Savadsız, qeyri-peşəkar adamlar onlayn mediada özlərinə meydan tapıblar

Əflatun Amaşov: “Yeni mediada əsasən gənclər təmsil olunurlar, düşünürəm ki, burada təhsil məsələsi əsasdır”
İlham Quliyev: “Son vaxtlar mətbuat “reket”ləri yazılı mətbuatdan onlayn mediaya köç ediblər”

Xanlar Xoca: "Bu gün cümlə qura bilməyən, hətta adını yazanda 2-3 səhv buraxan adamlar sayt və qəzet redaktoru olur”


Azərbaycan mediasında hər keçən gün media etikasını pozan yazıların, reportajların sayı artır. Sifarişli yazılar, kiminsə haqqında ictimai rəyi mənfiyə doğru dəyişdirmək üçün əsaslandırılmamış, qurama sübutlarla hazırlanan reportajlar, bir şəxsin o biri şəxsə qarşı aşağılamalarla dolu yazıları artıq mediada adi haldır. Adətən belə yazılar qısa müddət fəaliyyət göstərən reket saytlar və qəzetlərdə yayılsa da, bəzən belə halları ciddi və böyük media orqanlarında da görürük.

Halbuki jurnalistin peşə vəzifəsinə həm də cəmiyyəti lazımi informasiya ilə təmin etmək, əhali arasında maarifçilik işi aparmaq, mədəni dəyərləri daha geniş yaymaq kimi prestijli funksiyalar daxildir. Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək isə hər bir mətbuat işçisinin sadəcə peşə borcudur.

Demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onun üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət etmiş olacaq, həm də peşə ləyaqətini yüksək tutmuş olacaq. Amma tez-tez şahidi oluruq ki, sensasiya və reytinq arxasınca qaçan və söz azadlığından şəxsi maraqları üçün istifadə edən bir qrup insanlar jurnalistika prinsiplərinə tamamilə zidd olaraq obyektivlikdən və etikadan uzaq mülahizələrin, yalan, böhtan və dezinformasiyaların mətbuata çıxmasına şərait yaradır, hətta özləri yol göstərirlər.

Qeyd edək ki, çap mediasındakı problemlərə qarşı mübarizə aparmağın daha asan və effektiv olduğunu vurğulayan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu günlərdə qeyri-peşəkar jurnalistlərlə bağlı maraqlı açıqlama ilə çıxış edib.

Millət vəkili, savadsız, qeyri-peşəkar şəxslərin onlayn mediada özlərinə yer tapdığını, elektron mediada məlum problemin ciddi şəkildə hiss edildiyini bildirib: "Hazırda onlayn media sahəsindəki vəziyyət deməzdim ki, ürəkaçandır. Əksinə, bizi ciddi düşündürən bir sıra mənfi meyillər hələ də aktuallığını saxlamaqdadır”.

İşini zamanın tələblərinə uyğun şəkildə quran onlayn media vasitələrinin də az olmadığını vurğulayan Ə.Amaşovun sözlərinə görə, məhz onların fəaliyyəti nəticəsində elektron medianın Azərbaycan cəmiyyətində qəbul olunduğunu söyləmək mümkündür: "Peşəkar yanaşma tərzi ilə seçilən internet media resursları ictimai rəyi doğru yönləndirmək missiyasını üzərlərinə götürməyi bacarıblar. İnsanlarda onlara inam yaranıb. Bu inam vaxtilə ənənəvi mediaya olan inam səviyyəsinə çatmasa da, nikbin düşünmək üçün əsaslar var. Ancaq bilirsiniz ki, ənənəvi mediadan onlayn mediaya keçid prosesi ümumən itkisiz ötüşmür. Vaxtilə Mətbuat Şurası ayrı-ayrı qəzetlərin qeyri-etik fəaliyyətinə qarşı mübarizə aparırdı. Mübarizə özünü doğruldurdu da. Bu sahədə nöqsanlar azalırdı. Ancaq informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində fərqli vəziyyət yarandı. Yeni vəziyyətdə söz və ifadə azadlığının sərhədləri nə qədər genişləndisə, ondan sui-istifadə etmək niyyətinə düşənlərin də plasdarmı bir o qədər genişləndi. Bəzən əldə etdiyimiz pozitiv meyillərin sıradan çıxdığına şahid olduq. Bu səbəbdən hazırkı vəziyyəti ürəkaçan saymaq çətindir. Əlbəttə, qeyri-peşəkarlığı səbəb kimi görmək mümkündür. Ancaq qeyri-peşəkarlıq ümumi səciyyə daşıyır. Bu cəhət özündə bir sıra mənfi meyilləri birləşdirir. Hansısa onlayn media vasitəsi bilərəkdən qərəz yağdırırsa, bunun özü də qeyri-peşəkar yanaşma tərzinin göstəricisidir”.

