətəndaşın konstitusion hüququnun pozulmasının cinayət məsuliyyəti daşımasına dair maddə var. Şəxsin hər hansı konstitusion hüququnu pozanlar müvafiq məsuliyyət daşıyır. Azərbaycanda təhsil icbaridir. İcbari təhsil orta məktəbin 9-cu sinfinədəkdir. Yəni 9-cu sinfi bitirmiş şəxsin 10 və 11-ci siniflərdə təhsil alması könüllüdür. Lakin bir vacib məsələyə diqqət etməliyik; Əgər şəxsin istəyinə, arzusuna və təhsil almaq hüququna zidd olaraq kimsə onu təhsildən yayınmağa məcbur edirsə, burada artıq konstitusiyanın müvafiq maddəsinin pozulması baş verir. Şəxsin təhsil almasına maneə törədənlər məsuliyyət daşıyır.

Ə.Nuriyev hesab edir ki, təhsildən yayındırma halları İnzibati Xətalar və Cinayət Məcəlləsinə daxil edilməli və bu əmələ görə konkret cinayət məsuliyyəti nəzərdə tutulmalıdır:

- Hazırda İnzibati Xətalar və Cinayət Məcəlləsində təhsildən yayındırmaya görə konkret maddə yoxdur. Qanunvericilik kifayət qədər mükəmməldir, lakin cinayət məcəlləsində bununla bağlı boşluq var. Hesab edirəm ki, millət vəkilləri, Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Konstitusiyada əksini tapmış müddəaların Cinayət Məcəlləsində də əksini tapması təklifi ilə çıxış etməlidirlər. Qanunlarda da, cəzalarda da sərtləşdirmə olmalıdır. Burada söhbət ölkənin gələcəyi olan gənclərdən gedir. Sabahın gəncinin savadlı olmasının önü kəsilməməlidir. Bunu edənlərin sərt şəkildə cəzalanması şərtdir.

Məlahət Rzayeva