“Baş verənlər Sarkisyanın baş nazir olmaq üçün qurduğu oyunlardır”
Ötən gün Ermənistanda prezident seçkiləri keçirilib. Ölkə tarixində ilk dəfə olaraq dövlət başçısı ümumxalq seçkisi ilə yox, parlamentdəki səsvermə ilə seçilib.
Ermənistan Milli Məclisi ölkənin dördüncü prezidentini seçib. Ölkənin növbəti prezidenti Ermənistanın Böyük Britaniyadakı sabiq səfiri, 1996-1997-ci illərdə baş nazir postunu tutmuş Armen Sarkisyan olacaq. Sarkisyanın namizədliyini "Ermənistan Respublika” partiyasının 65 deputatı və "Daşnaksütyun” partiyası irəli sürüb. Təklifi isə indiki prezident Serj Sarkisyan verib. Parlamentdə Armen Sarkisyanın namizədliyinin lehinə 90, əleyhinə isə 10 nəfər səs verib. Məlumat üçün bildirək ki, Ermənistan konstitusiyasında edilən dəyişikliklərə əsasən, bu ilin aprel ayından etibarən ölkə tamamilə parlament idarəetmə formasına keçəcək. Serj Sarkisyanın prezident səlahiyyəti isə aprelin 8-də başa çatacaq.
Düşmən ölkədəki prosesləri "Şərq”ə dəyərləndirən siyasi ekspert Mübariz Əhmədoğlu deyib ki, Armen Sarkisyan aprelin 8-də prezidentlik vəzifəsinin icrasına başlayacaq. Ekspert bidirib ki, Serj Sarkisyanın prezidentlik müddəti başa çatdıqdan sonra parlament ölkənin baş nazirini seçəcək: "Çox güman ki, indiki prezident Serj Sarkisyan baş nazir olacaq. Əlsində Ermənistanın özünəxas seçki ənənəsi var. Düşmən ölkədə seçki prosesində hansısa qayda-qanun gözlənilmir. Nə istəsələr, onu da edirlər. Ermənistan konstitusiyasına görə, prezidenti parlament seçməməli idi. Seçki ümumxalq səsverməsi ilə keçirilməli idi. Amma Sarkisyan seçkinin parlamentdə keçirilməsində maraqlı olduğu üçün seçki Milli Məclisdə oldu. Yeni prezident Armen Sarkisyan 6 il ərzində Ermənistanda yaşamadığı üçün namizədliyi keçərli deyildi. Heç rəsmən Ermənistan vətəndaşı da deyil. Lakin qanunsuz seçki yolu ilə onu prezident seçdilər. Ermənistan xaricdən kim nə desə, ona qulaq asır”. Analitik bəyan edib ki, bütün bunlar Sarkisyanın baş nazir olmaq üçün qurduğu oyunlardır: "Yeni prezident ən səlahiyyətsiz şəxs olacaq. Hətta prezident Təhlükəsizlik Şurasının üzvü də ola bilməyəcək. Yəni hər şeyi Sarkisyan özü həll edəcək. Ona görə də indi onu monarx baş nazir adlandırırlar”.
İsmayıl