Millət vəkili onlayn medianın problemlərindən söz açarkən təhsil məsələsini də ön plana çəkib. O bildirib ki, yeni mediada əsasən gənclər təmsil olunurlar: "Düşünürəm ki, burada təhsil məsələsi əsasdır. Yəni bəzən problemlərin bir çoxu elementar bilik səviyyəsinin yoxluğundan qaynaqlanır. Vəziyyət belə qurulub ki, adi savadı olmayanlar da onlayn medianın sayəsində özlərinə meydan tapıblar. Əslində bu sayaq məsələlərdən çox danışılıb. Əlbəttə, diskussiyalar faydasını verir. Ancaq onu da düşünək ki, internet media resurslarının sayı artır. Artım müzakirələrin faydalılıq əmsalını aşağı salır”.

Deputat onlayn mediadakı xoşagəlməz hallarla mübarizədə ictimai müzakirələrin aparılması ilə yanaşı, hüquqi addımların atılmasını da vacib sayıb.

Onlayn medianın hüquqi bazasının yaradılmasının zəruriliyindən söz açan Ə.Amaşov deyib ki, onlayn medianın hüquqi bazasının mövcudluğu dövlət və millət üçün taleyüklü məsələlərə baxışın monolitliyi baxımından son dərəcə müstəsna əhəmiyyət daşıyır: "Bilirsiniz ki, qarşıdan referendum gəlir. Media prosesdə necə iştirak etməlidir? Bu məsələlər bizi düşündürür. Çünki referendumda nəzərdə tutulan dəyişikliklər dövlət orqanlarımızın fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edir. Əlbəttə, ənənəvi media ilə bağlı konkret təcrübə var. Üstəlik, qanunlarımız və Mərkəzi Seçki Komissiyasının konkret təlimatları da bu sahədə tənzimləyici rol oynayır. Ancaq qanunların və təlimatların əhatə dairəsi məsələsini də nəzərdən qaçırmamalıyıq. Düşünürəm ki, onlayn media da bu dairəyə daxil olmalıdır. Çünki ictimai rəy əsasən onların vasitəsi ilə formalaşır. Bu mənada sosial şəbəkələrin rolu da vacibdir. Faktiki olaraq sosial şəbəkələr onlayn media məhsulunun yayılma arealı kimi çıxış edirlər. Deməli, bu sahəyə, orada yerləşdirilən materiallara həssas yanaşılmalıdır. Sosial şəbəkələrə həssas yanaşmanı təmin edən isə təkcə onlayn media deyil. Hər bir dövlət qurumunun və onun cəmiyyətə informasiya verilməsinə məsul bölməsinin də mövcud məkandakı aktivliyi mütləqdir”.

Maraqlıdır, doğrudanmı savadsız və qeyri-peşəkar jurnalistlər yalnız onlayn mediada mövcuddur? Ümumiyyətlə, çap və ənənəvi media arasında belə bir bölgü aparmaq nə dərəcədə doğrudur?

