Seçkilərə işsizlər, fəhlələr daha çox qatılıblar

Əliməmməd Nuriyev: “Digər namizədlərdən pul qoparmaq üçün seçkiyə gedənlər də var”
Parlament seçkisi ilə bağlı namizədliyi qeydə alınanların çoxu keçmiş deputatlardır. Ancaq iddialı namizədlər arasında xeyli yeni simalar da var. Araşdırmalar onu göstərir ki, deputat olmaq istəyənlər təkcə siyasətçilər deyil. Şair, müğənni, artist, iqtisadçı, müəllim, jurnalist və hətta fəhlələr də parlamentə düşmək həvəsindədir.
Diqqət çəkən məqam isə ondan ibarətdir ki, deputat olmaq istəyənlər arasında işsiz-gücsüz adamlar da çoxdur. MSK-nın saytında qeyd olunan məlumatlara əsasən, hazırda 110-a yaxın işsiz şəxs deputatlığa namizəddir. Ən çox işsiz namizəd 70 saylı Masallı Şəhər Seçki Dairəsində qeydə alınıb. Belə ki, bu dairədən 5 nəfər işsiz şəxs mandat uğrunda mübarizə aparacaq. Seçki marafonuna işsizlərlə yanaşı, fermerlər və qəribə səslənsə də, fəhlələr qatılıb.
Müxtəlif peşə sahiblərinin və xüsusən işsizlərin parlamentdə təmsil olunmaq istəyini dəyərləndirən "Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, istənilən deputatlığa namizəd ictimai nüfuza və maddi-insani resurslara malik olmalıdır: "Fəhlələrin və işsizlərin reklamı, təbliğatı güclü ola bilməz. Seçkiyə qatılan şəxslərin elə platforması olmalıdır ki, onlar təbliğatlarını qura, özlərini seçicilərə tanıda və onları səsverməyə çağıra bilsinlər. Əgər imkanlar yoxdursa və ya yetərincə deyilsə, şübhəsiz ki, həmin şəxs rəqiblərinə uduzacaq. Amma bizim qanunvericiliyimizdə bu kriteriyalar nəzərə alınmır”.
Hüquqşünas bildirib ki, bəzi adamlar seçkidə iştirak etməklə özlərini tanıdacaqlarını düşünürlər: "Kimlərsə piarını qurmaq üçün seçkiyə qatılır. Bəziləri isə sadəcə "qonşudan geri qalmamaq üçün” bu prosesə qoşulur. Hətta digər namizədlərdən pul qoparmaq üçün seçkiyə gedənlər də var. Ya da hansısa favorit namizədlər marafonda özlərinə alternativ "rəqiblər” yaradırlar. Yəni bir sıra adamlara pul verərək öz dairələrindən "kloun namizədlər” irəli sürürlər. Bununla da seçkidə alternativ mübarizə görüntüsü formalaşdırırlar. Çünki alternativsiz dairədə seçki baş tutmamış sayılır”.
Ə.Nuriyevin sözlərinə görə, parlament nə qədər peşəkar olarsa, mühüm dövlət institutu kimi bir o qədər ciddi fəaliyyət göstərər: "Xüsusən, indiki məqamda Azərbaycan parlamentinin daha peşəkar və keyfiyyətli tərkibə malik olması vacibdir. Milli Məclisin üzvləri həm ölkə daxilində, həm də xaricdə siyasi rəqabətə davamlı olmalıdır”.
İsmayıl