İlham Quliyev: “Elektron mediada xəbərin dəqiqləşdirilmədən verilməsi artıq adi hala çevrilib”
Sayt çoxluğu keyfiyyəti aşağı salır
Azər Həsrət: “Saytlarla bağlı qanuni tənzimləmələrə ehtiyac var”
İlham Quliyev: “Elektron mediada xəbərin dəqiqləşdirilmədən verilməsi artıq adi hala çevrilib”
İlham Quliyev: “Elektron mediada xəbərin dəqiqləşdirilmədən verilməsi artıq adi hala çevrilib”
Məmməd Gülməmmədov: "Ləngliyin səbəbi isə reklam bazarı və sponsorun olmamasıdır”
(Əvvəli ötən sayda)
Azərbaycan internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra ilk internet media resursları yaranıb. Hazırda ölkədə yüzlərlə xəbər saytları, portallar, agentliklər fəaliyyət göstərir. Amma onlardan təxminən yarısının fəaliyyətini internet media üçün qəbul olunan parametrlərə uyğun hesab etmək olar. Müasir Azərbaycan mətbuatının yeni, sürətlə inkişaf edən bir qolu sayılan internet medianın özünəməxsus problemləri var.
Vurğuladığımız kimi Azərbaycanda elektron media özünün ciddi təşəkkül mərhələsindədir. Ona görə də keçilmiş mərhələlərlə yanaşı, həll olunmamış xeyli problemlər qalmaqdadır. Ekspertlərə görə, ən ciddi çatışmazlıq internet media ilə bağlı qanunvericilik bazasının tamamlanmamasıdır. Hazırda internet mediasının fəaliyyətinin kommersiya, yaradıcılıq təşkilatı, yoxsa KİV olduğu tam təsbit edilməyib. Onların fikrincə, bu məsələ həllini tapsa, internet mediası sahəsindəki pərakəndəlik və hüquqi boşluqlardan sui-istifadə halları da azalar.
Digər problemlər isə internet mediası üçün uyğun kadrların hazırlığının ardıcıl şəkildə aparılmaması, internetlə təminat, tariflər, reklam təminatı və s.-dir. Araşdırmaçılara görə, digər ciddi problem saytların yarış bəhsəbəsinə qoşulmasıdır. Bu yarış 100 metrə qaçmaq təcrübəsi olan, bundan artığına gücü, nəfəsi çatmayan idmançının marafon yarışına qatılmasına bənzəyir. Aydındır ki, idmançı yarıyolda qalacaq, mənzil başına çatmayacaq. Azərbaycanın internet mediasına aid olan resursların çoxu da bu durumdadır. Başları yarışa qarışıb, lakin intellektual səviyyə unudulub, peşə etikası arxa plana keçib.
Əksər saytlar hansısa xəbəri digərindən daha tez yaymağa çalışır, ancaq xəbər sonra ya növbə ilə təkzib edilir, ya da daha pisi baş verir, portallar yalan xəbəri tirajlamaqda davam edirlər. Ekspertlərin fikrincə, Azərbaycanda internetin texniki, iqtisadi şərtləri, infrastrukturu ilə bağlı da ciddi problemlər mövcuddur. Eyni zamanda bu sahədə mühüm problemlərdən biri də müəlliflik hüquqlarının qorunmamasıdır. Mətbuat etikasının gözlənilməsi internet mediada başqadır. Burada xəbəri asanlıqla oğurlamaq, xəbərin mənbəyinin dəyişilməsi, danmaq yolu xəbəri mənimsəmək olur. Bütövlükdə internet media yazılı KİV-dən fərqli olaraq, daha dəqiq və sürətli olmalıdır.
Xatırladaq ki, Azərbaycanda internet medianın tənzimlənməsi ilə bağlı qanunvericilikdə ciddi problemin olmadığını düşünənlər də var. Onlar hesab edirlər ki, sözügedən sahənin məzmun baxımından tənzimlənməsi üçün hər hansı qanunvericilik təşəbbüsünə ehtiyac yoxdur. Sadəcə olaraq, mövcud olan qanunları müəyyən qədər inkişaf etdirmək lazımdır. Çünki ölkədə internet mediasının məzmun baxımından tənzimlənməsi ilə bağlı qanunvericilik bazasını yetərli hesab etmək olar. "KİV haqqında” qanunda medianın digər subyektlərinə aid edilən tənzimləmə internet mediasına da aiddir. Məsələn, hansısa özəl məlumatı yaymaq və ya kimisə təhqir etmək qəzet üçün hansı hüquqi məsuliyyətdirsə, internet saytı üçün də həmin məsuliyyəti yaradır. Hər şeyə rəğmən son illərdə Azərbaycanda internet medianın xeyli inkişaf etdiyini inkar etmək olmaz.
Ötən müddət ərzində yüzlərlə xəbər saytları yaradılıb. Əldə edilən müəyyən nailiyyətlərlə yanaşı, çatışmazlıqların olması da danılmazdır. Tez-tez gündəmə gətirilən tənqidlərdən də görünür ki, nələrsə yolunda getmir.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, saytların çoxluğu həm yaxşıdır, həm də pis:
"Yaxşıdır ona görə ki, ölkədə media plüralizmi qazanır. Pisdir ona görə ki, çoxluq olan yerdə keyfiyyət arxa plana keçir. Ümumilikdə götürəndə, onlayn medianın əsas problemi müəllif hüquqları, keyfiyyətsiz jurnalistika və onlayn etikaya əməl edilməməsilə bağlıdır. Bu üç məsələ hər gün bizim gözümüzün qarşısında cövlan edir və onun önünü kəsə biləcək üsulları tətbiq edə bilmirik. Yəni onlayn media bolluğu ciddi media probleminə çevrilib”. A.Həsrət bildirib ki, saytlarla bağlı qanuni tənzimləmələrə də ehtiyac var: "Bunun üçün ilk addım olaraq Mətbuat Şurasını Media Şurası kimi yenidən təşkil etmək lazımdır. Ondan sonra Media Şurası bu sahənin tənzimlənməsi üçün zərurət olduqca təşəbbüslər irəli sürə bilər”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev "Şərq”ə açıqlamasında bəyan edib ki, son illər Azərbaycanda internet mediası inkişaf etməkdədir. Onun fikrincə, elektron media əsas xəbər daşıyıcısına çevrilib:
"İnsanlar ölkədə və dünyada baş verən hadisələr haqda məlumatları əsasən elektron media vasitəsilə alırlar. Sosial şəbəkələr isə insanlarla internet media arasında vasitəçi funksiyasını yerinə yetirir. Bu da oxucu kontingetinin daha da artmasına səbəb olur. Bununla belə, bu sahədə problemlərin olduğu göz qabağındadır. İlk növbədə elektron mediada xəbərin dəqiqləşdirilmədən verilməsi artıq adi hala çevrilib. Diqqət yetirsək görərik ki, son vaxtlar elektron media neçə-neçə tanınmış şəxsləri diri olduğu halda "öldürüb”, hətta "dəfn edib”. Baş redaktor bildirib ki, bəzən sosial şəbəkədə hansısa təsadüfi profildə yazılan məlumat xəbər kimi təqdim edilir: "Bu isə yanlışlıqlara, ümumilikdə medianın gözdən düşməsinə səbəb olur. Əfsuslar ki, prosesə nəzarət mexanizmi yoxdur. Əvvəllər dəqiqləşdirilməmiş məlumatlarla, hətta təhlükəsizlik məsələləri ilə bağlı da belə səhvlər edilirdi. Şükür olsun ki, bu istiqamətdə dövlət orqanları və Mətbuat Şurasının apardığı işlər artıq bəhrəsini verməyə başlayıb”.
Ekspertə görə, elektron mediada şəxsi məlumatların mühafizə olunması ilə bağlı da ciddi problemlər var:
"Bəzən baş vermiş hansısa hadisə dramatikləşdirilir. Zərərçəkənin, elə hadisədə günahlandırılan şəxsin və onun yaxınlarının həyatı üçün ciddi problem yarada biləcək səhvlərə yol verilir. Təqsirsizlik prezumpsiyası kobud şəkildə pozulur. Digər tərəfdən, internet media populyarlaşandan redaktə işi arxa plana keçib. İndi hansısa saytda yaxşı redaktə olunmuş yazı oxuyanda sevinirik. Bəzən müxbir iştirak etdiyi tədbirdən məlumatı redaktorun iştirakı olmadan yazır və özü sayta yerləşdirir. Təbii ki, belə olan halda xəbərin redaktə problemi olur. Ümumiyyətlə, elektron mediada xəbərin operativliyi, birinci verilmək istəyi digər məqamları arxa plana keçirir. Nəticədə, yuxarıda qeyd etdiyimiz problemlər yaşanır. Bu baxımdan hesab edirəm ki, sayt rəhbərləri işə daha məsuliyyətlə yanaşmalıdırlar. Nə qədər strateji və məsuliyyətli bir işlə məşğul olduqlarının məsuliyyətini anlamalıdırlar”.