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə ilk olaraq Azərbaycanın ciddi mətbuat orqanlarının əksəriyyətində peşəkar redaktor korpusunun fəaliyyət göstərməsinə diqqət çəkib və bu korpusun nəzarəti altında kifayət qədər peşəkar jurnalistlərin formalaşmaqda olduğunu deyib: "Standartlara cavab verə bilməyən jurnalistlər isə ciddi media qurumlarında duruş gətirə, özlərinə yer edə bilmirlər. Onların bəziləri özlərini başqa sahələrdə sınamağa başlasalar da, bir qrupu peşə fəaliyyətinə jurnalist kimi davam etməkdə israr edirlər. Hələ incikliklə hansısa KİV rəhbərinin onları yola vermədiyini, işləmələrinə imkan yaratmadığını iddia edirlər. Belələrinin əksəriyyəti sonradan onlayn mediaya üz tutur, orada özlərini təsdiqləməyə çalışırlar. Ciddi informasiya agentlikləri, qəzetlər, onların saytlarında, ciddi internet portallarda deyil, 1-2 nəfərdən ibarət olan saytlarda işə davam edirlər. Bu cür saytlarda isə qeyri-peşəkarlıq nümunələri saysız-hesabsız olur və onlar orada rahat şəkildə işləyə bilirlər. Nəticədə çox acınacaqlı mənzərə yaranır. Ümumilikdə mətbuat hörmətdən salınır. Bu baxımdan, Əflatun müəllimin fikirlərinin həqiqət yükü çox böyükdür. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, son vaxtlar mətbuat "reket”ləri yazılı mətbuatdan onlayn mediaya köç ediblər. Bu da onlayn mediadakı peşəkarlıq səviyyəsinə olduqca mənfi təsir edib. Mətbuatdan şəxsi məqsədləri üçün istifadə etmək missiyasının daşıyıcıları burada at oynadırlar desək yanılmarıq. Məncə, Əflatun müəllim məhz bu baxımdan onlayn medianı xüsusi olaraq qabardıb”.

"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca isə Əflatun müəllimin toxunduğu məsələnin son dərəcə aktual və ağrılı mövzu olduğunu deyib: "Azərbaycan mediasında savadsızlıq problemi heç bir vaxt özünü bu qədər qabarıq formada göstərməyib. Bu gün cümlə qura bilməyən, hətta adını yazanda 2-3 səhv buraxan adamlar sayt və qəzet redaktoru olur, kimlərisə hədəfə alıb cızmaqaralar edirlər. Bu təkcə saytlarda belə deyil, qəzetlərdə də, hətta televiziyalarda da bu problem var. Təsəvvür edin ki, ali savadı olmayan adamlar bu gün orta məktəb attestatı və kollec diplomu ilə efirdə aparıcılıq və redaktorluq edirlər. Maraqlıdır ki, elələri hansı qabiliyyətinə görə ali təhsil olmadan bu cür irəliləyə bilirlər? Bu, Azərbaycan mediasına utanc gətirən haldır. Təbii ki, jurnalistika istedad məsələsidir, istedadı olmayan adamın 5 dənə də ali təhsil diplomu olsa yaza bilməz, amma ali təhsil insanın dünyagörüşünün formalaşmasında, təməl biliklərin əldə edilməsində mühüm mərhələdir. Qeyri-peşəkarlar və həqiqi mənada kütbeyinlər bu gün bütün sahələrdə var, sadəcə saytlar hər gün göbələk kimi artdığı və sayt qurmaq bu gün nisbətən asan başa gəldiyi üçün bu sahədə savadsızların çoxluğu özünü daha tez büruzə verir. Belə olan halda savadsız və təsadüfi adamların saytlara, qəzetlərə, telekanallara hansısa yollarla ayaq açması çox düşündürücüdür və hesab edirəm ki, Mətbuat Şurası mediaya nəzarətedici qurum olaraq bunun qarşısını almaq üçün təcili tədbirlər görməlidir”.

Davamı var...

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb