Bu gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. Bu turda mübarizə hakim "Gürcü Arzusu”nun dəstəklədiyi Salome Zurabişvili və müxalifətin "Güc birlikdədir” blokunun namizədi Qriqol Vaşadze arasında baş tutacaq. Seçkilər həm Saakaşvili-İvanişvili, həm də Rusiya-Qərb qarşıdurması kimi xarakterizə olunur. Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib ki, hakimiyyət prezident seçkilərinin ikinci turunun tam demokratik, şəffaf və azad keçirilməsi üçün bütün lazımi tədbirləri görüb: "Hər bir seçicinin səsi qorunacaq.
Bu, Gürcüstan hökumətinin qarşıya qoyduğu siyasi iradədir”. O deyib ki, seçki günü ölkədə qeyri-iş günü elan edilib: "Bütün vətəndaşlarımızı səsvermədə fəal iştirak etməyə, öz qəlblərinin səsinə qulaq asıb, istədikləri namizədə səs verməyə dəvət edirəm”.
Baxtadze, eyni zamanda, vətəndaşları qanunun tələblərinə riayət etməyə, qanun pozuntusuna yol verməməyə çağırıb. Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Anna Mikeladze də bildirib ki, ölkə prezident seçkilərinin ikinci turuna tam hazırdır. Onun sözlərinə görə, bütün seçki məntəqələri tam hazırlıq vəziyyətinə gətirilib:
"Ölkə üzrə 3 min 703 və xarici ölkələrdə 55 seçki məntəqəsi yaradılıb. Seçki bülletenləri dairə seçki məntəqələrinə çatdırılıb. Bütün məntəqələr səhər saat 8:00-da açılacaq və səsvermə başlayacaq. Səsvermə Gürcüstanda yerli vaxtla saat 20:00-da, xarici ölkələrdə isə saat 24:00-da başa çatacaq. MSK-nın məlumatına görə, ümumi seçicilərin sayı 3 milyon 528 min 658 nəfərdir. Səsvermənin gedişini seçici subyektlərinin 17 min nəfər nümayəndəsi, 48 min 500 yerli və 1300 beynəlxalq müşahidəçi izləyəcək. Eyni zamanda, səsvermənin gedişini 2300 yerli və xarici mətbuat nümayəndəsi izləyəcək”. MSK rəsmisi də bütün seçiciləri səsvermədə fəal olmağa çağırıb.
Qonşu ölkədəki seçkini "Şərq”ə şərh edən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, seçki ilə bağlı dəqiq proqnoz vermək çox çətindir. Ancaq bilinən reallıq odur ki, ikinci turda namizədlərin nəticələri arasında fərq çox az olacaq:
"Gürcüstanda prezident seçkisinin birinci turu çoxları üçün təəccüb doğurmuşdu. Çünki müxalif namizəd Qriqol Vaşadzenin səsi yüksək çıxmışdı. Birinci turdan sonra da Vaşadzenin qalib olmaq şansı çoxalıb. Buna səbəb müxalif blokun namizədini dəstəkləyən adamların sayının çox olması, Zurabişvilinin isə nisbətən zəif bənd təsiri bağışlamasıdır. Hamı yaxşı bilir ki, seçki mübarizəsi Bidzina İvanişvili və Mixail Saakaşvili arasında gedir. İvanişvili Gürcüstanda hakimiyyətini əldən buraxmaq istəmir. Elə xalqın əsas seçimi də namizədlər timsalında məhz bu iki tərəf arasında gedəcək. Bilirsiz ki, gürcü hökuməti vətəndaşların banka olan borcunu silib. Məncə, bu qərar seçkinin nəticələrinə təsir edəcək”.
İsmayıl