"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov isə vurğulayıb ki, əslində dünyanın hər yerində sarı mətbuat və qeyri-ciddi xəbər oxucuları həmişə üstün olub:
"Bu, Avropada da belədir, digər ölkələrdə də. Azərbaycanda internet media yeni-yeni yarandığı üçün müəyyən problemlərin olacağı, nələrinsə düz getməyəcəyi qaçılmazdır. Hazırda internet mediamız inkişaf etməkdədir. İnkişaf xətti üzrə hərəkət davam edir. Proses ləng olsa da, ümumi tərpəniş var. Ləngliyin səbəbi isə reklam bazarı və sponsorun olmamasıdır. Pul olan yerdə inkişaf da var, inkişafa təkan da var. Amma təəssüflər olsun ki, internet mətbuatın reklam bazarı hələ də tam formalaşmayıb. Əgər bazar tam formalaşarsa, internet saytlar reklamdan normal vəsait əldə edərsə, mövcud durum dəyişər”.
Baş redaktor saytların çoxalmasına normal münasibət sərgiləyib:
"Birincisi, rəqabət şəraiti yaranır ki, bu da inkişafın birinci amilidir. Əgər rəqabət olmasa, passivlik hökm sürər. İkincisi, yeni saytların açılması yeni iş yerlərinin yaranması deməkdir. Üçüncüsü, dünyada mətbuat bu gün elektronlaşır, xəbərləşmədə sürətlənmə var. Dünyanın istənilən nöqtəsində baş verən hadisəni, xəbəri bilmək, izləmək üçün televiziyalardakı xəbər saatlarını gözləmək lazım deyil. İnternet xəbər portalları bu barədə oxucunu anında məlumatlandırır. Bu gün müasir dünyanın ən böyük bizneslərindən biri xəbər biznesidir. Çox istərdim ki, gələcəkdə dünyanın və qonşu ölkələrin xəbər portalları Azərbaycan internet mediasından xəbər alsınlar, məlumat istəsinlər. Əlbəttə, hazırda bu təcrübə var. Sadəcə bu təcrübənin kütləviləşməsini istəyirik. İstər Türkiyə, istər Rusiya, istərsə də Qərb mətbuatı bizdən xəbər ala bilər. Bunun üçün müəyyən müqavilələr imzalanmalı, qarşılığında normal qonorar tələb olunmalıdır. Əldə edilən məbləği saytın ümumi inkişafına yatırmaq daha məqbul sayılar”.
M.Gülməmmədov bildirib ki, hazırda Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının fəaliyyətindən razıdır:
"Təbii ki, söhbət ciddi xəbər saytlarından gedir. İstər dizayn, istər xəbərin konteksti, istərsə də onu oxucuya təqdim etmə üsullarını təqdir edirəm. Şübhəsiz, burada bəzi istisnalar var. Elə saytlara rast gəlirik ki, adi xəbərə elə başlıq qoyurlar ki, sanki dünyanın axırıdır. Amma xəbərin içini açıb baxanda məlum olur ki, başlıqla mətn biri-birinə daban-dabana ziddir. Yaxşı olardı ki, redaktorlar başlıq seçəndə heç olmasa xəbərin mətni ilə yaxından tanış olaraq uyğun başlıq çıxarsınlar. Narazı olduğum məqam başlıqla oxucunu aldatmaqdır. Tutaq ki, uzaq Cibituda hansısa dəhşətli hadisə baş verib. Müəyyən xəbər saytları elə başlıq yazırlar ki, hadisənin Azərbaycanda olduğu anlaşılır. Amma xəbərin içini oxuyanda məlum olur ki, söhbət Cibitudan gedir. Bəlkə də o xəbərə başlıq verənlərin bəzisi heç xəritədə Cibitunun yerini bilmirlər. Amma oxucunu aldatmaqla İP yığırlar. Bu isə xoş hal deyil. Bir neçə dəfə aldanan oxucu həmin xəbər portalından üz döndərə bilər. Düşünürəm ki, növbəti illərdə Azərbaycan internet mətbuatında reklam bazarı formalaşacaq və nəticədə xəbər portalları daha da inkişaf edəcək. Biz inkişaf etməliyik, inkişaf etməmək, yeniliklərdən qaçmaq məhvə sürükləyən əsas faktordur”.
(davamı var)
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb